EN

Son illərdə Azərbaycan görünməmiş sayda daşqınlarla üzləşib, istilik dalğaları çoxalıb - Umayra Tağıyeva

Son illərdə Azərbaycan görünməmiş sayda daşqınlarla üzləşib. Ötən il bizdə 147 hadisə qeydə alınıbsa, bu ilin ötən dövründə onların sayı artıq 109-dur. İqlim Dəyişmələri üzrə Hökumətlərarası Panelin son hesabatlarında istilik dalğalarının tezliyində və müddətində artım qeyd olunur. Azərbaycanda da istilik dalğaları çoxalıb.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva COP29-da "Dayanıqlılığın artırılması üçün iqlim məlumatının və Təhlükəli Erkən Xəbərdarlıq Sistemlərinin gücləndirilməsi" üzrə yüksəksəviyyəli tədbirdə çıxışı zamanı deyib.

"Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutunun, Səhiyyə Nazirliyinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə tədqiqatları, metodologiyanın işlənib hazırlanması və əlaqələndirilmiş işi yeni növ məhsulun, yəni tibbi-meteoroloji proqnozların və xəbərdarlıqların buraxılması üçün əsas olub.

Bu proqnozlar həm ürək-damar xəstəliklərindən əziyyət çəkən meteohəssas insanlar, həm də bütövlükdə əhali üçün hazırlanıb. İsti dövrdə istilik dalğalarının başlaması barədə erkən xəbərdarlıq istivurma və günvurma diaqnozu ilə təcili yardım çağırışlarının sayını əhəmiyyətli dərəcədə azaltmağa imkan verdi. İsti günlərin sayının artmasına baxmayaraq, əhalinin məlumatlandırılması nəticəsində əvvəlki dövrlə müqayisədə təcili tibbi yardıma müraciətlərin sayı xeyli azalıb", - deyə nazir müavini bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Chosen
11
8
day.az

10Sources