EN

Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin layihəsinə baxıldı

Noyabrın 20-də Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclası keçirilib. İclasda “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə baxılıb.

Publika.az xəbər verir ki, iclasda Milli Məclis sədrinin müavini Musa Qasımlı büdcə layihəsinin qanunvericiliyə uyğun tərtib edildiyini, 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair 5 milli prioritetə, qarşıya qoyulan hədəflərə cavab verdiyini bildirib. O vurğulayıb ki, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəldilməsi büdcə layihəsində xüsusi yer tutur.

Musa Qasımlı qeyd edib ki, dövlətimizin müdafiəsi, milli təhlükəsizliyi və inkişafı bir-biri ilə sıx şəkildə bağlı olduğundan büdcə layihəsində müdafiə və təhlükəsizliyə ayrılan vəsaitlərin artırılması ümummilli maraqlarımızın təmin edilməsinə yönəldilib. Həmçinin layihədə sosialyönümlü xərclərin artırılması əhalinin həyat şəraitinin daha da yaxşılaşdırılmasına xidmət edir.

İclasda çıxış edən maliyyə naziri Samir Şərifov diqqətə çatdırıb ki, növbəti ildə dövlət büdcəsinin gəlirləri 5,3 faiz artırılaraq 38 milyard 316 milyon manat, xərcləri isə 4,1 faiz artırılaraq 41 milyarda 367,6 milyon manat proqnozlaşdırılır.

Qeyd edilib ki, 2025-ci ildə də sosialyönümlü xərclər prioritet təşkil edəcək. Əməkhaqqı, pensiya və sosial müavinətlər, ünvanlı sosial yardım və təqaüd xərcləri üzrə minimum əməkhaqqı, minimum pensiya, minimum ehtiyac meyarı, yaşayış minimumunun artımları üçün müvafiq məbləğdə vəsait nəzərdə tutulub.

Gələn ilin büdcəsində məişət zorakılığına, insan alverinə, erkən nikaha məruz qalmış şəxslər, sağlamlıq imkanları məhdud olan şəxslər və onların ailə üzvləri ilə sosial-psixoloji, pedaqoji işin təşkili, həmçinin uşaq və ailələrə dəstək mərkəzlərinin saxlanılması ilə bağlı tədbirlər üçün 7,4 milyon manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub.

Sonra elm və təhsil naziri Emin Əmrullayev çıxış edib, 2025-ci ilin dövlət büdcəsində elm və təhsilə ayrılan vəsaitlərlə bağlı fikirlərini bölüşüb. Son ildə tikilən və təmir edilən məktəb binaları və məktəbəqədər təhsil müəssisələri barədə məlumat verən nazir bildirib ki, növbəti ildə təhsil xərcləri üçün ayrılmış vəsaitin 2 milyard 395 milyon manatı və ya 47,5 faizi ümumi təhsil xərcləri üçün nəzərdə tutulub.

Chosen
41
1
publika.az

3Sources