EN

Paşinyana qarşı çıxacaq ciddi fiqurlar peyda olub -Oqtay Qasımovla “Axşam söhbəti”

“Onun yerinə namizəd qismində Armen Qriqoryanın, Alen Simonyanın, Arorat Mirzoyanın adları çəkilir”

“Yaxşı olar ki, baş nazir erməni cəmiyyətini hansısa formada sülhə, referenduma hazırlasın, təbliğat işlərini gücləndirsin”


  Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının COP29-dan sonra, yəni dekabr ayında davam etdiriləcəyinin anonsu verilib. Prezidentin köməkçisi Hikmət Hacıyev vurğulayıb ki, Azərbaycan və Ermənistan gələn ay sülh müqaviləsinin mətninin müzakirəsinə qayıdacaqlar. Onun sözlərinə görə, hazırda Azərbaycanın gündəmindəki əsas mövzu noyabrın sonuna qədər COP29-dur: "Şübhəsiz ki, dekabr ayından başlayaraq Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin mətninin müzakirəsi və danışıqların davam etdirilməsi ilə bağlı yeni proses başlayacaq". Ən azından XİN rəhbərləri səviyyəsində müəyyən görüşlərin baş tutacağı deyilir. Nəzərə alaq ki, ötən ay Kazanda iki ölkənin rəhbərləri nazirlərə danışıqları intensivləşdirməyi tapşırıb. Buna baxmayaraq, ilin sonunadək razılaşdırılmamış bəndlərlə bağlı ortaq məxrəcə gəlmək ehtimalı zəifdir. H.Hacıyev də qeyd edib ki, Ermənistan tərəfi sülh müqaviləsinin mətni ilə bağlı təkliflərə vaxtında cavab verməyib və bu kontekstdə prosesdə yubanmalar var. Paşinyanın sonuncu açıqlamaları da müzakirə mövzusudur. Baş nazir bildirib ki, Ermənistan və Azərbaycanın sülh şəraitində yaşaması üçün təkcə sülh sazişinə və ya digər sazişlərə deyil, qarşıdakı əsrlərdə hansı modellər çərçivəsində müstəqil ölkələr kimi yanaşı yaşamağa hazırlıq barədə "strateji sövdələşməyə" ehtiyac var. Paşinyan Ermənistan və Azərbaycanın regional kommunikasiyaların açılması ilə bağlı qarşılıqlı məqbul həll yoluna yaxın olduqlarını da iddia edib. 

Sülh prosesinin gedişatı ilə bağlı "Sherg.az"ın budəfəki “Axşam söhbəti”nin qonağı politoloq Oqtay Qasımovdur. Siyasi şərhçi qəzetimizə müsahibəsində İrəvan hökumətinin söz oyunu ilə məşğul olduğunu söyləyib. Ekspertin sözlərinə görə, konkret nəticə üçün əməli addım atılmalıdır. 

 - Oqtay bəy, sülhlə bağlı mütəmadi açıqlamalar verən Paşinyan bu dəfə "strateji sövdələşmə" tələbi ilə gündəmə gəlib. Baş nazirin fərqli "anlaşma" növlərini ortaya atmasında məqsədi nədir? 
 - Paşinyan daha çox terminlər üzərindən manipulyasiya etməyə maraqlı olan siyasətçidir. Baş nazir bundan əvvəl də ölkələrin qarşılıqlı ərazi bütövlüyünü tanıması ilə bağlı "hücum etməmək paktı"nın imzalanması təklifini irəli sürmüşdü. Azərbaycanın irəli sürdüyü 5 baza prinsipləri ortadadır. Tərəflər arasında tam və əhatəli sülhün bağlanması üçün prosesə əngəl olan yeganə məsələ Ermənistan Konstitusiyasıdır. Ermənistanın əsas qanunverici aktlarında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının qalması sülh müqaviləsinin imzalanmasına maneədir və dəyişdirilməsi əsas şərtdir. Bu olmadığı təqdirdə hansısa "strateji" sazişin, anlaşmanın əhəmiyyəti olmayacaq. Məsələ kökündən həll olunmalıdır. Bunun da yolu Konstitusiya dəyişikliyinə gedilməsidir. Erməni ictimaiyyəti referenduma çıxarılacaq dəyişikliyə səs verərsə, gələcəkdə mübahisə doğuracaq məsələlər olmayacaq. Yox əgər Ermənistanda ümumxalq səsverməsi keçirilməyəcəksə, tərəflər mövcud şəraitdə sülh sazişi imzalayacaqsa, bir müddət sonra hansısa erməni siyasətçi və onun komandası hakimiyyətə gəldikdə Konstitusiyaya istinad etməklə sülh sazişini qüvvədən sala bilər. Nəticədə ərazi iddiaları yenidən önə sürülər. Paşinyanın terminlər üzərindən söz oyunlarını davam etdirməsi heç nəyi dəyişməyəcək. 

 - Ermənistan ictimaiyyəti Konstitusiya dəyişikliyinə asanlıqla "hə" deyəcəkmi? 
 - Yaxşı olar ki, baş nazir erməni cəmiyyətini hansısa formada sülhə, referenduma hazırlasın, təbliğat işlərini gücləndirsin. Əslində, Paşinyan bunu önə sürməyə çalışır, amma baş nazir özü də yaxşı bilir ki, ərazi iddiaları qaldığı müddətcə, problem və mübahisələr qalacaq. Ortada sovet illərində Azərbaycandan kəsilib Ermənistana bağışlanmış 20 min kv.km.lik ərazi söhbəti var. Erməni xalqına başa salınmalıdır ki, 9 min kv.km-lik Ararat Respublikasından 29,8 min kv.km-lik Ermənistana çevriliblər. Paşinyan da ara-sıra ictimaiyyətə izah etməyə çalışır ki, bunu qoruyub saxlamaq lazımdır. Baş nazir bunu davamlı olmasa da, epizodik yolla erməni toplumuna başa salmağa cəhd göstərir. Öz anlamında ağıllı gediş edir. Ancaq Paşinyanın cəhdləri sadəcə Ermənistanın maraqlarına uyğun olduğuna görə, təbii ki, Azərbaycan tərəfindən qəbul oluna bilməz. Azərbaycanın irəli sürdüyü 5 əsas prinsipin hamısı beynəlxalq hüquqa əsaslanıb. Ermənistan Azərbaycana qarşı ərazi iddiasının olmadığını bəyan etməli və gələcəkdə belə iddia ilə çıxış etməyəcəyini göstərmək üçün qanunverici aktlarını dəyişməlidir. 

 - Paşinyan hökuməti kommunikasiya məsələsini yenidən gündəmə gətirir. Hətta Bakıya "sülh qovşağı" layihəsini də təqdim ediblər. İrəvanın gedişi nəyə hesablanıb? 
 - Kommunikasiyaların açılması ilə bağlı məsələ 2020-ci il 10 noyabr üçtərəfli bəyanatın 9-cu maddəsində birmənalı şəkildə qeyd olunub. Orada Zəngəzur dəhlizinin iş mexanizmi ilə bağlı məsələ yer alıb. Açıq şəkildə vurğulanıb ki, Azərbaycan vətəndaşlarının və yüklərin maneəsiz və təhlükəsiz hərəkətinə şərait yaradılmalıdır. Bununla bağlı Ermənistan öz üzərinə öhdəlik götürüb. Ermənistan sonradan bu prosesdən yayınmaq üçün kənar qüvvələri cəlb edərək dolaşıq vəziyyət yaratmağa çalışdı. Özü də dolaşıq vəziyyətin əsirinə çevrildi. Azərbaycan tərəfi dəhliz söhbətinin beynəlmiləl hala gətirildiyini, sülh danışıqlarına əngəl törətdiyini gördüyü üçün təklif etdi ki, kommunikasiya məsələsi müzakirə mövzusu kimi hələlik kənara qoyulsun. Azərbaycan Ermənistanın bu cür davranacağını təxmin etdiyinə görə 2022-ci ilin mart ayında İranla bir anlaşma imzaladı. Bu anlaşmaya görə, Zəngəzur dəhlizinə paralel olaraq Araz boyunca Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək yolun çəkilməsinə start verildi. Ermənistan yaxşı başa düşür ki, dəhliz məsələsində inadını dərinləşdirsə, Araz boyunca gedən kommunikasiya xətti işləyəcək və İrəvan növbəti dəfə regional layihələrdən kənarda qalacaq. Bu, Ermənistan üçün ciddi risklər deməkdir. Ona görə Paşinyan hökuməti kommunikasiya məsələsini yenidən gündəmə daşıyıb. Amma ortada konkretlik yoxdur, dəqiqləşmiş mövqedən söhbət getmir. Ötən illər ərzində Ermənistan hökumətində bununla bağlı müzakirələr getsə də, nəticə əldə olunmadı. Bir neçə il əvvəl Paşinyan hökumətin iclasında bildirdi ki, Arazdəyən-Culfa-Mehri-Horadiz istiqamətində dəmir yolunun açılması ilə bağlı müzakirə aparılır. Mehri ərazisində dəmiryolunun bərpası üçün texniki əsaslandırmaya başlanılıb və müəyyən olunub ki, təxminən 200 milyon dollar vəsait lazımdır. İki il yarım zaman keçsə də, İrəvan hökuməti siyasi qərar verməyib. Yəni bu məsələdə də manipulyasiya elementi var. Paşinyan düşünür ki, onlar da gələcəkdə Mehridəki dəmiryol xəttindən istifadə edəcəklər və nəticədə də onlara da güzəştli, sadələşdirilmiş şərtlər tətbiq olunmalıdır. Ancaq məsələ fərqlidir. Zəngəzur dəhlizində Azərbaycan ona görə maneəsiz keçid tələb edir ki, söhbət Azərbaycanın bir hissəsindən başqa bölgəsinə hərəkətdən gedir. Bakı İrəvana təklif edir ki, Azərbaycandan Naxçıvana, yəni öz ərazimizə keçid maneəsiz olsun, oradan digər ölkələrə - Türkiyəyə, İrana, yaxud Avropa ölkələrinə hərəkət və daşınmalar fərqli şərtlərlə nizamlansın. İndi Ermənistanı bu məsələdə tələsməyə vadar edən amil isə İran üzərindən işlərin aparılmasıdır. 

 - Ermənistanın silahlanmasını necə şərh edərdiniz? Hindistanın bu məsələdə xüsusi aktivlik nümayiş etdirməsinin səbəbləri nədir? 
 - Bir neçə səbəb var. Birinicisi odur ki, Hindistanda istehsal olunan silahların əksəriyyəti Fransa ilə müştərək həyata keçirilir. Yaxud Fransanın lisenziyası əsasında istehsal olunur. Bu silahların satışı ilə bağlı Fransanın razılığı lazımdır. Fransa və ABŞ-nin Hindistan üzərində ciddi təsir imkanları var. Xüsusən müdafiə sahəsində Hindistanla ABŞ və Fransa arasında əməkdaşlıq mövcuddur. Yəni Ermənistanın Hindistan vasitəsilə silahlandırılması hər iki ölkənin təşviqi ilə reallaşır. Digər məqam isə Hindistanın öz maraqları ilə bağlıdır. Hindistan hesab edir ki, Azərbaycanın Pakistanla əlaqələri onun Cənubi Qafqazdakı maraqlarına ziddir. Oan görə də Ermənistanı dəstəkləməklə Azərbaycanı zəiflətməyə, dolayısı ilə Pakistanı zəiflətməyə çalışır. Üçüncü səbəb isə odur ki, Hindistan yarandığı dövrdən son illərə qədər silah idxalçısı rolundan ixracatçı ölkə obrazına keçid etmək istəyir. Yəni öz silahlarını dünya silah bazarına çıxarır. İlk dəfədir ki, təxminən 1.5 milyard dollarlıq sazişlər imzalayır. Həmçinin Hindistanda istehsal olunan silahlar Qərb hərbi texnikaları ilə müqayisədə nisbətən ucuzdur. Ermənistan da bu səbəbdən Hindistan silahlarına maraq göstərir. 

 - Ermənistan hökumətində istefalar yaşanır, xeyli qurum rəhbəri istefaya göndərilib. Bunu hökumət böhranı kimi dəyərləndirmək olarmı? 
 - Mən hazırda Ermənistanda baş verənləri hökumət böhranı, yaxud siyasi elitada parçalanma kimi dəyərləndirməzdim. Paşinyan 6 il yarımdır ki, hakimiyyətdədir. Ciddi şəkildə hakimiyyət qollarına və baş verən proseslərə nəzərət edir. Baş nazir bu müddət ərzində özünə qarşı etirazları, çevriliş cəhdlərinin önünü ala bilib. Paşinyan vaxtaşırı bu və ya digər formada nazirləri, komitə rəhbərlərini dəyişdirir. Sadəcə, sonuncu dəyişiklik çoxsaylı olduğuna görə diqqət çəkdi. Reallıq isə odur ki, Paşinyan hakimiyyət daxilində ictimaiyyətdə müəyyən suallar yaradan, vəzifəsinin öhdəsindən gələ bilməyən, nüfuzuna xələl yetirən kadrları dərhal uzaqlaşdırır. Bu o demək deyil ki, Paşinyanın partiyasında ona qarşı çıxacaq ciddi fiqurlar peyda olub. Onun yerinə namizəd qismində Armen Qriqoryanın, Alen Simonyanın, Arorat Mirzoyanın adları çəkilir, amma hazırda bu şəxslərin heç birinin Paşinyana alternativ olmaq imkanları yoxdur. Paşinyan mövqeyi kifayət qədər güclü olan baş nazirdir. 

Chosen
25
sherg.az

1Sources