EN

Qardaşlıq nümunəsi -VAQIF ABDULLAYEV YAZIR



Azərbaycan və Özbəkistan eyni kökə, dilə, dinə, mədəniyyətə, qədim tarixi və ənənələrə malik qardaş ölkələrdir. Hər iki respublika keçmiş SSRİ dövründə çox yaxşı iqtisadi və mədəni əlaqələrə malik olub, dar gündə bir-birinə arxa olub. Ötən əsrin 30-cu illərində qırmızı imperiyanın kütləvi repressiyaları zamanı on minlərlə azərbaycanlı Özbəkistan torpağında sığınacaq tapıb. Bu gün 40 mindən çox azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir. 1966-cı ilin aprelində dağıdıcı zəlzələdən sonra öz qardaşlıq borcunu yerinə yetriən ilk respublika da Azərbaycan oldu, Daşkəndin bərpasında azərbaycanlılar gecə-gündüz çaılışdılar.

Özbəkistan da hər zaman öz qardaşlığını əsirgəməyib, Azərbaycan 30 il ağrılı Qarabağ problemini yaşadığı vaxtlarda yanımızda olub, haqq işimizə, tarixi ədalətin bərpa olunmasına dəstəyini verib, təcavüzkar Ermənistanın işağlçı siyasətinə etiraz edib. Özbək xalqı da Azərbaycan türkləri kimi eyni taleyi yaşayıb, erməni soyqırımından əziyyət çəkib. 1918-1920-ci illərdə Mərkəzi Asiyadakı Türküstan xalqı milli dövlətlərini qurmaq üçün apardığı azadlıq mübarizəsinin yatırılmasında Qafqazdan göndərilmiş erməni bolşevik-daşnak cəza dəstələri ağlasığmaz vəhşiliklər törədib. Fərqanə, Kokand, Əndincanda on minlərlə dinc özbək xüsusi amansızlıqla qətlə yetirilib. 1989-cu ildə baş vermiş Fərqanə hadisələri zamanı Ahıska türklərinə qarşı kütləvi terror və etnik təmizləmədə də ermənilərin törətdiyi vəhşiliklər təsdiq olunub. Məşhur özbək yazıçısı Şöhrət Salamovun qələmə aldığı “Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə.

Daşnaklar: Fərqanədən Qarabağadək” kitabında erməni faşizminin siması çox aydın təsvir edilib. qeyd edilir Özbəkistanın Kokand vilayətində 10 mindən çox insanı qətlə yetirib. Əndicanda isə 4,5 min dinc sakin erməni daşnaklarının vəhşiliyinin qurbanı olub. 1918-ci ildə 3 ayda ermənilər Türküstanda 35 min dinc əhalini soyqırıma məruz qoyub.
Özbəkistan Ermənistana qarşı aparılan mübarizədə və Qarabağ münaqişəsi ilə bağlı hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləyib. Bütün bunların nəticəsidir ki, erməni faşizminə nifrət edən qardaş Özbəkistan İrəvanda səfirlik açmayıb.

İki ölkə arasında mədəni-humanitar əlaqələr davamlı olaraq ədəbiyyat, mədəniyyət festivalları ilə zənginləşib. Özbəkistandakı Azərbaycan səfirliyində Heydər Əliyev adına Mədəniyyə Mərkəzi yaddaqalan sanballı layihələr həyata keçirib.

Qardaşlar güclərinə-güc qatmaqda da yorulmadan çalışır. Hərbi əməkdaşlıq haqqında saziş imzalanması və Özbəkistanın müdafiə nazirininAzərbaycana səfəri, hərb sahəsində birgə planların qurulması Türk birliyinin daha bir təntənəsi hesab oluna bilər.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dastan yazan Rəşadətli Ordumuza 44 günlük Zəfər savaşında Özbəkistanın mənəvi, qardaşlıq dəstəyi hamımızı qürurlandırdı. Özbəkistan hökuməti dünyaya bəyan etdi ki, bu Qələbə təkcə Azərbaycanın deyil, həm də Türk dünyasının qələbəsidir.

Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsindən sonra Azərbaycan və Özbəkistan arasındakı parlaq səhifə daha da rəngarənglik alıb. Özbəkistan Şuşada “Xarıbülbül” festivalında fəal iştirak edib, düşmənə göz dağı verib.

Türk Dövlətləri Təşkilatının (TDT) yaranması və 7 qardaş ölkənin yeni əməkdaşlıq proqramını bəyan etməsindən sonra münasibətlərimiz daha da zənginləşməyə başlayır.
Hər iki ölkə indiyədək bir sıra beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Türk Şurası kimi təsisatlarda yaxın və birgə mənafelərə xidmət edən təşəbbüslərlə çıxış edirdisə, bundan sonra qardaşlığın yeni Zirvəsi olan TDT-də bir ananın iki övladı kimi birgə addımlayacaq.

Türk dövlətlərinin böyük siyasi coğrafiyasını əhatə edən “Bir kəmər, bir yol” layihəsinin Orta Dəhlizi üzərində yerləşən ən zəngin resurs ölkələrindən biri Özbəkistandır və hənin dəhlizin tərkib hissəsi olan Zəngəzur-Naxçıvan kommunikasiyasından Özbəkistan da faydalana bilər.

Türk Zirvə görüşündə ən xoş xəbərlərdən birini də məhz Özbəkistan bəyan etdi, Qarabağda, Füzulidə məktəb açmaq müjdəsini verdi. Prezident Şavkat Mirziyoyev Prezident İlham Əliyevə Zirvə sammitində məktəbin layihəsini təqdim etdi. Bu türk birliyinin bir rəmzi mənası olmaqla yanaşı, qardaş Türkiyənin ardınca Özbəkistanın və digər türk ölkələrinin Qarabağın mədəni quruculuğuna qovuşması deməkdir. Özbəkistan Qarabağ və Şəqri-Zəngəzurda ərazilərin bərpa edilməsi prosesində də iştirak etmək niyyətini bəyan edib. Beləliklə, bu qardaşlığın sarsılmazlığı daha da möhkəmlənərək digər dövlətlər üçün də örnəyə çevriləcək.

Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor
Chosen
35
newscenter.az

1Sources