EN

33 İL ƏVVƏLİN SİRRİ: 1991-Cİ İLİN 20 NOYABR FACİƏSİ NECƏ BAŞ VERDİ?

1991-ci ilin 20 noyabr tarixi! 33 il ötür, amma sirr hələ də qalmaqdadır... Belə ki, 1991-ci il noyabrın 20-də Xocavəndi rayonunun Qarakənd kəndinin yaxınlığında Azərbaycana məxsus “Mi-8” hərbi helikopterin erməni silahlı quldurları tərəfindən vurulduğuna dair yetərincə faktlar da var, amma...

Tezadlar.az xatırladır ki, Ermənistan silahlı bölmələri tərəfindən 1991-ci il noyabrın 20-də helikopterin vurulması nəticəsində Azərbaycanın bir çox dövlət xadimləri və jurnalistlər həlak olublar. Hesablamalara görə, Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 helikopteri 1991-ci il noyabrın 20-də saat 14:42 dəqiqədə vurulub. Faciə haqqında ilkin məlumat Prezident Aparatına saat 19:55-də çatıb. Lakin nə qədər maraqlı olsa da bu faciə haqqında xəbər Xankəndindən erməni dilində yayımlanan "Vətən və vətəndaş" verlişinin xəbərlər bölümündə, saat 15:30-də yayımlanmışdı. Həmin gün İrəvan radiosu saat 16:15-da Tehran radiosu, 17:00-da Moskva radiosu açıqlayıb. O vaxt əvvəlcə rəsmi variant səsləndi: helikopter dumanlı havada qayalara çırpılıb. Amma onun vurulduğunu bir neçə gün sonra etiraf etdilər. Bütün şübhələri aradan qaldırmağa və Mi-8-i vuran raketin erməni mövqelərindən çıxdığını elan etməyə isə bizə bir neçə il lazım oldu. Lakin Mi-8-in son uçuş tarixində həddindən artıq çox "ağ ləkələr" var.Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub:"- Tofiq Kazım oğlu İsmayılov - dövlət katibi- İsmət İsmayıl oğlu Qayıbov - Baş prokuror- Məhəmməd Nəbi oğlu Əsədov - dövlət müşaviri- Zülfi Saleh oğlu Hacıyev - Baş nazirin müavini- Vaqif Cəfər oğlu Cəfərov - millət vəkili- Vəli Hüseyn oğlu Məmmədov - millət vəkili- Osman Mirzə Hüseyn oğlu Mirzəyev - Prezident Aparatında şöbə müdiri- Qurban Hüseyn oğlu Namazəliyev - nazir müavini- İqor Aleksandroviç Plavski - DQMV-nin prokuroru- Vladimir Vladimiroviç Kovalyov - DQMV Daxili İşlər İdarəsinin rəisi- Sergey Semyonoviç İvanov - Dağlıq Qarabağ üzrə Milli Təhlükəsizlik Şöbəsinin rəisi- Nikolay Vladimiroviç Jinkin - fövqəladə vəziyyət rayonunun komendantı- Sanlal Dasumoviç Serikov - Qazaxıstan DİN-in müavini- Mixail Dmitriyeviç Lukaşov - milis general-mayoru- Oleq Nikolayeviç Koçerev - polkovnik-leytenant- Rafiq Məmməd oğlu Məmmədov - dövlət katibinin köməkçisi- Alı Mustafa oğlu Mustafayev - telejurnalist- Arif İsmayıl oğlu Hüseynzadə - AzTV-də işıqçı- Fəxrəddin İbrahim oğlu Şahbazov - video-operator- Vyaçeslav Vladimiroviç Kotov - helikopter heyətinin komandiri- Gennadi Vladimiroviç Domov - helikopter heyətinin üzvü- Dmitri Borisoviç Yarovenko - helikopter heyətinin üzvü

***

Zənnimcə, yazıçı-jurnalist İlqar Rəsulun aşağıdakı yazısı bu acı tarix üçün tutalqadır: 

"ÖN SÖZ: “Sara” romanını yazarkən istifadə etdiyim mənbələrdən biri də Qarabağda öldürülmüş erməni komandir Monte Melkonyanın qardaşı, amerikalı Markar Melkonyanın “Qardaşımın yolu” (Мarkar Melkonian-“MY BROTHER’S ROAD) kitabı idi. Həmin kitabda “20 noyabr - Qarakənd faciəsi”nə işıq sala biləcək bir abzasa rast gəldim. Bu barədə bir dəfə demişəm. Amma indi həmin sitatı və öz fikirlərimi ətraflı yazıram. Bəlkə bu gün ildönümü olan Qarakənd hadisəsinin araşdırılmasına töhfə verə bilər.

QARDAŞIMIN YOLU: "1992-ci il fevralın 4-də Ermənistan müdafiə naziri Vasgen Sarqısyan Monte Melkonyanı Dağlıq Qarabağın Martuni (Xocavənd) rayonuna qərargah rəisi (naçalnik ştab) təyin edir və yollayır. Onacan Martunidə qərargah rəisi, keçmiş Sovet Ordusunun kapitanı Anastas Ağamalyan olub. Monte Martuniyə gedir Anastası əvəz edir və ərazidə vəziyyəti öyrənmək üçün yerli hərbçilərlə görüşür. “Yerli komandirin müavini Nelson yad adamın (yəni Montenin-İ.R.) sualına yalan cavablar verirdi və Monte deyilənləri dəftərçəsinə qeyd edirdi. Nelson belində iri “Steçkin” tapançası olan güclü adam idi. Tapança trafey idi və Nelson onu vurulmuş helikopterin qalıqları arasından-azərbaycanlı zabitin meyiti üzərindən götürülmüşdü”".

ÖZ FİKİRLƏRİM: İlk növbədə onu deyim ki, 1992-ci ilin fevralınadək (yəni Monte Nelsonun belində o silahı görənədək) Xocavənd ərazisində yalnız bir helokopter vurulması hadisəsi var. O da 1991-ci il noyabrın 20-də Qarakənddə baş verib. Azərbaycana məxsus helikopter vurulub və respublikanın Dövlət katibi Tofiq İsmayılov, baş prokuroru İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov və ekipaj üzvləri də daxil - ümumilikdə 22 nəfər həlak olub.

Çox güman ki, Nelson belindəki “Steçkin” tapançasını ekipaj üzvləri də daxil bu, adını sadaladığım şəxslərdən birinin üzərindən götürüb. Bu o deməkdir ki, Nelson helikopterin vurulmasında birbaşa iştirak edib. Özü də qətliama rəhbərlik edib. Əks hada trofey başqısına qismət olardı.

“Steçkin” avtomatik tapançadır. Yəni ondan həm də yayılım atəşi açmaq olur. Bu baxımdan və hədəfi nişanalma dəqiqliyinə görə SSRİ-nin məşhur “Makarov” tapançasından (ikisi də eyni dövrün istehsalıdır, 1940-cı illərin sonu - 1950-nin əvvəli) xeyli üstündür. “Steçkin” sovetlər zamanında birbaşa döyüşlərdə iştirak edən zabitlər və xüsusi bölmələr üçün nəzərdə tutulurdu, tank və helikopter ekipajlarının da istifadəsinə verilirdi. Adi tapança deyil yəni. Yəqin ki, adi, o dövrdə hər kəsdə rast gəlinən silah olsaydı, həmin an Monte Melkonyan kimi bir terrorçunun diqqətini çəkməzdi və o, bu barədə dəftərçəsinə qeyd eləməzdi.

Deməli biz Nelsonu tapmaqla nəhayət ki, “20 novabr 1991-ci il Qarakənd faciəsi”nin necə törədildiyini detallı öyrənə və səbəbkarı cəzalandıra bilərik. Bu işdə Azərbaycana hazırda məhkəmə qarşısına çıxarılan erməni separatçıları da kömək edə bilərlər və çox güman ki, edəcəklər.

Bu hadisənin tam təfərrüratı ilə öyrənilməsi, respublika daxilindəki bəzi mübahisələrə də son qoyar...".

Bax belə... 33 il əvvəl baş vermiş faciəmizə bu günün gözü ilə baxmaq çox vacibdir... Güman edirəm, hazırda həbsdə olan Qarabağ separatçıları da bu acı tarixin qanlı faciəsindən çox şeyi bilirlər...

Asif Mərzili

Chosen
25
47
tezadlar.az

10Sources