EN

Azərbaycanda 48,3 milyard manatlıq alış-veriş - 3,7 FAİZ ARTIB

2024-cü ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 48 milyard 343 milyon manatlıq, o cümlədən 26 milyard 472,8 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 21 milyard 870,2 milyon manatlıq qeyri-ərzaq malları satılmışdır.

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2023-cü ilin yanvaroktyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,9 faiz, qeyri-ərzaq malları üzrə 5,9 faiz artmışdır.

2024-cü ilin yanvar-oktyabr aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,5 faizi ərzaq məhsullarının, 4,3 faizi içkilər və tütün məmulatlarının, 14,2 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,8 faizi avtomobil benzini və dizel yanacağının, 5,0 faizi elektrik malları və mebellərin, 2,1 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,2 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,9 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.

Hesabat dövründə qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,7 faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7 faizini təşkil etmişdir.

2023-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2024-cü ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 9,6 faiz, fərdi sahibkarlar üzrə 0,7 faiz, bazar və yarmarkalarda 3,0 faiz artmışdır.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 473,9 manatlıq, o cümlədən 259,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 214,4 manatlıq qeyri-ərzaq malları almışdır. 

Chosen
4
7
marja.az

10Sources