EN

Xalqımız 20 Noyabr Ağdam Şəhəri Gününü qürurverici anlarla qarşılayır

Prezident İlham Əliyevin 2023-cü ilin iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il noyabrın 20-də Ağdam Şəhəri Günü təntənəli şəkildə qeyd edilir. Bu əlamətdar günün təsis olunması Ağdam şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Yəni, noyabrın 20-də şəhərin erməni işğalçılarından təmizlənməsindən dörd il keçir. Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq qələbə nəticəsində Ağdam bir güllə atılmadan düşmən tapdağından azad olunub. Belə ki, 2020-ci ilin sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusu ölkəmizin əzəli torpaqlarının azadlığı uğrunda genişmiqyaslı əks-hücum əməliyyatlarına başlayıb. Hərbi əməliyyatlar zamanı uzun illər işğal altında olan torpaqlar Azərbaycan Silahlı Qüvvələri tərəfindən kəndbəkənd, qarışbaqarış azad edilib. Azad olunan hər bir kənd isə növbəti yaşayış məntəqəsindən düşmənin qovulması üçün strateji mövqeyə çevrilib.

Azərbaycan Ordusunun hər gün qələbə qazanması işğalçı dövlətin həm ordusunda, həm də əhalisi arasında böyük qorxu yaradıb. Bununla da təşvişə düşən erməni hərbçiləri döyüş meydanından və ya ordudan qaçmaqla canlarını qurtarmağa çalışıblar. Azərbaycanın işğal olunmuş torpaqlarının böyük hissəsi 44 günlük döyüşlər nəticəsində azadlığına qovuşub. Ağdam düşmən tərəfindən bütünlüklə minalandığından, Ermənistanın işğalçı qoşunlarının əsas hissəsi bu istiqamətdə cəmləşdiyindən və ən möhkəm istehkamların burada quraşdırıldığından Azərbaycan Ordusu hərbi taktika işlədərək bu istiqamətdə geniş döyüş əməliyyatları aparmayıb. Çünki ordumuz bu istiqamətdən hücuma keçsəydi xeyli itki verə bilərdi. Bu isə Qələbəyə gedən yolda müəyyən çətinliklər yarada bilərdi. Buna baxmayaraq, düşmən tərəf ordumuzu ilk olaraq məhz bu istiqamətdən gözləyib. Amma Azərbaycan Ordusu o zamankı təmas xəttinin Ağdam istisna olmaqla, digər bütün əraziləri boyunca irəliləyərək döyüş əməliyyatlarını davam etdirib. Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi uğurlu əməliyyatlar nəticəsində düşmənin Ağdamdakı qüvvələri yarımmühasirə vəziyyətinə düşüb. Bu da Ermənistan daxilində və bu ölkənin hərbi-siyasi rəhbərliyi arasında böyük çaxnaşmanın yaranmasına səbəb olub.

Bir sözlə, Azərbaycan Ordusunun gücü və qüdrətinin qarşısında tab gətirməyin mümkün olmadığını, həm canlı qüvvə, həm də hərbi texnika sarıdan xeyli itkilərə məruz qaldığını dərk edən Ermənistanın hərbi-siyasi rəhbərliyi kapitulyasiya aktını imzalamağa məcbur olub. Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın Baş naziri Nikol Paşinyanın və Rusiya Prezidenti Vladimir Putinin 2020-ci ilin noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanata uyğun olaraq Ağdam rayonu noyabrın 20-də Azərbaycana qaytarılıb. Bununla da 27 il ərzində işğal altında olan Ağdam şəhəri qəsbkarlardan tamamilə azad edilib, həmin gün Azərbaycan Ordusunun bölmələri rayona daxil olub və orada bayrağımız ucaldılıb.

Xatırladaq ki, Ağdam uğrunda 42 gün davam edən döyüş 1993-cü il 23 iyul tarixində Ağdam ərazisinin 73 faizinin işğalı ilə bitdi. Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, rayon mərkəzi ilə birgə 90 kəndi işğal olunmuş, işğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşamağa məcbur olub. İşğal zamanı rayonun 38 kolxozu, 12 sənaye obyekti, 74 məktəbi, 271 mədəniyyət evi, bütün dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu düşmən əlinə keçmişdir. Ağdam düşmənlə döyüşlərdə 6 000 şəhid verib, onlardan 16-sı Azərbaycanın Milli Qəhrəmanıdır.

2020-ci ilin noyabrın 23-də Ağdam rayonu azad edildikdən sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində olublar. Dövlət başçısı Ağdamda Azərbaycanın üçrəngli Bayrağını qaldırıb. Postmüharibə dövründə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dəfələrlə Ağdam rayonunda səfərdə olaraq orada həyata keçirilən təmir, bərpa və yenidənqurma işləri ilə tanış olublar. Hazırda Ağdamda bərpa-yenidənqurma işləri sürətlə davam edir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev hələ işğaldan azad edilən Ağdama ilk səfərində demişdir: «Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın.» Ölkə başçısı bu vədinə də sadiq qaldı. Belə ki, postmüharibə dövründə Prezident İlham Əliyevin tapşırığı və qayğısı ilə Ağdam yenidən qurulur. 2021-ci  ilin 28 may tarixində Ağdamın Baş planı təsdiq olundu və şəhər  bu plana uyğun  bərpa olunur. Şəhərin özündə 5 məhəllə nəzərdə tutulur. Hazırda 2-ci məhəllədə 66 binanın tikinti işləri davam edir. Ağdam şəhərinə gələn ilin payızında ilk köç planlaşdırılır. Bundan sonra paralel olaraq digər məhəllələrdə də tikinti işləri aparılacaq. Bu gün Ağdamda 3 kənddə  - Kəngərli, Xıdırlı, Sarıcalıda bərpa-quruculuq işləri davam edir. Ağdam rayonunda digər kəndlər üzrə layihələndirmə işləri aparılır. Ağdamda infrastruktur obyektlərin açılışını da prioritet məsələ hesab edən Prezident İlham Əliyev məhz 2023-cü ilin dekabrın 24-də özünün doğum günündə «AzərEnerji» Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kV-luq «Ağdam» qovşaq yarımstansiyasının açılışında, Ağdam şəhərində salınacaq dördüncü və beşinci yaşayış kompleklərinin, Ağdam şəhər Mərkəzi parkının, rayonun Qiyaslı kəndinin, Baş Qərvənd kəndinin təməlqoyma və Xaçınçay su anbarının təmir-bərpadan sonra istifadəyə verilməsi mərasimlərində iştirak edib. Həmin ilin aprelin 25 –də isə dövlətimizin başçısı İlham Əliyev və Qırğızıstan Prezidenti Sadir Japarov Ağdam səfərində Xıdırlı kəndinin təməlqoyma və Ağdam Cümə məscidinin bərpadan sonra açılışı  mərasimlərində iştirak ediblər. Bir ay sonra isə daha bir neçə kəndin- Soltanlı, Nəmirli, Güllücə kəndlərinin  təməlqoyma mərasimində iştirak edən Prezident İlham Əliyev ağdamlıları əmin edib ki, onlar tezliklə öz doğma torpaqlarına dönərək burada firavan yaşayacaqlar.

İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri

Chosen
18
5
ikisahil.az

10Sources