EN

Fransanı COP29-a qarşı qəzəbləndirən obyektiv tənqid...

Image

Ramil Hüseynov: “Bu, açıq-aşkar ikili standartların təzahürüdür və qəbuledilməzdir”

Fransanın ekologiya naziri Anye Runaşe Azərbaycana səfərindən imtina edib. Fransa Senatında çıxış edən Anye Runaşe Bakıya səfər planlaşdırdığını, amma Prezident İlham Əliyevin ölkəsinə qarşı sərt tənqidlərindən sonra Azərbaycana getməmək qərarı verdiyini bildirib. 

Runaşe utanmadan deyib ki, bu tənqidlər cavabsız qalmayacaq: “COP29-un açılışında Prezident Əliyevin Fransa və Avropaya qarşı söylədiyi fikirlər qəbuledilməzdir. Ölkəmizə, onun qurumlarına və ərazilərinə qarşı birbaşa hücumlar əsassızdır. Bu hücumlar UNFCCC davranış kodeksinin açıq şəkildə pozulmasını təşkil edir, ona görə cavabsız qalmayacaq. Müzakirədən sonra Prezident və Baş nazirlə razılaşaraq Bakıya getməyəcəyəm”.

Prezident Əliyev həmin çıxışında deyib ki, əsrlər boyu Paris kiçik ada dövlətlərinin təbii sərvətlərini talan etdiyi kimi, əhalisinə də zülm edib və zülm etməyə davam edir: “Yeni Kaledoniyada qanuni etirazların 100-dən çox iştirakçısını öldürən Prezident Makron rejiminin cinayətlərini və mindən çox adamın həbs olunduğunu yada salmasaq, Parisin cinayətləri bununla məhdudlaşmır. Qvadelupa və Martinikada da kütləvi həbslər baş verib”.

Əslində Prezident Əliyevin səsləndirdiyi tənqidi fikirlər reallığa söykənir. Belə baxanda Əliyev nəyi düz deməyib ki?

“Fransanın ekologiya naziri COP29-a gəlməkdən imtina etməkdənsə, bu reallıqlarla barışsa daha yaxşı olar”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynovun fikrincə, Fransanın bu addımı qəbuledilməzdir: “Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər faktlara və tarixi əsaslara söykənir. Fransanın ekologiya naziri bildirir ki, buna görə Azərbaycana gəlməyəcək, COP29-da iştirak etməyəcək. Bu, açıq-aşkar ikili standartların təzahürüdür və qəbuledilməzdir. Söz, mətbuat azadlığından ən çox dəm vuran Fransa niyə tənqidə bu dərəcədə dözümsüz yanaşır? Məgər deyilənlər baş verməyib? Fransa qədər müstəmləkələrdə yerli xalqlara divan tutan ikinci dövlət təsəvvür etmək çətindir. Fransa faktiki olaraq bir sıra xalqlara qarşı soyqırım aparıb. Əlcəzairdə 1,5 milyon nəfər soyqırıma məruz qalaraq öldürülüb. 1994-cü ildə Fransa Ruandada 800 min nəfərə yaxın ölkə sakininin qətlə yetirilməsinə bais olub. Hazırda dənizaşırı adalarda Fransanın beynəlxalq hüququ necə kobudcasına pozduğunu bütün dünya görür. Ona görə də, Fransanın ekologiya naziri Anye Runaşe COP29-a gəlməkdən imtina etməkdənsə, bu reallıqlarla barışsa daha yaxşı olar. Fransa COP29-u boykot etməklə nəyəsə nail ola bilməyəcək. Ən azından ona görə ki, konfransa olan böyük maraq və diqqət ortadadır”.

Vidadi ORDAHALLI





Chosen
38
50
baki-xeber.com

10Sources