EN

Azərbaycanın daha bir uğur hekayəsi

Noyabrın 11-dən Bakıda start götürmüş Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı – COP29 işini uğurla davam etdirir. Amma artıq indidən noyabrın 22-dək sürəcək dünyanın ən mötəbər tədbirini baş tutmuş saymaq olar. Heç şübhəsiz, Azərbaycanın toplantıya yüksək evsahibliyi gerçəkləşdirdiyini də söyləmək üçün ciddi əsaslar var. Qətiyyətlə demək olar ki, COP29 müasir Azərbaycanın növbəti uğur hekayəsidir. Bunu şərtləndirən bir çox amillər var.

Əvvəla, Azərbaycanın nüfuzlu toplantılara evsahibliyi fonunda güclü lider amilinə xüsusi diqqət yetirmək vacibdir. Bu mənada Prezident İlham Əliyevin dünya miqyaslı siyasətçi obrazı üzərində dayanaq.

Bəli, dövlətimizin başçısının güclü lider obrazının COP29 məsələsində də tam parlaqlığı ilə canlandığını gördük. Əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin ayrı-ayrı mövzulardakı çıxışları dünyanın Azərbaycanı yenidən kəşf etməsinə şərait yaratdı. Dövlətimizin başçısı hər zaman olduğu kimi, yenə də hədəfləri son dərəcə dəqiqliklə nişan alırdı.

İkincisi, ölkəmizin müstəqillik illərində topladığı təcrübəni vurğulamaq lazımdır. Nəzərə alaq ki, Azərbaycan indiyədək bir çox dünya miqyaslı tədbirlərə evsahibliyini gerçəkləşdirib. COP29 uğuru, bir növ, bu təcrübənin təntənəsidir. Heç şübhəsiz, bu uğur, eyni zamanda, gələcək mötəbər toplantılar üçün də bazadır.

Üçüncüsü, nüfuzlu toplantılara evsahibliyimiz heç də asan başa gəlməyib. Həmişə anti-Azərbaycan qüvvələr və dünya ermənipərəstləri ölkəmizi nüfuzdan salmaq, tədbirin reallaşmaması üçün əllərindən gələni edib, boykot ssenarisini işə salıblar. Lakin heç vaxt niyyətlərinə çata bilməyiblər və bu dəfə də eyni hal yaşandı. Qətiyyətlə vurğulaya bilərik ki, həmin anti-Azərbaycan qüvvələr və ermənipərəst dairələr növbəti də məğlubiyyətə uğradılar, rəzil və miskin duruma düşdülər.

Dördüncüsü, ümumən paytaxtımızın COP29-a uğurlu evsahibliyi ölkəmizi beynəlxalq ictimaiyyətə tamamilə yeni qiyafədə tanıtdı. İndiki məqamda bu tanınma son dərəcə əhəmiyyətlidir. Fikrimizi izah etmək üçün yaxın keçmişə qayıdaq. Söhbət 44 günlük müharibə dönəmindən gedir.

Məlum olduğu kimi, Azərbaycanın 2020-ci ilin sentyabrın 27-də başlatdığı Zəfər yürüşü birmənalı qarşılanmamışdı. Bir çox xarici dairələr bu yürüşü, az qala, işğalçılıq kimi qiymətləndirmişdilər. Hətta BMT Təhlükəsizlik Şurası müstəvisində ölkəmizi durdurmaq, haqq yolundan daşındırmaq üçün cəhdlər göstərilmişdi.

Sonrakı zaman kəsiyi də heç də rəvan keçməmiş, Ermənistan və havadarları ölkəmizə qarşı qarayaxma kampaniyası gerçəkləşdirməyə çalışmış, Zəfərimizin yaşadığımız Cənubi Qafqaz siyasi coğrafiyasına gətirdiyi reallıqları dəyişdirmək istəmişdilər. Hesab edirik ki, COP29-a uğurlu evsahibliyimiz, eyni zamanda, bu sayaq mənfi tendensiyaları sıradan çıxarmaq əzmimizin növbəti təntənəsidir. Azərbaycan dünyaya sübut etdi ki, çətinliklərə baxmayaraq, öz yolunda inamla addımlamağı, problemləri, onları kimin, hansı qüvvənin yaratmasından asılı olmayaraq, aradan qaldırmağı bacarır.

Beşincisi, qeyd etdiyimiz kimi, Azərbaycan indiyədək bir çox nüfuzlu toplantılara evsahibliyini gerçəkləşdirib. Bakıda keçirilmiş “Eurovision” mahnı müsabiqəsini, I Avropa, İslam Həmrəyliyi Oyunlarını bu baxımdan xüsusi fərqləndirmək mümkündür. Hərçənd, miqyasına görə başqa tədbirlər barədə də söz açmaq olar.

Əlqərəz, bütün bunlar, eyni zamanda, gələcək üçün müstəsna təminatdır. Nəzərə alaq ki, dünya sürətlə dəyişir. Bir çox müstəqil dövlətlərin öz suverenliklərini itirmələri, onların ərazi bütövlüklərinin pozulması hallarını görürük. Görürük ki, dünyada beynəlxalq hüquq prinsiplərinə məhəl qoyan yoxdur. Belə bir durumda hər bir ölkənin ayaqda qalması, təminatlı olması üçün özünün müstəsna uğur hekayəsinə ehtiyac var. Bir çox mötəbər toplantılar kimi, COP29 da uğur hekayəmizin tamlığı baxımından son dərəcə ciddi əhəmiyyətə malikdir. Belə bir tədbirə evsahibliyi edən ölkə həmişə var olmağa layiqdir, onu hesabdan silmək mümkünsüzdür.

Altıncısı, COP29-un uğurları Azərbaycanın idarəçilik sisteminin mütəhərrikliyindən xəbər verir. Ayrı-ayrı dövlət qurumlarımızın tədbirə yüksək səviyyədə hazırlaşdıqları, koordinasiya edilmiş səmərəli fəaliyyətə üstünlük verdikləri diqqətimizdən yayınmır. Sanki, bir dövlət orqanın gördüyü iş digərinin işini tamamlayır. Hesab edirik ki, belə bir sinxronluğun özü də sistemin effektivliyinin nəticəsidir və bununla qürurlanmağa dəyər.

Yeddincisi, Azərbaycan cəmiyyətinə COP29 ab-havası hakimdir. Yəni, cəmiyyətdə tədbirlə bağlı mütəşəkkillik hiss olunmaqdadır. Bu durum ölkəmizdəki xalq-iqtidar vəhdəti və həmrəyliyinin növbəti bariz nümunəsidir. İnsanlarımız COP29-a yalnız mötəbər toplantı kimi yox, eyni zamanda, Vətənimizin başını uca edəcək, dövlətimizə mühüm dividend qazandıracaq tədbir kimi yanaşırlar.

Səkkizincisi, Azərbaycan evsahibliyini etdiyi bütün mötəbər toplantılara, belə demək mümkünsə, özünün ağırlığını və sanbalını qoymağı bacarır. Ölkəmiz heç bir tədbiri tədbir xatirinə keçirmir, onun səmərəliliyinin təminatı üçün öz töhfəsini verir. Bunu müzakirə olunan mövzularla əlaqədar yeni təşəbbüslər irəli sürməklə gerçəkləşdirir.

Nəticə etibarilə Azərbaycandakı hər bir toplantı, eyni zamanda, dünyaya mesaj xarakteri daşıyır. İndidən tam əminliklə vurğulaya bilərik ki, COP29 da bu baxımdan seçildi. Ölkəmizin nüfuzlu toplantıya evsahibliyi iqlim məsələlərini ön plana çıxardı, iqlim və əlverişli ekoloji mühit naminə səfərbərlik formalaşdırdı. Elə bir səfərbərlik ki, real mexanizmə əsaslanır. Mexanizm iqlim maliyyələşməsini beynəlxalq aləm üçün prioritet vəzifə kimi müəyyənləşdirir. COP-29-un reallıqla fiksasiya təbiəti də elə budur.

Nəhayət, COP29 ölkəmiz üçün əlamətdar edən daha bir vacib məqama toxunaq. Tədbir Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra gerçəkləşdirdiyi dünyamiqyaslı ilk və ən böyük toplantıdır. Hesab edirik ki, belə bir toplantıda həm də ilahi ədalətin təcəlli payı var. Ölkəmiz haqqı olanı əldə etmək üçün uzun yol qət etdi və istəyinə çatdı. COP29 haqqımızın mükafatıdır. Tam əminik ki, ulu öndər Heydər Əliyevin təbirincə desək, dünyaya Günəş kimi doğan Azərbaycanın mükafatlarının sayı bundan sonra daha çox olacaq.

Ə.CAHANGİROĞLU
XQ

Chosen
9
xalqqazeti.az

1Sources