EN

Ətin qiymətini artıran səbəblər - Çıxış yolu nədir?

“Ət sevən millət olduğumuz üçün qiymət artsa da, ətə olan tələbat azalmır. Dükanımızda ay ərzində təxminən 15 ton ət satırıq”. Bu sözlər qəssab Sərxan İmanova məxsusdur. Azərbaycanın bu ilin yanvar və sentyabr aylarında 41,4 min ton ət idxal etməsinin böyük rəqəm olmadığını düşünür: “Bütün ölkə üzrə 41 min ton ət idxalı çox deyil. Əgər idxal olmasa, ölkədə ətə olan tələbat qarşılana bilməz. Xaricdən ətin gətirilməsi qiymətləri nisbətən tənzimləyir. Yerli istehsalda kənd camaatı qiyməti məcbur qaldırır. Çünki yem çox bahadır. Üstəlik, hər il otun, yemin qiyməti qalxmaqda davam edir. Ötən il bir yonca presini dörd manata alırdıq, bu il yeddi manatdır. Heyvana çəkilən xərc qazancdan çox olur. Bu səbəbdən idxal çoxalsa da, ətin bahalaşması normaldır”.

İdxalda 50 faizdən çox artım

Məlumat üçün bildirək ki, Azərbaycan ət idxalına çəkdiyi xərci 50 faizdən çox artırıb. Bu ilin yanvar-sentyabr aylarında 41,4 min ton ət idxal etmişik. Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bu həcmdə ətin dəyəri 90,5 milyon ABŞ dolları təşkil edib. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 11,2 min ton (36,9 %), dəyər baxımından isə 30,4 milyon ABŞ dolları (50,5 %) çoxdur. 

İldən-ilə xaricdən ət idxalına xərclənən vəsaitlər artır, daxildə isə ət bahalaşmaqda davam edir. Ölkə daxilində bu problemin həlli üçün addımlar atılırmı?

İdxal etdiyimiz ölkələrdə ət məhsulları bahalaşıb

Millət vəkili Vüqar Bayramlı “Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, Azərbaycanda ət məhsullarına olan tələbin təxminən 75 faizi yerli istehsal hesabına, dörddə biri isə idxal hesabına ödənilir: “Ət idxal etdiyimiz ölkələr arasında Gürcüstan və Hindistanı xüsusi qeyd etmək lazımdır. Bu və digər ölkələrdən ət idxalını həyata keçirməklə daxili tələbat ödənilir”.

Millət vəkili vurğulayır ki, idxalın dəyər ifadəsinin artmasının səbəblərindən biri də həmin ölkələrdə ərzaq, o cümlədən ət məhsullarının nisbətən bahalaşmasıdır: “Həmin məhsulların bahalaşması idxal dəyərinə təsir göstərir. Sözsüz ki, əsas məqsədlərdən biri idxaldan asılılığın aradan qaldırılması, bu istiqamətdə ət məhsullarının istehsalının dəstəklənməsidir. Bu kontekstdə heyvandarlığın dəstəklənməsi, təşviq alətlərinin genişlənməsi həmişə prioritetdir. Xüsusilə də, Şərqi Zəngəzurun bu istiqamətdə potensialı böyükdür. Bu potensialdan istifadə etməklə, idxalın minimumlaşdırılması, yerli istehsal payının artırılması mümkündür”.

Örüş yerləri əkin sahələrinə çevrilir

Millət vəkili Azər Badamov da təəssüflənir ki, idxalın artmasına baxmayaraq bazarda qiymətlər də artmaqdadır. Həmsöhbətimiz bildirir ki, ət idxalının artmasının kökündə dayanan əsas məsələ ölkəmizdə heyvandarlıq sektorunda baş verən azalmadır. Onun sözlərinə görə, örüş yerləri əkin sahələrinə çevrildiyindən heyvanların saxlanılması imkanları məhdudlaşır. Bu da, daxili bazarda ətlik malların azalmasına yol açır: “İşğaldan azad olunmuş ərazilərdə aqroparklar salınaraq yeni heyvandarlıq sahələri inkişaf etdirilir. Lakin bu ərazilərin minalanması torpaqların dövriyyəyə qaytarılmasında çətinliklər yaradır. Hesab edirəm ki, zaman keçdikcə həmin torpaqlar yenidən istifadə olunacaq və heyvandarlığın inkişaf etdirilməsi üçün yeni imkanlar açılacaq”.

Azərbaycanlı ailələr əti daha çox istifadə edirlər

Millət vəkili vurğulayır ki, hazırkı statistikaya görə, heyvandarlıqda artım yox dərəcəsindədir. Bu da ətlə bağlı təminatda ölkəmizin idxaldan asılı olmasına səbəb olur: “İdxaldan asılılığımızın artması və idxal prosesində rəqabətin az olması ət bazarında bahalaşmaya yol açır. Ona görə də ətin idxalı prosesində rəqabətin yaranması və bazarda qiymət artımının qarşısının alınması üçün tədbirlərin görülməsi vacibdir. Ət rasionumuzun vacib komponentidir. Azərbaycanlı ailələr digər ölkələrin xalqlarına nisbətən əti daha çox istifadə edirlər. Hamının ətə əlçatanlığını təmin etmək üçün həm daxili istehsal artmalıdır, həm də idxal prosesində rəqabət mühiti formalaşdırılmalıdır”.

Ət istehsalında artım imkanları yaranacaq

İqtisadçı Eyyub Hüseynov deyir ki, ötən ilə nisbətən Azərbaycanda həm iribuynuzlu, həm də xırdabuynuzlu heyvanların sayında azalma var. Bu da müxtəlif səbəblərlə bağlıdır: “Həm ölkədə əhali artımı, həm də ət istehlakında artım müşahidə olunur. Digər tərəfdən, ölkəmizdə örüş yerlərinin azalması da heyvandarlığın rentabelliyini aşağı salır, yemin xaricdən gətirilməsi maya dəyərinə təsir edir. Bu yerli istehsala ciddi şəkildə təsir edir. Lakin hesab edirəm ki, növbəti illərdə işğaldan azad olan bölgələrdə heyvandarlığı inkişaf etdirmək imkanımız var. Növbəti illərdə ət istehsalında artım imkanları yaranacaq, iş yerləri açılacaq ki, bu da ətin qiymətinin artmasının qarşısını alacaq”.

Dövlət tərəfindən subsidiyalar ayrılmalıdır

Ekspert bildirir ki, qiymət artımının qarşısını almaq üçün yerli istehsal genişləndirilməlidir: “Bu baxımdan bizim yeganə çıxış yolumuz ölkədə heyvandarlığın inkişafı üçün münbit şəraitin yaradılması, yerli yem istehsalının artırılmasıdır. Ölkədə fərdi təsərrüfatlarda da heyvanların saxlanılması artıq çətinliklər yaradır. Bu baxımdan yerlərdə ev təsərrüfatlarının da inkişafına dövlət tərəfindən müəyyən subsidiyaların ayrılması bu istiqamətdə qiymət artımının qarşısını alar və ət istehsalının artırılmasına dəstək olar”.

Kaspi.az

Chosen
37
6
valyuta.az

7Sources