EN

Xoş gəldin, D liqası!

Düz 19 il əvvəl, 2005-ci oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında sərəncam imzalamışdı. Sərəncamın “Azərbaycan Respublikasında futbolun inkişafının əsas istiqamətləri” adlanan 3-cü paraqrafının 9-cu bəndi milli komandaların beynəlxalq yarışlarda, o cümlədən Avropa və dünya çempionatlarında, Olimpiya oyunlarında, klub komandalarının isə Avropa turnirlərində iştirakının təmin edilməsi, “Gözlənilən nəticələr” adlanan 4-cü paraqrafının 7-ci bəndində beynəlxalq arenada ölkənin imicini qorumağa layiq olan beynəlxalq səviyyəli peşəkar futbolçuların hazırlanması müddəaları yer almışdı.

Bu Dövlət Proqramı çox vacib və həmin dövr üçün vaxtında atılmış bir addımdır. Bunun üçün ölkəmizdə idmana daim qayğı göstərən və bunu davam etdirən Prezident İlham Əliyevə ayrıca təşəkkür edirik. Təəssüf ki, proqramı icra etməli olanlar haqqında eyni sözləri demək mümkün deyil.

Proqramın digər müddəalarını yenidən uzun-uzadı yazmağa ehtiyac yoxdur. Azərbaycan yığmasının UEFA Millətlər Liqasında əldə etdiyi nəticələrdən sonra yalnız yuxarıdakı iki fikri əsas götürmək kifayət edir: 6 oyun, 1 heç-heçə, 5 məğlubiyyət. Buraxılan 17 qol, vurulan cəmi 3 top. İsveçdə 0:6 hesablı məğlubiyyətin adı isə fiaskodur. Nə nəticə var, nə peşəkar futbolçu.

10 ili əhatə edən Dövlət Proqramının bəhrəsini indi görməli idik. Azərbaycan yığmasının heyətinin 2000-ci ildən sonra doğulan futbolçular təşkil etdiyini nəzərə alsaq, onlar ilk addımlarını məhz layihənin həyata keçirildiyi dövrdə atıblar. Amma milli komandalarımızın beynəlxalq arenalardakı çıxışlarına diqqət yetirsək, hər şeyin tərs mütənasib təşkil etdiyini görə bilərik. Ölkənin əsas, U-17 və U-19 yığmaları 1 həftə ərzində 8 oyunda qələbə qazana bilməyib. Yalnız yeniyetmələrin son turda heç bir əhəmiyyət daşımayan görüşlərdə heç-heçə əldə etməsinə hansı adı vermək olar? Bu uşaqların bir neçə ildən sonra əsas komandada çıxış edəcəklərini nəzərə alsaq, bizi hansı faciənin gözlədiyinin indidən proqnozlaşdırmaq çətin deyil.

Artıq millimiz D yox, “Cırtdanlar Liqası”nda Lixtenşteyn, Cəbəllütariq, Malta və Andorra kimi komandalarla yarışacaq. Dövlət Proqramı qəbul olunanda Azərbaycan uşaq futbolunun inkişafı və yığmamızın beynəlxalq arenadakı çıxışına böyük ümidlər yaranmışdı. İndi günahkar kimdir? 20 il AFFA-nı idarə edən Rövnəq Abdullayev - Elxan Məmmədov tandemi, həmin dövrdə İcraiyyə Komitəsində yer alanlar bu nəticələrə görə məsuliyyətdən qaça bilməzlər. Onlardan hesabat tələb olunmalı, gələcəkdə eyni səhvlər buraxılmalı deyil. 2005-ci ildə Proqram qəbul olunanda təxminən 15 il boşa verilmişdi, indi məlum olur ki, daha 20 il havaya uçurulub.

Bəs yeni AFFA rəhbərliyi nə edir? Elə qurumun yeni rəhbəri Rövşən Nəcəfin komandası da əvvəlkilərdən geri qalmır. 7 aydan çox keçməsinə baxmayaraq, heç bir ciddi qərar verə bilməyən yeni rəhbərlik hələ beynəlxalq təşkilatların Azərbaycan futbolu barədə yazacağı strategiyanı gözləyir. Yalnız ölkənin əsas milli komandasına Fernandu Santuşun baş məşqçi seçiminə misal göstərmək olar ki, bu addımın da nə qədər uğursuz olduğu qısa müddətdə sübuta yetirildi. Milyonlar ödənilən portuqaliyalı mütəxəssislə yığmamız D Liqasında yuvarlanırsa, artıq deyəcək söz yoxdur.

AFFA rəhbərliyi bir daha yüz ölçüb, bir biçməlidir. Barmaqla sayılacaq qədər uşaq meydançaları, futbol məktəbləri və mütəxəssisləri olan ölkədə futbolda böyük nəticələrin əldə olunması nonsensdir. Böyük pullar əcnəbi mütəxəssislər, futbolçulara deyil ilk növbədə sağlam təməlin atılmasına sərf edilməlidir.

Azərbaycan futbolunda böyük islahatlara ehtiyac olduğu gün kimi aydındır. 30 ili boşa verən AFFA çətin seçim qarşısındadır. Futbol təsərrüfatında baş verənləri nəzərə alsaq, onların da bu məsul vəzifənin öhdəsindən layiqincə gələcəyi inandırıcı görünməyəcəksə, bizə yalnız ümid etmək qalır...

Kamal Rza
İdman.biz

Chosen
19
idman.biz

1Sources