EN

Qənirə Ataşova və övladları təhdid olunur – Polisə çağırış

ABŞ-da yaşayan jurnalist Qənirə Ataşova “rezidenturasız cərrahlar” kimi fəaliyyət göstərən bəzi şəxslərin onu hədələdiyini bildirib.

KONKRET.az xəbər verir ki, bu barədə o, özünün Feysbuk səhifəsində yazıb.

Jurnalist ona edilən təhdidlərlə bağlı Azərbaycanın hüquq-mühafizə orqanlarına çağırış edib:

“Bu şəxslər ilk olaraq, şou-biznesdəki və mediada çalışan tanışlarının dəstəyi ilə mənə qarşı təxribat xarakterli hücumlar etdilər. Daha sonra külli miqdarda maddi təkliflərlə məni ələ almağa çalışdılar. Bu cəhdlər nəticəsiz qaldıqda, müxtəlif sosial media platformalarında haqqımda böhtan xarakterli paylaşımlar etdilər. Nəhayət, trollar vasitəsilə şəxsi mesaj qutuma sağlamlıq və həyatımla bağlı ciddi təhdidlər göndərdilər. Övladlarımın həyatına zərər yetirəcəkləri barədə mesajlar aldım. Məqsədləri aydındır, həqiqətləri ictimailəşdirməyimə mane olmaq və məni susdurmaq. İnstaqram hesabımda bu təhdid mesajlarının çoxsaylı nümunələri mövcuddur. Bu gün yalnız birini paylaşaraq, vəziyyətin nə qədər ciddi olduğunu göstərmək istəyirəm. Bu şəxslər həkim adını diplomla deyil, qeyri-qanuni yollarla qazanmağa üstünlük veriblər. Onların və adları çəkilən klinikaların fəaliyyəti cəmiyyətin sağlamlığı üçün ciddi təhlükədir. Aldatdıqları insanlardan topladıqları pulları troll ordusu, saxta hesablar və hətta haker hücumlarına yönəldirlər. Hüquq-mühafizə orqanlarını və bütün aidiyyəti qurumları bu vəziyyətə müdaxilə etməyə çağırıram. Xalqın sağlamlığını təhlükəyə atan, təhdid və təzyiqlərlə həqiqətləri gizlətməyə çalışan bu şəxslərə qarşı tədbirlər görülməsi zəruridir”.

Chosen
7
8
konkret.az

10Sources