COP29 çərçivəsində ölkəmizdə səfərdə olan Pakistanın Fövqəladə Halların İdarə edilməsi üzrə Milli Qurumunun sədri general-leytenant İnam Heydər Malikin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Akademiyasında olub.
Nazirlikdən “Qafqazinfo”ya verilən məlumata görə, Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun da iştirakı ilə tədbir keçirilib.
Qonaqlara ali təhsil müəssisəsi haqqında ətraflı məlumat verilib. Akademiyada beynəlxalq əlaqələrə xüsusi diqqət yetirildiyi vurğulanıb, ali təhsil ocağının bir sıra ölkələrin müvafiq təhsil müəssisələri ilə uğurlu əməkdaşlıq etdiyi qeyd olunub.
Qonaqlar Akademiyada fəaliyyət göstərən Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanış olub, konfrans zalı, fənn kabinetləri və kitabxanaya baş çəkiblər.
İnam Heydər Malik FHN-in Akademiyasının və İdman-sağlamlıq klubunun fəaliyyətini yüksək qiymətləndirib, təəssüratlarının müsbət olduğunu deyib, qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.