EN

İnger Andersen: Qlobal emissiyaların 8,8 faizi turizm sektorunun payına düşür

Məni heyran edən odur ki, COP29 Sədrliyi ilk dəfə turizm məsələsini iqlim dəyişikliyi kontekstində qəti şəkildə gündəmə gətirib. Bu, çox vacibdir, çünki emissiyalar üzrə hesabatlar bizə göstərir ki, hazırda doğru istiqamətdə irəliləmirik, çünki 2023-cü ildə emissiyalarımız azalmaq əvəzinə 1,3 faiz artıb.

AZƏRTAC xəbər verir ki, bu fikirləri noyabrın 20-də Bakıda COP29 çərçivəsində keçirilən Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Nazirlərin Birinci Görüşündə BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersen deyib.

"Əslində, 2030-cu ilə qədər 1,5 dərəcə Selsi həddində qalmaq istəyiriksə, emissiyalarımızı 41 faiz azaltmalıyıq. İki dərəcə həddinə çatmaq istəyiriksə, - düşünürəm, bunu istəmirik, - o zaman emissiyalarımızı 28 faiz azaltmalıyıq. Bunun üçün beş ilimiz var, lakin bu, tamamilə mümkündür”.

UNEP-in icraçı direktoru diqqətə çatdırıb ki, qlobal emissiyaların 8,8 faizi turizm sektorunun payına düşür və turizm sektorunun yaratdığı emissiyaların 70 faizi nəqliyyat vasitələri tərəfindən meydana gəlir. Bütün bu məqamlar turizm sektoruna yeni baxışları labüd edir, emissiyaların azaldılması imkanlarını nəzərdən keçirməyi tələb edir.

İ.Andersen yekunda vurğulayıb ki, turizm sektorunun iqlim dəyişikliyi kontekstində dayanıqlığı təmin etmək üçün böyük potensialı var.

Chosen
11
xalqqazeti.az

1Sources