EN

COP29 və Azərbaycan hüquq sistemi: nələr dəyişəcək? - HÜQUQŞÜNAS AÇIQLADI

Qlobal miqyasda iqlim dəyişikliyi müasir dünyanın üzləşdiyi ən ciddi problemlərdən biridir.

Bu problemlə mübarizə məqsədilə BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyası çərçivəsində hər il keçirilən COP tədbirləri xüsusi əhəmiyyət daşıyır. 2024-cü ildə keçirilən COP29 konfransı isə iqlim dəyişikliyinə qarşı daha sərt və təsirli tədbirlərin qəbul edilməsini hədəfləyir.

Azərbaycan “Paris Sazişi” çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirən ölkələr sırasındadır. Bu da sözügedən mötəbər tədbirin Azərbaycanın hüquq sistemində müəyyən dəyişikliklərə yol açacağına zərurət yaradır.

Bəs COP29 Azərbaycan hüquq sistemində hansı dəyişikliklərə yol açacaq?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən hüquqşünas Ayxan Məmmədli bildirib ki, COP29 dövlətlərin iqlim dəyişikliyi ilə mübarizədə öhdəliklərini yerinə yetirməsi üçün beynəlxalq əməkdaşlığı gücləndirməyi hədəfləyir:

"Əsas məqsədlər karbon emissiyalarının azaldılması, "sıfır karbon" hədəfinə çatmaq üçün fəaliyyət planlarının hazırlanması, bərpa olunan enerji mənbələrinin payının artırılması, iqlim dəyişikliklərinə davamlı iqtisadi və sosial sistemlərin qurulması, ekoloji münaqişələrin həlli və bu sahədə hüquqi mexanizmlərin gücləndirilməsidir. Bu hədəflər Azərbaycanın milli qanunvericilik sisteminə və idarəetmə siyasətinə təsir göstərərək müxtəlif islahatları tələb edir. Ölkəmiz “Paris Sazişi” çərçivəsində 2030-cu ilə qədər karbon emissiyalarını 35%-ə qədər azaltmaq öhdəliyi götürüb. Bunun üçün bərpa olunan enerji mənbələrindən istifadənin artırılması, sənaye və nəqliyyatda ekoloji standartların tətbiqi kimi tədbirlər həyata keçirilir. COP29-un nəticələri bu hədəflərin daha da gücləndirilməsinə və icra mexanizmlərinin yenidən qurulmasına səbəb ola bilər".

A.Məmmədli qeyd edib ki, COP29-la bağlı qərarların tətbiqi ətraf mühit qanunlarının beynəlxalq standartlara uyğunlaşdırılmasını tələb edəcək:

"Bu dəyişikliklərə sənaye müəssisələri üçün karbon emissiya limitlərinin müəyyən edilməsi və bu limitlərin pozulması halında sərt sanksiyaların tətbiqi, karbon emissiyalarını azaltmaq üçün çirkləndirici müəssisələrdən alınan vergilərin artırılması, plastik və digər zərərli tullantıların azaldılması üçün qanunların sərtləşdirilməsi daxildir".

Ayxan Məmmədli: Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə lider ölkə kimi mövqeyini möhkəmləndirəcək

Müsahibimiz Azərbaycanın enerji sektorunda bərpa olunan mənbələrin payını artırmaq məqsədilə hüquqi dəyişikliklərin tətbiqinin gözlənildiyini deyib. Bildirib ki, günəş və külək enerjisi kimi təmiz texnologiyaların istifadəsini təşviq edən qanunların qəbulu, enerji səmərəliliyini artırmaq üçün texniki standartların tətbiqi, neft və qaz sektorunda karbon izinin azaldılması üçün ekoloji tələblərin gücləndirilməsi kimi tədbirlər bu sahədə vacib islahatların bir hissəsinə çevriləcək:

"Ekoloji cinayətlərə qarşı qanunvericilik sərtləşdiriləcək. Təbii ehtiyatların məhv edilməsi, tullantıların qanunsuz atılması və su resurslarının çirkləndirilməsi kimi cinayətlərə qarşı daha sərt cəzalar tətbiq edilə bilər. Bununla yanaşı, iqlim dəyişikliyi ilə bağlı münaqişələrin artması ilə əlaqədar məhkəmə sistemində ixtisaslaşmanın artırılması da tələb oluna bilər. Ekoloji münaqişələr üzrə ixtisaslaşmış məhkəmələrin yaradılması və bu sahədə mütəxəssis hakimlərin hazırlanması ehtimalı yüksəkdir. COP29 çərçivəsində ictimaiyyətin ekoloji məsələlər barədə məlumatlandırılması və ekoloji siyasətin icrasında fəal iştirakının təmin edilməsi üçün şəffaflıq prinsiplərinə əsaslanan qanunların tətbiqi də gözlənilir".

Hüquqşünas əlavə edib ki, dünya miqyasında COP tədbirlərinin nəticələri bir çox ölkələrdə hüquqi və idarəetmə sistemlərinə təsir göstərib:

"Avropa İttifaqı ölkələri və Skandinaviya dövlətlərinin ekoloji qanunvericilik sahəsindəki təcrübəsi Azərbaycanın hüquq sisteminin təkmilləşdirilməsində əsas rol oynaya bilər. Azərbaycan Xəzər hövzəsində yerləşən qonşu ölkələr üçün də nümunə rolunu oynayacaq".

Həmsöhbətimiz qeyd edib ki, COP29-un nəticələri Azərbaycanın hüquq sistemində yenilikçi islahatlar tələb edəcək:

"Bu islahatlar yalnız qanunvericilik sahəsini deyil, iqtisadiyyat, idarəetmə və cəmiyyət səviyyəsində də öz təsirini göstərəcək. Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə regional lider kimi mövqeyini möhkəmləndirmək və qlobal təşəbbüslərə töhfə vermək üçün COP29 qərarlarını səmərəli şəkildə hüquq sisteminə inteqrasiya etməlidir. Bu yanaşma həm ekoloji problemlərin həllinə, həm də ölkənin dayanıqlı inkişafına töhfə verəcək".

Əli Hüseynov

Chosen
20
50
bakivaxti.az

10Sources