EN

BMT TŞ-də vetosuz 2 yeni daimi üzv- islahat təklifi keçmədi...

Image

Braziliyada keçirilən G20 sammiti bəşəriyyətin üzləşdiyi problemlər siyahısında dünyanın iqtisadi cəhətdən ən inkişaf etmiş ölkələrinin prioritetlərinin dəyişdiyini göstərdi. Qlobal istiləşmə ilə mübarizə və ekoloji gündəmlə yanaşı, regional hərbi münaqişələrin artması və beynəlxalq strukturlarda islahatların aparılması zərurəti getdikcədiqqəti daha çox cəlb edir. 

G20 iştirakçılarını xüsusi maraqlandıran və narahat edən məqam həm də Donald Trampın prezident seçilməsi ilə ABŞ-ın siyasətində dəyişiklik perspektivi olub.

Xatırladaq ki, G20 sammiti Rio-de-Janeyroda baş tutub. Tədbirə ev sahibliyi edən ölkənin lideri, Braziliya prezidenti Luiz İnasio Lula da Silva “neoliberal qloballaşmanın çöküşü” haqqında nitq söyləyib, bunun bir əlaməti kimi dünyada bərabərsizliyin və zorakılığın artmasını göstərib: “Bu il qlobal idarəetmə islahatı ilk dəfə olaraq G20-nin gündəliyinə daxil oldu. BMT Təhlükəsizlik Şurasının fəaliyyətsizliyi özlüyündə beynəlxalq sülh və sabitliyə təhlükədir. Vetonun sui-istifadəsi bu qurumu beş daimi üzvünün girovuna çevirir”. Braziliya prezidenti uzun müddət BMT-də islahatların tərəfdarıdır. Sirr deyil ki, o, öz ölkəsini Təhlükəsizlik Şurasının yeni daimi üzvü kimi görür. Hələlik BMT-də islahatlar ideyası, ən azı ritorik səviyyədə artan dəstək alan bir ideya olsa da, sadəcə olaraq yerində sayır. G20 sammitinin bəyannaməsində də ən ümumi mənada da olsa bu hal dəstəkləndi. ABŞ-ın Təhlükəsizlik Şurasında iki daimi vetosuz yer yaratmaq və onların Afrika dövlətlərinə verilməsi təklifinə heç bir dəstək verilməyib. Sənəddə yoxsulluq və iqlim dəyişikliyi ilə mübarizədə əməkdaşlığın zəruriliyi ilə bağlı məqamlar da öz əksini tapıb. Məsələn, bəyannamənin 20-ci bəndi diqqətəlayiqdir.Burada qeyd edilir:  “Vergi suverenliyinə tam hörmətlə yanaşaraq, biz yüksək gəlirli şəxslərin səmərəli şəkildə vergiyə cəlb olunmasını təmin etmək üçün əməkdaşlığa çalışacağıq. Əməkdaşlığa ən yaxşı təcrübənin paylaşılması, vergi prinsipləri ətrafında müzakirələrin təşviq edilməsi və potensial zərərli vergi təcrübələrinin aradan qaldırılması da daxil olmaqla, vergidən yayınma ilə mübarizə mexanizmlərinin işlənib hazırlanması daxil ola bilər”. Bu, sosializm hesab etdiyi hər şeyin qatı düşməni olan Argentina prezidenti Xavyer Mileynin etirazlarını artıran bəyannamədəki məqamlardan biri olub. Sənəddə kifayət qədər ümumi şəkildə Rusiya-Ukrayna münaqişəsi və Yaxın Şərqdəki müharibədən bəhs edilir. Bəyannamədə Rusiya Federasiyası qınanmır, bu, təəccüblü deyil: ölkə G20-nin üzvüdür, yəni yekun sənədin qəbuluna mane ola bilər. Lakin sənəddə İsrail  qınanır. ABŞ prezidenti Cozef Bayden müharibənin yeganə günahkarının HƏMAS olduğunu deyərək, bu ifadənin mətnə daxil edilməsi üçün mübarizə aparmayıb.

Bəyannamənin konstruktiv hissəsi nisbətən zəif olub. Əslində hər şey sülh çağırışları və bu məqsədə çatmağa yönəlmiş sülhməramlı təşəbbüslərin dəstəklənməsi ilə məhdudlaşır. Mətbuat şərhləri ABŞ-dan gələn xəbərlərin sammitin işinə güclü təsir göstərdiyini qeyd edib. “The Times” hətta Trampın “görünməz təsirinin” Rio-de-Janeyroda hiss olunduğunu yazıb. Bəyannamənin bütün və ya demək olar ki, bütün bəndləri ABŞ-ın dəstəyi olmadan kağız üzərində qalmağa məhkumdur. Bu arada Trampın ölkə siyasətində təcridçilik meyllərini gücləndirəcəyi və beynəlxalq təşkilatların səylərinə şübhə ilə yanaşacağı gözlənilir. Onun ilk təyinatları bu gözləntiləri doğrultmuş kimi görünür. Məsələn, Tramp bu təşkilata dəfələrlə hədsiz şübhə ilə yanaşan və hətta onun Amerikadan maliyyələşməsini dayandırmağı müdafiə edən Elis Stefaniki BMT-də daimi nümayəndə təyin etmək qərarına gəlib. Bütün bunlar qlobal idarəetmədə bird aha yeniliklərə ehtiyac olduğunu nümayiş etdirir. Azərbaycan da bunun tərəfdarıdır. Xüsusən də BMT-də islahatlar baxımından. Qurumda islahatların aparılmasına kəskin ehtiyac yarandığını, hətta baş katib Antonio Quterreş də etiraf edir. Xüsusən də BMT Təhlükəsizlik Şurasının strukturunda dəyişikliklər olunmasına ehtiyac var. Hətta qurumun ali orqanı olan Təhlükəsizlik Şurasının da tərkib hissələrinə yenidən baxılmasının zəruriliyi tez-tez bildirilir. Xatırladaq ki, prezident İlham Əliyev də bir neçə dəfə bu məsələyə toxunub.  Qeyd edib   ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasında qərarlarının siyasi motivlərdən selektiv icrasına son qoyacaq islahatların aparılmasına tərəfdarıdır. BMT-Azərbaycan əlaqələri çoxşaxəli və sistematik xarakter daşıyır və əhəmiyyətli inkişaf yolu keçib: Lakin BMT Nizamnaməsində 79 il öncə müəyyənləşdirilmiş vəzifələr müasir qlobal çağırışlarla artıq ayaqlaşmadığı üçün təşkilat vəzifələrini lazımi formada yerinə yetirə bilmir. Hazırda siyasi, iqtisadi, hüquqi dəyərlər, qlobal maraqlar tam fərqli məcraya qədəm qoyub, nüfuz sosialist-kapitalist qütblərinin toqquşmasında ifadə olunmur. 1945-ci ilin standartları ilə yeni dünyaya yanaşmaq, təbii ki, effektiv ola bilməz. Digər tərəfdən, hətta effektiv olsa belə, BMT-nin fəaliyyətində bir çox dövlətlərə, xüsusən islam dünyasına münasibətdə ikili standartlar müşahidə olunur. Məsələləri faktiki olaraq Təhlükəsizlik Şurasının yalnız 5 daimi üzvü həll edir. Elə Azərbaycanın nümunəsində 30 il yerinə yetirilməyən BMT Təhlükəsizlik Şurasının qətnamələri də bunun ən bariz nümunəsidir. Onu da xatırladaq ki, BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxış edən dünya liderləri və xarici işlər nazirləri qlobal institutların davam edən münaqişələrin, humanitar böhranların və iqtisadi çağırışların həllində qeyri-adekvat olduğunu vurğulayıb, beynəlxalq sistemdə təcili islahatlara çağırışlar ediblər.

Nahid SALAYEV





Chosen
30
baki-xeber.com

1Sources