EN

Yaponiya Azərbaycanla İkiillik Şəffaflıq Hesabatlarının hazırlanmasında əməkdaşlıq edəcək

Bakı, TurkicWorld

Yaponiya inkişaf etməkdə olan ölkələr üçün İkiillik Şəffaflıq Hesabatlarının (BTR) hazırlanması və onların keyfiyyətinin artırılması sahəsində Azərbaycanla əməkdaşlıq edəcək.

TurkicWorld xəbər verir ki, bu barədə Yaponiyanın ətraf mühit naziri Keyitiro Asao "Qlobal iqlim şəffaflığı üzrə nazirlərin dəyirmi masası"nda bildirib.

"Yaponiya inkişaf etməkdə olan ölkələr üçün BTR hesabatlarının hazırlanması və keyfiyyətinin artırılması sahəsində Azərbaycanla əməkdaşlıq edəcək. Xüsusilə biz qlobal şəffaflığın yaxşılaşdırılmasına töhfə vermək üçün 3 əsas istiqamətə diqqət yetirəcəyik.

Birinci istiqamət öz BTR hesabatımızın vaxtında təqdim edilməsi ilə yaxşı nümunə olmaqdır. Yaponiya ötən ay öz BTR hesabatını Azərbaycan tərəfinin sorğusu əsasında BMT İqlim Dəyişiklikləri Katibliyinə təqdim edərək inkişaf etmiş ölkələr arasında bunu edən ilk dövlət olub.

Yaponiyanın BTR hesabatı istixana qazlarının inventarizasiyası, təsirlərin azaldılması və uyğunlaşma tədbirlərindəki irəliləyiş, maliyyə vəsaitlərinin bölgüsü və dəstək haqqında ətraflı məlumatları əhatə edən tam formatlı bir sənəddir. Bu hesabat bütün ölkələr üçün nümunə ola bilər.

Bundan əlavə, Yaponiya öz BTR hesabatını hazırlayarkən hökumətin bütün qurumlarını əhatə edən PDCA (Plan-Do-Check-Act) dövrünə əsaslanan tədbirlərin izlənməsi mexanizmindən istifadə edib. Biz BTR hesabatlarının məzmunu və hazırlanma prosesi ilə bağlı təcrübəmizi dünya ilə paylaşacağıq", - deyə o vurğulayıb.

Nazir bildirib ki, ikinci istiqamət inkişaf etməkdə olan ölkələrdə BTR hesabatlarının hazırlanması potensialının artırılmasıdır.

"Yaponiya uzun illərdir Asiyada İstixana Qazlarının Inventarizasiyası üzrə İşçi Qrupu çərçivəsində müxtəlif ölkələrdə inventarizasiyanın keyfiyyətinin artırılmasına töhfə verib. Bu sahədə Yaponiyanın Milli Ekologiya Tədqiqatları İnstitutunun ekspertləri ilə əməkdaşlıq edərək, hər bir ölkənin tələbatlarına uyğun ətraflı praktiki təlimlər təqdim edirik", - deyə o qeyd edib.

O, üçüncü istiqamətin isə peyk texnologiyalarından istifadə edərək şəffaflığın keyfiyyətinin yaxşılaşdırılmasına dəstəkdən ibarət olduğunu bildirib.

"Yaponiya qlobal miqyasda karbon dioksid və metan qazlarının konsentrasiyasını izləyən "GOSAT" seriyalı peykləri idarə edir. Bundan əlavə, bu məlumatlardan istifadə edərək milli və regional səviyyədə istixana qazı emissiyalarının təsdiqi metodlarını hazırlayırıq. Biz artıq "GOSAT" məlumatlarını istifadə edərək Monqolustan və Hindistanın istixana qazı inventarizasiyasında təsdiq dəstəyi təqdim edirik", - o əlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Chosen
9
2
turkic.world

3Sources