EN

Muxtar Babayev: "Dünyada şəhər əhalisinin xüsusi çəkisinin 70%-ə çatacağı proqnozlaşdırılır"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"2050-ci ilə qədər dünyada şəhər əhalisinin xüsusi çəkisinin indiki 50%-dən 70%-ə çatacağı proqnozlaşdırılır".
Oxu.Az-ın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev urbanizasiya və iqlim dəyişikliyi məsələlərinə dair nazirlərin görüşündə bəyan edib.
Onun sözlərinə görə, bu, bəşəriyyət qarşısında yeni çağırışlar yaradır və davamlı gələcəyin qurulması üçün imkanlar açır.
"Proqnozlara əsasən, növbəti 5-7 ildə şəhər əhalisi 500 milyon nəfər artacaq. Bu da öz növbəsində şəhər infrastrukturuna, o cümlədən elektrik enerjisi, su və kanalizasiya təchizatına, nəqliyyat sektoruna daha da böyük təzyiq göstərəcək. Hazırda şəhərlər qlobal CO2 emissiyalarının 70%-dən çoxuna məsuldur", - deyə o qeyd edib.
M.Babayev, həmçinin deyib ki, şəhər əhalisinin əhəmiyyətli hissəsi iqlim təsirlərinə həssas olan zonalarda yaşayır.
"2050-ci ilə qədər şəhər və qəsəbələrdə bir milyarddan çox insan, xüsusilə sahil zonalarında dəniz səviyyəsinin qalxmasına məruz qalacaq. Bu, iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması və adaptasiya üzrə təcili tədbirlərin görülməsini tələb edir.
COP29 çoxsəviyyəli yanaşmanı tətbiq etməyə və iqlim liderliyi vasitəsilə davamlı dünya qurmağa imkan verəcək şəhərlər üzrə bəyannamənin qəbul edilməsinə çağırır. Bu, həmçinin ümumi məqsədlərə nail olmaq üçün səylərini birləşdirməli olan yerli hökumətlər və şəhər orqanları üçün fəaliyyətə çağırışdır. Çoxsəviyyəli əməkdaşlıq iqlim dəyişikliyi ilə effektiv mübarizə üçün həyati əhəmiyyət kəsb edir.
Siyasət yerli səviyyədə konkret fəaliyyətlərə çevrilməlidir. Şəhər və regionlar yerli konteksti nəzərə almaqla iqlim həllərini həyata keçirməyə imkan verən alətlərə ehtiyac duyur. "Baku Urban" kimi təşəbbüslər müxtəlif tərəfləri əməkdaşlığa çağıraraq mühüm rol oynayır.
Şəhər infrastrukturunun iqlim maliyyələşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Davamlı nəqliyyat sistemlərinin qurulması innovativ maliyyə mexanizmləri və daha sıx əməkdaşlıq tələb edir. Bu, həmçinin iqtisadi artım, yeni iş yerlərinin yaradılması və şəhər əhalisinin həyat keyfiyyətinin yaxşılaşdırılması üçün imkanlar açır.
Şəhərlərdə iqlim fəaliyyətləri həssas əhalinin ehtiyaclarına cavab verməli və hamı üçün resurslara çıxışı təmin etməlidir. Urbanizasiya Günü çərçivəsində müzakirələr əməkdaşlığın dərinləşdirilməsinə, praktiki həllərin müəyyənləşdirilməsinə və gələcək üçün iddialı hədəflərin qoyulmasına töhfə verməlidir", - deyə o bildirib.
Rufina Abdullayeva
Chosen
24
50
oxu.az

10Sources