EN

COP29 çərçivəsində ilk bərpa olunan enerji hərracının qalibi ELAN EDİLİB

Yazını böyüt
Yazını kiçilt

COP29 çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə həyata keçirilən 100 MVt gücündə Qobustan Günəş Elektrik Stansiyasının tikintisi üzrə hərracın qalibi elan olunub.

Energetika Nazirliyindən hafta.az-a verilən məlumata görə, hər kilovat-saat elektrik enerjisi üçün ən aşağı təklif verən “Universal International Holdings Limited” şirkəti hərracda qalib gəlib. 2027-ci ildə istismara verilməsi nəzərdə tutulan stansiyada hər il təxminən 260 milyon kilovat-saat elektrik enerjisi istehsalı proqnozlaşdırılır. Bu isə ildə 57 milyon kubmetr həcmində təbii qaza qənaət etməklə yanaşı, atmosferə atılan karbon emissiyalarını 124 min ton azaltmağa imkan verəcək.

Energetika naziri Pərviz Şahbazov deyib: 100 MVt gücündə Qobustan Günəş Elektrik Stansiyası üzrə hərracın uğurla başa çatması Azərbaycanın bərpa olunan enerji sektorunda daha bir mühüm nailiyyətidir. Çinin “Universal International Holdings Limited” şirkətinin qalib gəlməsi, ölkəmizin yaşıl enerji layihələrinə beynəlxalq investorların artan marağını və inamını bir daha təsdiq edir. AYİB-in dəstəyi ilə həyata keçirilən və nəticələri COP29 çərçivəsində elan olunan bu hərrac, Azərbaycanın beynəlxalq əməkdaşlığa, davamlı inkişaf məqsədlərinə və “yaşıl enerji” potensialının reallaşdırılmasına sadiqliyini nümayiş etdirir. Bu uğur, enerji keçidi prosesimizi sürətləndirməklə yanaşı, qlobal iqlim hədəflərinə töhfəmizi daha da gücləndirəcək“.

Avropa Yenidənqurma və İnkişaf Bankının Qafqaz üzrə Regional rəhbəri Alkis Vryenios Drakinos bildirib:

“Azərbaycanın ilk bərpa olunan enerji hərracının uğurla başa çatması bizim üçün böyük nailiyyətdir. AYİB olaraq, yaşıl enerji layihələrinin maliyyələşdirilməsi və bu istiqamətdə siyasətlərin dəstəklənməsi üzrə uzun illər davam edən işlərimizin nəticəsini görməkdən məmnunuq. Bu layihənin həyata keçirilməsində iştirak edən bütün tərəfləri təbrik edirik”.

Qeyd edək ki, hərrac Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 2 avqust tarixli 2285 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi Qaydası”na uyğun olaraq keçirilib.

Chosen
8
30
hafta.az

10Sources