“2025-ci ildə yaşayış minimumunun 285 manat olacağı proqnozlaşdırılır”.
“Qafqazinfo” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin birgə iclasında bildirib.
Onun sözlərinə görə, 2026-cı ildə bu rəqəmin 300 manata çatdırılması, 2027-ci ildə 311 manat, 2028-ci ildə 323 manata yüksələcəyi planlaşdırılır: “Əmək qabiliyyətli insanların yaşayış minimumu 2023-cü ildə 261 manat, 2024-cü ildə 287 manat təsdiq olunmuşdu. 2025-2028-ci ildə isə əmək qabiliyyətli insanların yaşayış minimumunun 305 manat və 346 manat olacağı proqnozlaşdırılır.
Gələn il pensiyaçılar üçün isə yaşayış minimumu 232 manata, 2028-ci ildə isə 260 manata çatdırılması gözlənilir.
Uşaqlar üçün yaşayış minimumunun 2025-ci ildə 246 manata çatdırılacağı, 2028-ci ildə isə 275 manat olacağı planlaşdırılır.
2025-ci ildə minimum əməkhaqqının artırılması proqnozlaşdırılır. Bu barədə ilsonu ətraflı məlumatlar veriləcək. Bu artımlar əməkhaqqının həyat səviyyəsinə paralel yüksəlməsini təmin edir”.