EN

Azərbaycanın mühüm təşəbbüsünü 130 dövlət dəstəklədi...

Image

Mətin Məmmədli: “Real olaraq atəşkəsin bağlanması dövlətlərin iradəsinə bağlıdır”

Hazırda dünyanın bir sıra bölgələrində münaqişələr, müharibələr davam edir. Bu qanlı toqquşmalar dünyamız üçün fəlakətlərə səbəb olur. Bəşəriyyətin gələcəyi naminə qarşıdurmalara son qoymaq və sülhə nail olmaq üçün bütün imkanlardan istifadə olunmalıdır. Bu mənada, Azərbaycanın ev sahibliyi etdiyi COP29 tədbiri yaxşı fürsətdir. 

Müharibənin ən ağır fəsadlarını yaşayan Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra müharibə səhifəsini birdəfəlik bağlamaq və gələcəyə baxmaq əzmindən çıxış edir. Məlumdur ki, COP29 beynəlxalq konfransı başlamazdan öncə Prezident  tədbirin iştirakçılarına müraciət ünvanlayıb. Müraciətdə COP atəşkəsi məsələsi xüsusi vurğulanmışdı. 

Qeyd edək ki, iqlim dəyişikliyi və münaqişələr arasında mövcud əlaqə, iqlim dəyişikliyi nəticəsində meydana gələn qida, su qıtlığı, torpaq deqradasiyası insanların həyat və sağlamlığını təhdid edir. Bu baxımdan, COP29 Sədrliyinin artıq 130 ölkə və ümumilikdə 1200 aktor tərəfindən “Atəşkəs Çağırışı” dəstəklənib. 

Maraqlıdır, 130 dövlətin İqlim Atəşkəsi çağırışını dəstəkləməsinin əhəmiyyəti nədir və bunun tam şəkildə həyata keçməsi üçün başqa nələr edilməlidir? 

“130 ölkənin, 1200 aktorun atəşkəs çağırışını qəbul etməsi  ciddi hadisə kimi dəyərləndirilməlidir”

Siyasi şərhçi Mətin Məmmədli “Bakı-Xəbər”ə şərhində qeyd etdi ki, Azərbaycan tərəfi COP29 tədbirləri zamanı dünyada atəşkəsin elan olunması təklifi ilə çıxış etdi: “Bu da tək bizim regionda deyil, bütövlükdə dünyada sülhün, əminamanlığın yaranmasında nə qədər maraqlı olduğumuzun göstəricisi idi. Artıq 130  ölkə məlum məsələ ilə bağlı mövqeyini bizimlə bölüşür. Hər halda 130 ölkənin, 1200 aktorun atəşkəs çağırışını qəbul etməsi  ciddi hadisə kimi dəyərləndirilməlidir. Ictimai rəyə təsir göstərmək baxımından 130 ölkə və 1200 aktor az rəqəm deyil. Bu, beynəlxalq ictimai rəyin formalaşması və   təsiri baxımından  əhəmiyyətlidir”.

Həmsöhbətimizin sözlərinə görə, real olaraq atəşkəsin bağlanması dövlətlərin iradəsinə bağlıdır: “Düşünmürük ki, biz çağırış etməklə müharibə edən tərəflər silahı yerə qoyub, atəşkəsə nail olacaq. Hər halda, biz üzərimizə düşəni layiqli şəkildə yerinə yetiririk. Bir müddət belə olsa dünyada silah səsi eşidilməz, münaqişələrə fasilə verilər. Qısa müddət ərzində münaqişələr dayansa bu hal həmin prosesin həllinə töhfə verəcək”.

Siyasi şərhçi hesab edir ki, dünyanın sülhə, əminamanlığa ciddi ehtiyacı var. Məlumdur ki, dünyanın müxtəlif regionlarında kəskin münaqişələr baş verir: “Rusiya-Ukrayna, Yaxın Şərq və digər regionlarda olan münaqişələr regional təhlükəsizliyə təhdid yaradır. Bu baxımdan Azərbaycan dövləti çalışdı ki, COP29 tədbiri  dünyada gərginliyin azalmasına xidmət etsin. Təqdirəlayiq haldır ki, xeyli sayda dövlət bizim bu təşəbbüsümüzü dəstəkləyir”.

Günel CƏLİLOVA





Chosen
32
baki-xeber.com

1Sources