EN

Abxaziya: separatçı “prezident” getdi

Gürcüstanın separatçı regionu Abxaziyada “prezident” vəzifəsindən getdiyini açıqladı. Tanınmamış respublikanın başçısı Aslan Bjaniya postunu tərk etməsini “Abxaziyada sakitliyin qorunması ilə” əlaqələndirdi. Halbuki separatçıların lideri noyabrın 17-də Rusiyanın RT televiziya kanalına verdiyi müsahibədə üçüncü dövlətlərin maraqlarından çıxış edən müxalifətin dövlət çevrilişinə cəhd etdiyini vurğulamış, müxalifət ilə məsələni güc yolu ilə həll etmək istəmədiyini deyərək, “hakimiyyətdən” əl çəkməyəcəyini iddia etmişdi. 

Ancaq noyabrın 18-i səhər məlum oldu ki, separatçıların başçısı vəzifəsini tərk etməyə məcbur oldu. İndi danışıqlar zamanı tərəflərin əldə etdiyi razılaşmaya əsasən, çərşənbə axşamı müxalifət bütün “hökumət” binalarını boşaltmalıdır. Əks halda, “prezident” istefa ərizəsini geri götürməklə hədələyir. 

Xatırladaq ki, etirazlar Abxaziya ilə Rusiya arasında “parlamentdə” ötən cümə günü müzakirə edilməli olan “investisiya sazişi” fonunda başlamışdı. Bu müqaviləyə əsasən, Rusiya şirkətləri Abxaziyada investisiya layihələri həyata keçirə bilərdilər. Müxalifət hesab edir ki, bu saziş mənzil qiymətlərini yüksəldəcək, yerli əhalinin hüquqlarını pozacaq, habelə sənədin “ratifikasiyası” Abxaziyada orta və kiçik biznesə mənfi təsir göstərəcək və rusiyalı iş adamlarına turizm obyektləri tikmək imkanı verəcək. Etirazçılar Bjaniyanın istefasını və “müvəqqəti hökumət”in yaradılmasını tələb edirdilər. Dünən məlum oldu ki, Abxaziya “parlamentinin deputatları” növbədənkənar sessiyada müxalifətin tələbi ilə vəzifəsini tərk edən qondama respublika “prezidenti”Aslan Bjaniyanın istefasını qəbul etdilər. 

Ancaq həqiqət bundan ibarətdir ki, separatçı rejim Rusiyadan çox asılıdır. Abxaziyanın “keçmiş xarici işlər naziri” İnal Ardzinba hələ ötən il 2008-ci ildən Moskvanın Suxumiyə 110 milyard rubla yaxın maliyyə vəsaiti verdiyini bildirmişdi. Bundan əlavə, 2023-cü ildə separatçı rejimin ümumi xarici ticarət dövriyyəsinin 72 faizinin Rusiyanın payına düşdüyü açıqlanmışdı. Həmçinin Abxaziya üçün müxtəlif imtiyazlar, o cümlədən payız-qış aylarında Rusiyadan elektrik enerjisinin pulsuz tədarükü tətbiq edilir. Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvax mart ayında qeyd emişdi ki, təkcə 2024-cü ildə Rusiyanın Abxaziyaya maliyyə yardımının həcmi 5,6 milyard rubl təşkil etməlidir. Moskva israr edir ki, investisiya sazişi Abxaziya üçün təhlükə yaratmır. 

Maraqlıdır ki, Bjaniyanın iqamətgahını ələ keçirən kütlə Rusiya bayraqlarını dalğalandıraraq “Rusiya! Rusiya!” qışqırırdı. Bundan başqa, müxalifət Rusiya ilə münasibətləri gücləndirməyə, investisiya layihələrini pozmamağa çalışdıqlarını bildirir. Xatırladaq ki, abxaz müxalifəti uzun müddətdir bu razılaşmaya qarşı çıxır. Bundan sonra Rusiyadan ayrılan subsidiyalar dayandırıldı. Politoloqların sözlərinə görə, separatçı respublika siyasi dalandadır. Məsələ ondadır ki, abxazlar rəsmi Tbilisidən üz döndərməklə beynəlxalq münasibətlərin müstəqil subyekti olacacaqlarına ümid bəsləyirdilər. İndi məlum olur ki, dünya Abxaziyanı heç zaman tanımayacaq. İndi hesab vermək vaxtıdır, həmin “investisiya sənədi” də bunu bir daha təsdiqləyir.

S.ELAY 
XQ

 

Chosen
46
27
xalqqazeti.az

10Sources