EN

BMT-də “İtkin düşmüş şəxslər” qətnaməsi Azərbaycana əlavə imkanlar verir

Elçin Mirzəbəyli: "Ermənistan beynəlxalq öhdəliklərini yerinə yetirməyərək, kütləvi məzarlıqların dəqiq yerləri barədə məlumatları ölkəmizə təqdim etmir"

İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması 



  İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan qonşu ölkələrlə, o cümlədən Ermənistanla münasibətlərinin beynəlxalq hüququn prinsipləri əsasında qurulmasının və tənzimlənməsinin tərəfdarı olduğunu nümayiş etdirir. Lakin eyni zamanda Ermənistanın təcavüzünü və 30 ilə yaxın müddətdə davam edən işğalçılıq siyasətinin beynəlxalq hüququn əsas prinsipləri baxımından qiymətləndirilməsinin zəruriliyini vurğulamağı da unutmur. Qeyd edək ki, ötən əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürməklə həyata keçirdiyi nifrət, etnik təmizləmə, soyqırımı və işğalçılıq siyasəti nəticəsində ölkəmizin ərazi bütövlüyünə qəsd olunub, dinc soydaşlarımız cinayət aktlarının, xüsusən sülh və insanlıq əleyhinə, habelə müharibə cinayətlərinin qurbanına çevrilib. Bu ölkə tərəfindən beynəlxalq humanitar hüquq normaları, o cümlədən “Müharibə qurbanlarının müdafiəsi haqqında” 1949-cu il tarixli Cenevrə konvensiyalarının və onlara dair 1977-ci il tarixli I Əlavə Protokolun tələbləri kobud şəkildə pozulub, əsir-girov götürülmüş hərbi qulluqçuların və mülki şəxslərin zorla yoxa çıxarılması ilə bağlı cinayət əməlləri törədilib.
  Ermənistanın əsassız ərazi iddiaları ilə Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Birinci Qarabağ müharibəsi zamanı çoxsaylı soydaşımız itkin düşüb. Həmin şəxslərin taleyi bugünədək məlum deyil, onların ailələri öz əzizlərinin taleyinin müəyyənləşdirilməsini böyük həsrətlə gözləyirlər. Ermənistan tərəfi isə Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərin taleyi barədə məlumat verməkdən boyun qaçırır, iştirakçısı olduğu beynəlxalq sənədlərdə təsbit olunmuş normaları kobud şəkildə pozur. 
  Bu məsələ ilə əlaqədar Ermənistan tərəfinə dəfələrlə müraciətlər olunsa da, qarşı tərəf itkin düşmüş şəxslərin taleyi, habelə qətlə yetirilmiş azərbaycanlı əsir və girovların kütləvi şəkildə basdırıldığı yerlər barədə məlumatları verməkdən imtina edir və beləcə onların ailələrini bu hüquqdan məhrum edir. Halbuki “Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında” IV Cenevrə Konvensiyasına görə, münaqişənin hər bir tərəfi müharibə nəticəsində ayrı düşmüş ailə üzvlərinin bir-biri ilə əlaqə yaratmasına və əgər mümkündürsə, görüşmək üçün apardıqları axtarışa kömək göstərməlidir. Bu Konvensiya ailə üzvlərinin öz yaxınlarının taleyi barəsində məlumat almaq hüququnu bilavasitə tanıyır.
  Bu yaxınlarda isə  BMT Baş Assambleyasının 3-cü Komitəsində Azərbaycan tərəfindən irəli sürülmüş “İtkin düşmüş şəxslər” adlı qətnamə konsensusla qəbul edilib. Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi tərəfindən irəli sürülmüş qətnamə layihəsi üzrə bir ay ərzində üzv dövlətlərlə aparılmış intensiv danışıqlar nəticəsində layihənin mətni razılaşdırılıb. Qətnaməyə 56 ölkə həmmüəllif qismində qoşulub. Qətnamə mətninin Komitədə təqdimatı zamanı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin birinci katibi Nərmin Ahəngari çıxışında “İtkin düşmüş şəxslər” adlı qətnamənin ilk dəfə 2002-ci ildə BMT Baş Assambleyasının 57-ci sessiyasında Azərbaycanın təşəbbüsü ilə qəbul edildiyini və qətnamənin hər iki ildən bir irəli sürüldüyünü xatırladıb. Ahəngari qətnamənin əsas məqsədinin silahlı münaqişələrin humanitar faciələrindən biri olan itkin düşmə hallarının qabaqlanması və itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi üçün beynəlxalq humanitar hüquq və beynəlxalq insan hüquqları öhdəliklərinə hörmət və riayətin vacibliyinə diqqətin cəlb edilməsi olduğunu vurğulayıb.
  Diplomat mətndə əks olunmuş yeni bəndlər barədə üzv dövlətlərin nümayəndələrinə ətraflı məlumat verib. Ahəngari qeyd edib ki, builki qətnamənin mətnində minaların mövcudluğunun itkin düşmüş şəxslərin qalıqlarının aşkarlanması üzrə əməliyyatlara yaratdığı maneələr də öz əksini tapıb. O bildirib ki, mətndə əlaqədar dövlətlərin insan qalıqlarının təhlükəsiz axtarışı üçün əməkdaşlıq etmək çağırışları öz əksini tapıb.
Qətnamədə eyni zamanda BMT Baş katibindən Baş Assambleyanın 81-ci sessiyasına (2026-cı il) və BMT-nin İnsan Hüquqları Şurasının müvafiq sessiyasına onun icrasına dair müfəssəl hesabat təqdim edilməsi xahiş olunub.
  Milli Məclisin deputatı Elçin Mirzəbəylinin “Sherg.az"a açıqlamasına görə, BMT-nin Baş Assambleyasının 3-cü Komitəsində Azərbaycan tərəfindən irəli sürülmüş “İtkin düşmüş şəxslər” adlı qətnamənin konsensusla qəbul edilməsi çox mühüm bir faktdır: 

“Baş Assambleyanın qərarları birbaşa hüquqi qüvvəyə malik olmasa da, disidentin formalaşdırılması baxımından əhəmiyyətlidir. Əgər gələcəkdə Azərbaycan bu istiqamətdə müvafiq addmlar ataraq Ermənistana qarşı beynəlxalq hüquqi müstəvidə addımlar atarsa,  BMT Baş Assambleyasının sözügedən  qətnaməsi əsas amillərdən biri kimi istinad mənbəyinə çevrilə bilər. Bu aspektdən Ermənistanın birbaşa məsuliyyətə cəlb edilməsi üçün hüquqi əsaslar verməsə də, Ermənistanla bağlı açılacaq bu və ya digər təzminat davası və yaxud cinayət xarakterli məhkəmələrdə istifadə etmək üçün əsaslı bir mənbədir. Faktın özü Ermənistanın törətdiyi cinayətlərin mahiyyətinə aydınlıq gətirilməsi üçün də siyasi müstəvidə mühüm əhəmiyyət kəsb edir”. 
  E. Mirzəbəyli qeyd edib ki, Birinci Qarabağ müharibəsində itkin düşən azərbaycanlılarla bağlı məlumatları ölkəmizin bütün tələblərinə baxmayaraq, Ermənistan bugünə qədər təqdim etməyib: “Ermənistanın bu istiqamətdə beynəlxalq təşkilatlarla da faktiki olaraq əməkdaşlığı yoxdur. İşğaldan azad edilmiş ərazilərdə tapılan kütləvi məzarlıqlar sübuta yetirir ki, itkin düşən şəxslərin böyük əksəriyyəti həmin dövrdə təcavüzkar Ermənistan ordusu tərəfindən qətlə yetirilib, işgəncələrə məruz qalıblar. Görünür, bu faktların üzərinin açılmaması üçün də Ermənistan informasiyaları gizlətməyə cəhd göstərir. Yaxud bəlli olduğu kimi həmin dövrdə Ermənistan insan orqanlarının müxtəlif ölkələrə göndərilməsində ön sırada gəlirdi. Bu, ağır müharibə cinayətidir. Əslində, bütün bu faktorlar Ermənistanın nə qədər ağır müharibə cinayətləri törətdiyini sübuta yetirir”.
  Deputat deyib ki, Ermənistanın əsirliyindən azad edilmiş hərbçilərin, hadisə şahidi olmuş mülki vətəndaşların ifadələri, onların əsir-girov götürülməsi və saxlanması barədə çoxsaylı sübutlar mövcuddur: “Ancaq bu ölkə bütün faktları qəsdən inkar edir, soydaşlarımızın əsir götürülməsini, onların işgəncələrə və müxtəlif təhqiredici hərəkətlərə məruz qalmasını təkzib edir. Əldə edilmiş son məlumatlara əsasən, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş, əsir-girov götürülmüş şəxslərin 766 nəfəri mülki şəxs, 3202 nəfəri hərbçi olmaqla, ümumilikdə 3968 nəfərdir ki, mülki şəxslərdən 69-u uşaq, 283-ü qadın, 334-ü isə ahıl şəxsdir. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində davamlı şəkildə aşkarlanan kütləvi məzarlıqlar Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilmiş müharibə və insanlıq əleyhinə cinayətlərin izlərini bir daha nümayiş etdirir. Ermənistan beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərini yerinə yetirməyərək, kütləvi məzarlıqların dəqiq yerləri barədə məlumatları ölkəmizə təqdim etmir. Azad olunmuş ərazilərdəki kütləvi məzarlıqlarda tapılmış insan qalıqlarının eyniləşdirilməsi istiqamətində yalnız Azərbaycanın müvafiq dövlət qurumlarının gördüyü tədbirlər nəticəsində Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilir”.

Chosen
23
sherg.az

1Sources