EN

Ehtiyac meyarı artırılır: Nəyi dəyişəcək?

Azərbaycanda ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2025-ci il üçün ehtiyac meyarının həddi 285 manat məbləğində müəyyən edilir. 

Bu barədə Hesablama Palatasının 2025-ci il üçün dövlət büdcəsinə rəyində deyilir.

Bildirək ki, 2024-cü il üçün ehtiyac meyarının həddi 270 manat məbləğində təsdiq edilib. 

Bəs ehtiyac meyarının 285 manat səviyyəsində götürülməsi əhalini qane edəcəkmi?

İqtisadçı-ekspert Razi Abbasbəyli "Cebheinfo.az"a bildirib ki, istehlak meyarının həcminin artırılması həm minimum pensiya səviyyəsinə müsbət təsir göstərir, həm də istehlak səbəti ilə bağlı qeyri-müəyyənliklərin ortadan qalxmasına gətirib çıxarır:

"Biz illərdir deyirik ki, Azərbaycanda istehlak meyarı ilə minimum pensiyanın səviyyəsi bərabərləşdirilməlidir. Bu, dünyada qəbul edilmiş bir normadır. Ancaq Azərbaycanda minimum pensiyanın səviyyəsi 280 manat, istehlak meyarı isə 285 manat civarında götürüldü. 

Yenə ortada 5 manat fərq var. Ancaq bütün hallarda istehlak meyarının həcminin bu cür artırılması əhalinin sosial vəziyyətində müsbət mənada heç nəyi dəyişməyəcək. 

Yəni söhbət bir neçə faizlik artımdan gedir. Nəzərə alsaq ki, ölkədə Maliyyə Nazirliyini açıqladığı rəqəmlərə görə, 2025-ci ildə 5-8 faiz arası inflyasiya baş verəcək, bu həcmə uyğun olaraq da istehlak meyarı, yəni 15 manat artırılıb.

Burada təxminən 5 faizdən söhbət gedir. Yəni hökumət gələn il üçün 5-8 faiz inflyasiya proqnozlaşdırır və nəticə etibarı ilə də istehlak meyarının da təxminən o qədər artırır.

Ancaq real vəziyyətin necə olacağını 2025-ci ildə müşahidə edəcəyik. Çünki dünyanın super iqtisadi gücləri, əsasən də ABŞ, Çin və Rusiya kimi iri dövlətlər arasındakı münasibətlər, neftin qiyməti necə olacaq? Dünya iqtisadiyyatında artım tempi azalacaq.

Çünki biz bunu 2017-2021-ci illərdə Trampın birinci hakimiyyəti dövründə müşahidə etmişik. Yəni dünya iqtisadiyyatlarının azalması, Amerika ilə Çin arasında iqtisadi münasibətlərin gərginləşməsi, dünya bazarında neftin qiymətinin aşağı səviyyədə olması, nəticə etibarı ilə əhalinin yaşam səviyyəsi, xüsusilə də Azərbaycan kimi ölkələrdə inflyasiya meyilləri artır. 

Belə bir situasiyada gələn il üçün 5-8 faiz inflyasiya elan etmək və ehtiyac meyarını cəmi 5-6 faiz civarında artırmaq doğru yanaşma deyil. Təəssüf ki, Azərbaycan büdcəsinə müvafiq qanunlara görə ildə bir dəfə baxıla bilər. 

Ona əlavə və dəyişikliklər növbəti ilin sonlarına doğru həyata keçirilir. Yəni 2025-ci ildə qarşılaşacağımız kəskin inflyasiya, manatın xarici valyutalar qarşısında dəyər itirməsi, qiymətlərin bahalaşması, iqtisadi zəncirin qırılması, dünya iqtisadiyyatında artım tempinin aşağı düşməsi fonunda ölkədə bu qədər artımın proqnozlaşdırılması hesab edirəm ki, bu gün üçün doğru ola bilər. Ancaq növbəti aylar üçün doğru qərar hesab etmirəm".

Chosen
29
cebheinfo.az

1Sources