EN

Hindistan “Akash”ı Ermənistanda: Bu silahlanma Azərbaycanın səbir kasasını daşıra bilər

Hindistan ilk "Akash" raketlərini Ermənistana göndərib.

Bakıvaxtı.az-ın məlumatına görə, Müdafiə Araşdırmaları və İnkişafı Təşkilatı tərəfindən hazırlanmış və Bharat Electronics Limited (BEL) tərəfindən istehsal olunan “Akash”, 25 km məsafədə döyüş təyyarələrini, raketləri, pilotsuz təyyarələr və digər hava aparatlarını vura bilən yer-hava raketidir.

Bəs görəsən, Hindistanın Ermənistana hərbi dəstəyi yeni müharibəyə hazırlıq sayıla bilərmi? Ümumiyyətlə, Ermənistan Azərbaycanla yenidən müharibə edə bilərmi?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, 44 günlük Vətən müharibəsi və sonrakı 4 ildə ağır məğlubiyyətlərə məruz qalan Ermənistan hazırda müxtəlif ölkələrdən, o cümlədən Hindistandan da silah dilənməkdə davam edir:

"Hindistan silahları heç bir hərbi münaqişənin gedişatına təsir etmək imkanına malik olmayıb. Əksinə 70 milyard dollarlıq hərbi büdcəsi olan Hindistan daim özündən dəfələrlə kiçik imkanlara malik olan ölkələrə silah idxal edib”.

Müsahibimiz qeyd edib ki, Ermənistan əvvəlki illərdə də müxtəlif ölkələrdən daha çox hava hücumundan müdafiə sistemləri əldə edib. Lakin Azərbaycan Silahlı Qüvvələri bu hava hücumundan müdafiə sistemlərinin 60 faizini müharibənin ilk günündə sıradan çıxarıb.

Ə.Verdiyev bildirib ki, Hindistanın Ermənistana verməyə hazırlaşdığı "Akash" raketləri əsasən orta yüksəklikdə hücum edən hava hədəflərini məhv etmək gücünə malikdir:

“Bu komplekslərdən obyektlərin və quru qoşunlarının hava hücumundan müdafiəsində istifadə olunur. Eyni sinifə və xüsusiyyətlərə malik olan hava hücumunda müdafiə sistemləri Ermənistanda əvvəllər də olub. Lakin bu silahlar heç bir halda Ermənistan qoşunlarını və səmasını müdafiə edə bilməyib".

Ədalət Verdiyev: Ermənistan silahlanmaq əvəzinə, Azərbaycanın tələb və təkliflərə diqqət etsin

Ekspertin fikrincə, Ermənistanın sözügedən silahları Hindistandan almasının əsas səbəbi 44 günlük Vətən müharibəsi zamanı darmadağın vəziyyətə düşən hava hücumundan müdafiə sistemini qismən bərpa etməkdir.

"Ermənistanın səması hələ də açıq vəziyyətdədir və müdafiə məsələsində böyük boşluqlara malikdir. Ermənistan hazırda bu istiqamət üzrə müəyyən addımlar atmağa məcburdur. Lakin Hindistan silahları Ermənistan üçün effektiv nəticə verəcəyi gözlənilən deyil. Yaxşı olar ki, Ermənistan silahlanmaq əvəzinə, Azərbaycan tərəfindən səslənən tələb və təkliflərə diqqət etsin. Məğlub tərəf olaraq, öz üzərinə düşən öhdəlikləri yerinə yetirsin. Əks halda Ermənistanı böyük faciələr gözləyir. Paşinyan bəzi Qərb ölkələri tərəfindən Azərbaycana qarşı müharibə hazırlıqlarına son qoymaqlıdır. Əks halda bu silahlanma Azərbaycanın səbir kasasını daşıra bilər", - deyə Ədalət Verdiyev vurğulayıb.

Gülşən Şərif

Chosen
36
bakivaxti.az

1Sources