EN

Kristiano Ronaldo “Mançester Yunayted”ə müraciət ünvanladı

“Mançester Yunayted”in keçmiş futbolçusu, portuqal ulduz hücumçu Kristiano Ronaldo “qırmızı şeytanlar”a müraciət ünvanlayıb.

Arena.az məlumat verir ki, Ronaldo həmyerlisi, portuqal mütəxəssis Ruben Amorimin “Mançester Yunayted”in baş məşqçisi vəzifəsinə təyin edilməsinə münasibətini açıqlayaraq, “qırmızı şeytanlar”a uğurlar diləyib:

“Mançester Yunayted”ə və Ruben Amorimə dünyanın ən yaxşısını arzulayıram”, deyə Kristiano bildirib.

Xatırladaq ki, Kristiano Ronaldo 2023-cü ilin yanvarında “qırmızı şeytanlar”ın keçmiş baş məşqçisi, niderlandlı mütəxəssis Erik ten Haqla fikir ayrılığı səbəbindən “Mançester Yunayted”dən ayrılaraq, “Əl-Nəsr”ə keçmişdi.

Ruben Amorim Avropanın ən perspektivli çalışdırıcılarından biri hesab edilir. “Sportinq”də Amorim Portuqaliya nəhəngləri “Benfika” və “Portu”ya divan tutan rəqabətəqadir kollektiv təsis edə bilib. Məhz bu amil “Mançester Yunayted”in Ruben Amorimi “qırmızı şeytanlar”a yeni baş məşqçi seçməsində əsas olub.

Noyabrın 11-də portuqal mütəxəssis “qırmızı şeytanlar”ın sükanı arxasında rəsmən fəaliyyətinə başlayıb.

Ruben Amorim məşqçiliyə 2018/2019-cu illər mövsümündə “Kaza Piya” klubunda başlayıb. Bundan sonra gənc portuqal mütəxəssis “Braqa”nın “B” komandasını, ardınca isə əsas komandasını çalışdırıb. 2020-ci ilin mart ayında isə Amorim “Sportinq”in sükanı arxasına keçib. Portuqal mütəxəssisin Lissabon klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvə idi.

Amorim rəhbərliyi müddətində “şirlər”ə 2 dəfə Portuqaliya Premyer Liqasını (2020/2021, 2023/2024), 2 dəfə Portuqlaiya Liqa Kuboku (2020/2021, 2021/2022) və Portuqaliya Super Kubokunu (2021/2022) qazandırıb. Həmçinin Amorim “Braqa” ilə Portuqaliya Liqa Kubokunun (2019/2020) qalibi olub.

Portuqal mütəxəssisin qəbul etdiyi “Mançester Yunayted” Premyer Liqanın 11 turundan sonra yarış cədvəlində 15 xalla 13-cü pillədə qərarlaşıb.

Chosen
49
4
arena.az

10Sources