EN

Paşinyan: Bir neçə yüksək vəzifəli məmurdan istefa vermələrini xahiş etdim

Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkələrdə məmurların istefasına münasibət bildirib.

“Report” Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, o, sosial şəbəkələrdə istefaların sistemli səbəblərdən olduğunu yazıb.

"Bir sıra yüksək vəzifəli məmurlardan istefa vermələrini xahiş etdim. Bu xahişin səbəbləri şəxsi deyil, sistemlidir", - baş nazir bildirib.

Qeyd edək ki, Ali Məhkəmə Şurasının sədri Karen Andreasyan və Antikorrupsiya Komitəsinin rəhbəri Sasun Xaçatryanın ardınca Ermənistan İstintaq Komitəsinin (İK) sədri Argişti Karamyan da istefa verib.

Ermənistan İstintaq Komitəsi hələlik bu məlumatı nə təkzib, nə də təsdiq edir, lakin tezliklə rəsmi məlumat yayılacağını bildirir.

KİV-in məlumatına görə, Dövlət Gəlirləri Komitəsinin sədri Rustam Badasyan, Ermənistanın ərazi idarəetməsi və infrastruktur naziri Qnel Sanosyan, daxili işlər naziri Vaqe Kazaryan, İstintaq Komitəsinin sədri Argişti Karamyan istefa ərizəsi yazıblar. Bu gün səhər Ali Məhkəmə Şurasının sədri Karen Andreasyan da istefa ərizəsi verdiyini açıqlayıb.

Chosen
13
17
report.az

10Sources