EN

Mask Trampın dəstəyi ilə almanlara meydan oxuyur

Mask

ABŞ prezidenti seçilmiş Donald Trampın Avropaya təsiri öncə Almaniyada hiss olunub. Odur ki, bir müddət əvvəl "Tesla" avtomobil zavodunun paytaxt Berlində qurulmasına etiraz edən minlərlə şəxsin tələbi keçərli olmaya da bilər.

Reyting.az
-ın məlumatına görə, Donald Tramp prezident seçildikdən sonra İlon Maskın Almaniyada biznes maneələrini aradan qaldırmağa təkan verir. İddia olunur ki, D. Tramp amerikalı milyarder İ. Maska dəstək üçün nüfuzundan istifadə edir.

İ. Mask D. Trampa güvəndiyini biruzə verir. O, Berlin yaxınlığında tikilmiş avtomobil zavodunu problemsiz genişləndirəcəyini, "Tesla" avtomobil zavodunun fəaliyyətinə davam edəcəyini bildirib.

Bu arada alman polisi xüsusi əmrlə hərəkətə keçib. Polislər "Tesla" zavodunun yaxınlığındakı etiraz aksiyasını dağıdıb. Aksiya iştirakçıları ekoloji təmizliklə bağlı tələblərinin rədd edilməsindən qəzəbləniblər. Lakin etiraz səslərini tamamilə susdurmaq mümkün olmayıb. Almaniyada ABŞ şirkəti "Tesla"-ya qarşı kütləvi etirazlar yenidən alovlanıb.

Bir qrup fəal tərəfindən yaradılan, əsas rəhbərliyində gənclərin olduğu "Disrupt Tesla" isə Berlin yaxınlığındakı şirkətə məxsus olan zavodun ərazisini daha da genişləndirmək planlarına qarşı çıxır. Fəallar bildirirlər ki, Berlindəki "Tesla" şirkətinin mənsubları bu gigafabrikanın genişləndirilməsinə çalışırlar. Lakin bu plan ətraf mühitə, xüsusilə də meşələrə və su ehtiyatlarına təhlükə yaradır. Onlar sosial şəbəkələrdə İ. Maskın layihəsini Almaniya ərazisində soyqırımı, "mənfəət üçün təbiətin məhvi" adlandırıb və hər bir vətəndaşı etiraza, kütləvi nümayişlərə çağırıblar.

Çərşənbə axşamı polis etiraz düşərgəsini dağıtmağa başlayıb. Bu barədə məlumat verən yerli hüquq-mühafizə orqanlarının nümayəndələri bildiriblər ki, aksiyalar qanun çərçivəsindən kənara çıxıb: polisə müqavimət və ictimai asayişin pozulması halları qeydə alınıb.

Fəallar bundan öncə keçirdikləri nümayişlər zamanı da həmişə barışmaz, sərt mövqe nümayiş etdiriblər. Alman polisi etiraza toplaşmış çox sayda nümayişçinin kobud davrandığını, magistral, həm də dəmir yolu xətlərini bağladıqlarını və bunun nəticəsində Berlin şəhərinin kənarındakı infrastrukturun tamamilə pozulduğunu iddia edib.

Berlin şəhərinin yaxınlığında Qryunhayd adlı ərazidə yerləşən və İ. Maska məxsus olan "Tesla" zavodu təxminən 12.000 şəxsin iş yeridir. Maskın şirkətinin nümayəndələri bildiriblər ki, bu, qalmaqallı avtomobil zavodu "Tesla"-nın Avropadakı yeganə gigafabrikidir.

Hələ də davam edən etirazlara və bütün tənqidlərə baxmayaraq, "Tesla" şirkəti öz elektrik avtomobillərinə artan tələbatı ödəmək məqsədilə istehsalı inkişaf etdirməkdədir.

Vəziyyət hələlik gərgin olaraq qalır, çünki fəalların gələcək hərəkətləri, ola bilsin ki, çox sərt davranış nümayiş etdirmələri məşhur ABŞ şirkətinin böyük planlarına mənfi təsir göstərsin.

Almaniyalı ekofəallar hələ də etirazların bitmədiyini, "Tesla" avtomobil şirkəti razılığa gələnə qədər davam edəcəyini bildirirlər.

Oqtay QORÇU
Chosen
10
reyting.az

1Sources