EN

Kiçik ada dövlətlərinin də səsi eşidiləcək -ANALİZ

Azərbaycan onların problemlərini dünyaya çatdırmaqla bağlı öz üzərinə düşən missiyanı uğurla yerinə yetirə bildi

“Ola bilsin ki, COP29 başa çatana kimi kiçik ada dövlətlərinə dəstəklə bağlı hansısa ümumi anlaşma əldə olundu”


  İştirakçıların sayına və dövlətləri əhatə etməsinə görə BMT-nin ən böyük tədbiri hesab olunan İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) uğurla davam edir. Konfransın Mavi zonası ötən günlərdə olduğu kimi, dünən də mühüm iqlim problemlərinin müzakirə məkanına çevrilib. 
Bakıda keçirilən COP29 dünya üçün əhəmiyyətli cəhətlərindən biri də məhz qlobal iqlim dəyişmələrinin ağır fəsadlarından əziyyət çəkən inkişaf etməkdə olan ölkələrin, xüsusən də ada dövlətlərinin problemlərinin aradan qaldırılması istiqamətində qərarların qəbul edilməsi və onlara praktik kömək göstərilməsidir. Ötən gün COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitinin keçirilməsi də elə bu məqsədə xidmət edirdi. Sammitdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Azərbaycan COP29-a ev sahibi olduqdan sonra inkişaf edən kiçik ada dövlətləri ilə münasibətlərimiz yeni, daha yüksək səviyyəyə qalxıb və həmin ölkələrin üzləşdiyi çağırışların aradan qaldırılması da COP29-da Azərbaycanın göstərdiyi səylərin əsasını təşkil edir.
  Dövlət başçısı COP29 kimi mötəbər bir tədbirin yüksək kürsüsündən bəyan etdi ki, kiçik ada dövlətlərinin səsi qlobal arenada eşidilməlidir. İnkişaf etmiş bütün ölkələr, xüsusən də müstəmləkəçilik keçmişi olan ölkələr kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstərməlidir ki, onlar öz ölkələrini iqlim dəyişmələrinin fəsadlarından qoruya bilsinlər. 
Qeyd edək ki, qlobal iqlim dəyişmələrinin baş verməsində və hava çirklənməsində əsas günahkar olan böyük dövlətlərdən fərqli olaraq Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir. Bu istiqamətdə həmrəylik göstərmək, əslində, bütün dünya birliyinin mənəvi borcudur. Qlobal iqlim dəyişmələrinin fəsadlarına qarşı birgə mübarizə aparmaq üçün indi hamının həmrəyliyinə ehtiyac var.
  
Siyasi şərhçi Elvin Baxşalıyev də “Sherg.az"a açıqlamasında deyib ki, COP29 çərçivəsində qaldırılan əsas məsələlərdən biri inkişaf etməkdə olan kiçik ada dövlətlərinin üzləşdikləri problemlərin həlli yollarının tapılması idi:

 “13 noyabr tarixində bu mövzuda xüsusi sammit keçirildi. Sammitdə BMT baş katibi, Prezident İlham Əliyev və digər nüfuzlu rəsmi şəxslər iştirak edirdi. Kiçik ada dövlətlərini təmsil edən bir neçə rəsmi şəxs öz çıxışlarında ölkələrində və qlobal miqyasda tüğyan edən problemləri dilə gətirdilər. Bu problemlərin həlli istiqamətində geniş müzakirələr baş tutdu. Ada dövlətləri rəsmilərindən bir neçəsi sammitdə yaradılan şəraitə görə Prezident İlham Əliyevə təşəkkür etdi.  Prezident Əliyev də sammitdə geniş çıxış ilə yadda qaldı. Prezident xüsusilə Sakit Okean və Karib dənizində yerləşən kiçik ada dövlətlərinin problemlərinə diqqət çəkdi. Bu kiçik ölkələrin əksəriyyətinin hələ də müstəmləkəçilikdən qurtulmadığını diqqətə çatdırdı. Fransa və Niderlandı ada dövlətlərinə qarşı ədalətsiz münasibətdə ittiham etdi. Prezident Əliyev Azərbaycanın bir çox ada dövlətinə maliyyə yardımı etdiyini və bu dəstəyin davam edəcəyini açıqladı. Ada dövlətlərinin səsinin qlobal miqyasda eşidilməsi üçün bir çox işlərin görülməli olduğunu vurğuladı. Ev sahibi kimi Azərbaycanın kiçik ada dövlətlərinin problemlərinə bu şəkildə diqqətli yanaşması ümidləri artırır. Ola bilsin ki, COP29 başa çatana kimi kiçik ada dövlətlərinə dəstəklə bağlı hansısa ümumi anlaşma əldə olundu. Bu baş verməsə belə, rəsmi Bakı COP29 çərçivəsində kiçik ada dövlətlərinin problemlərini dünyaya çatdırmaqla bağlı öz üzərinə düşən missiyanı uğurla yerinə yetirə bildi”.
 
 Müsahibimiz onu da qeyd edib ki, İlham Əliyevin çıxışında Fransanın ada dövlətlərinə qarşı qeyri-humanist siyasəti də ciddi tənqid hədəfinə çevrilib: 
“Cənab Prezident bildirdi ki, Fransanın dırnaqarası “dəniz əraziləri”ndə törətdiyi cinayətlər siyahısı, rejimin bu yaxınlarda yol verdiyi insan hüquqları pozulmalarını qeyd etməsək, tam olmazdı. Azərbaycan lideri həmçinin Makronu Fransadakı bütün siyasi məhbusların dərhal azad edilməsinə çağırdı. Azərbaycan Prezidenti həmçinin Fransanın apardığı nüvə sınaqlarının da qlobal iqlim dəyişmələrinin baş verməsində ağır mənfi rol oynadığını və bunun ada dövlətlərində ətraf mühitin pozulmasına səbəb olduğunu Sammit iştirakçılarının nəzərinə çatdırdı”.

Chosen
129
25
sherg.az

10Sources