EN

Yeni Azərbaycan Partiyası 32 il: Tarixi zərurət

Ümummilli Lider Heydər Əliyevin də dediyi kimi, cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası tarixi şəraitin diqtəsi ilə meydana gələn tarixi zərurət idi: “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içindən çıxmış zərurətdir. Azərbaycanda yaranan partiyaların bir çoxu ayrı-ayrı şəxslərin, siyasi fəaliyyətə başlayan şəxslərin şəxsi təşəbbüskarlığı ilə yaranan partiyalardır. Ancaq Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan, hərənin öz tərəfindən hərəkət etməsi nəticəsində, ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmışdır”.

Heydər Əliyev siyasi xətti, ideyaları, yolu ilə

Ümummilli Liderimizin Azərbaycana, xalqımıza, onun müstəqilliyinə bəslədiyi məhəbbət fonunda ərazi bütövlüyümüzün bərpası, ölkəmizin inkişafı üçün həyata keçirdiyi misilsiz xidmətlər bu gün öz bəhrəsini verib. Bunu hər bir vətəndaş görür və qürur duyur. Ölkəmizin ictimai-siyasi həyatında mühüm əhəmiyyət kəsb edən Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi münasibətilə keçirilən tədbirdə dövlətimizin başçısı çıxışında əvvəldən sonadək Partiyanın yaranması tarixinə nəzər salması, Heydər Əliyev siyasi xətti, ideyaları, yolu ilə getməklə əldə olunan uğurlardan bəhs etməsi ilə ötən illərin şanlı tarixinin səhifələri yenidən bir-bir vərəqləndi. Partiyamızın yaranması tarixi hadisə idi. O vaxt gənc Azərbaycan Respublikası çətin günlər yaşayırdı. Müstəqilliyimizin cəmi bir yaşı var idi və müstəqilliyimizin birinci ili çox ağır keçmişdir, bəzi hallarda xalqımız böyük faciələrlə üzləşmişdir. Belə bir vəziyyətdə Azərbaycanın görkəmli nümayəndələri, vətənpərvər insanlar, ölkənin gələcəyini düşünən insanlar ölkəmizin nicat yolunu Heydər Əliyevin simasında görürdülər və məhz buna görə Ulu Öndərə müraciət ünvanlamışdılar. Bu müraciəti ünvanlayan məşhur “91-lər” öz tarixi missiyasını şərəflə yerinə yetirdilər. Çünki məhz bu müraciət əsasında, bu müraciətə cavab olaraq Yeni Azərbaycan Partiyasının təsis konfransı Naxçıvanda keçirilmişdir. Təsis konfransında ölkəmizin bütün bölgələrindən 500-dən çox nümayəndə iştirak edirdi və onların tarixi qərarları ölkəmizin yeni səhifəsinin açılmasına gətirib çıxardı.

Yeni Azərbaycan Partiyasının Naxçıvanda keçirilmiş birinci təsis konfransını tarixi hadisə adlandıran dövlətimizin başçısı deyirdi: Ulu Öndərin sədrliyi ilə keçirilmiş bu konfransdan sonra ölkəmizdə yeni siyasi qüvvə yaranmışdır. Yeni Azərbaycan Partiyası yarananda müxalifət partiyası kimi yaranmışdır və dövlətin ağır problemlərinin, yükünün bir hissəsini öz üzərinə götürmək böyük məsuliyyət tələb edən addım idi. Çünki o vaxt, bir daha demək istəyirəm, ölkədə gedən proseslər çox narahatedici idi və Azərbaycanın görkəmli nümayəndələrinin məhz Heydər Əliyevə müraciət etməsi bu zərurətdən doğurdu. Çünki ölkə artıq idarəolunmaz vəziyyətə düşmüşdü, bir il ərzində dövlətçiliyin əsasları qoyulmamışdı, demokratik inkişaf ləng gedirdi, əslində, geriyə addımlar atılırdı. Biz təkcə senzuranın tətbiq edilməsini yada salsaq, demək kifayətdir ki, o vaxt demokratik mühitdən söhbət gedə bilməzdi. Yeni Azərbaycan Partiyasının təsis konfransının məhz Naxçıvanda keçirilməsi də buna bağlı idi. O vaxt Bakıda bu konfransın keçirilməsinə icazə verilməmişdi. Yəni, demokratik dəyərlər elan olunsa da, Azərbaycan xalqı faktiki olaraq həyatda bunun əksini görürdü. Media azadlığı yox idi, iqtisadiyyat çox ağır vəziyyətdə idi, insanların sosial vəziyyəti gündən-günə ağırlaşırdı, yoxsulluq təxminən 90 faizə çatmışdı, sənaye istehsalı iflic vəziyyətdə idi. Bizim sənayemizin aparıcı sahəsi olan neft-qaz sənayesi də böyük tənəzzülə uğramışdı və faktiki olaraq ölkəmizdə elektrik enerjisi böhranı hökm sürürdü. Nizami ordu yaradılmamışdı, inflyasiya ikirəqəmlidən üçrəqəmliyə keçirdi. Yəni, budur 1992-ci ilin noyabr ayında ölkəmizdə yaranmış vəziyyət.

YAP-ın təsis konfransından yeddi ay keçəndən sonra Heydər Əliyevin xalqın tələbi ilə Bakıya dəvət edilməsi, parlamentin sədri seçilməsi, 11 ay keçəndən sonra - oktyabr ayında isə Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə tariximizin o qara səhifəsi bağlanmışdır. Və biz bağlanan o qara səhifədən sonra başlanan tariximizin parlaq səhifələri ilə bu gün fəxr edir, qürur duyuruq.

Tarixin 1993-cü ildən açılan yeni səhifəsi

Bəli, 1990-cı ilin əvvəlində ölkədə ümumi vəziyyətin nə qədər təhlükəli olduğunu cəmiyyətin sağlam qüvvələri, ziyalılar yaxşı dərk edirdilər. Bu insanlar anlayırdı ki, Azərbaycanı belə bir ağır vəziyyətdən xalqımızın ləyaqətli oğlu Heydər Əliyev kimi böyük dövlət xadimi, bütün dünyada tanınmış bir şəxsiyyət xilas edə bilər. Amma o zamankı hakimiyyət Ümummilli Lider Heydər Əliyevin təcrübəsindən nəinki bəhrələnmək istəmirdi, əksinə ona qarşı əsassız mübarizə aparırdı. Bütün bunlara rəğmən tanınmış ziyalılar Heydər Əliyevin hakimiyyətə qayıdışını olduqca zəruri hesab edirdi. Respublikanın bütün əhalisi Ulu Öndərin hakimiyyətə gəlməsini istəyirdi.

Beləliklə, 1993-cü ildən tarixin qara səhifələri bağlandı və qarşımızda yeni bir səhifə açıldı. Bu səhifə Böyük Heydər Əliyevin dəst-xətti ilə yazılmağa başlandı. Elə bir səhifə ki, acılması ilə xalqın taleyini dəyişdi.

Ulu Öndərin mənəvi və siyasi varisi, daim Heydər Əliyev siyasətindən bəhrələnən və fəaliyyətini bu dahi insanın təcrübələrinə istinad etməklə quran dövlət başçısı cənab İlham Əliyev deyir: Biz Ulu Öndərin rəhbərliyi ilə çox ciddi iqtisadi islahatlara start verdik. İqtisadiyyatın bazar iqtisadiyyatı prinsipləri əsasında qurulması məhz o illərdə öz əksini tapmışdır. Azərbaycanın gələcəkdə dünyəvi dövlət kimi inkişafı məhz o illərdə təsbit edilmişdir. Bizim xarici siyasətimizlə milli maraqlar üzərində apardığımız işlər məhz o illərdə xalqa təqdim edilmiş və xalq tərəfindən dəstəklənmişdir. Bir çox başqa sahələrdə, o cümlədən ordu quruculuğu sahəsində atılan addımlar bir neçə ildən sonra imkan verdi ki, biz doğrudan da güclü və nizami ordu yaradaq. Bu gün bütün Azərbaycan xalqı Ordumuzla fəxr edir. Yəni, bu tarixi addımlar ölkəmizin uzunmüddətli strateji inkişaf modelini özündə ehtiva edirdi. Əlbəttə ki, bütün planlarımızı həyata keçirmək üçün bizim güclü maliyyə imkanlarımız olmalı idi. Yaxşı başa düşürdük ki, xarici sərmayələr gəlmədən buna nail olmaq mümkün deyil. Xarici sərmayələrin ölkəyə qoyulması üçün də ilk növbədə sabitlik olmalı idi və bu sabitlik yaradıldı. O ölkədə ki, 1991-1993-cü illərdə Azərbaycan xalqı faktiki olaraq sabitlik nədir bilmirdi. Qanunsuz silahlı birləşmələr meydan oxuyurdu, Bakı və digər şəhərlərin küçələrində əli avtomatlı insanlar faktiki olaraq hökmranlıq edirdi, kütləvi itaətsizlik hökm sürürdü. Belə bir vəziyyətdə sabitliyi yaratmaq ancaq Heydər Əliyevin nüfuzu, onun cəsarəti və xalqın ona olan inamı hesabına mümkün idi və xarici sərmayələr də ondan sonra dərhal gəlməyə başlamışdır. Məşhur “Əsrin kontraktı” və neft-qaz sahəsində ondan sonra aparılan işlər o vaxt güclü maliyyə zəmini yaratdı. O vaxt atılan addımlar və qəbul edilmiş qərarlar bu gün bizə imkan verir ki, müstəqil iqtisadi siyasət aparaq və beynəlxalq müstəvidə müstəqil ölkə kimi özümüzü təsdiqləyək.

Hər bir ölkə vətəndaşı ötən 21 ilin hər saatında, hər anında Ulu Öndərimizin tapşırıq və tövsiyələrinin yerinə yetirildiyi görür. Həm də çox yüksək səviyyədə. Bu tövsiyələrin yerinə yetirilməsində bütün cəmiyyətimizin səfərbər olduğunu da görmək mümkün olub. Çünki Ulu Öndər Azərbaycan üçün nə qədər əzizdirsə, onun tapşırıq və tövsiyələrinin bu xalqın nümayəndələri tərəfindən yerinə yetirilməsi bir o qədər qürurvericidir.

Prezident cənab İlham Əliyev Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi münasibətilə keçirilən tədbirdə bu barədə deyirdi: Yəni, 1993-2003-cü illərdə dövlətçiliyimizin çox möhkəm əsasları qoyuldu. Bu illəri sabitlik və inkişaf illəri kimi xarakterizə etmək olar. Əsas məsələ odur ki, bu siyasət davam etdirilməli idi. Azərbaycan xalqı 2003-cü ildə bir daha müdriklik göstərərək, məhz Ulu Öndərin şəxsiyyətinə olan hörməti ifadə edərək Heydər Əliyev siyasətinə səs verdi. Mən 2003-cü ildə xalqa söz vermişdim ki, bu yoldan dönməyəcəyəm. Son 19 ilin hadisələri onu göstərir ki, belə də oldu, Ulu Öndərin bütün tapşırıqları, bütün tövsiyələri yerinə yetirildi. O, öz siyasi vəsiyyətində demişdir ki, bir çox işlər görüldü, ancaq görə bilmədiyimiz işləri mənim davamçılarım görəcək, belə də oldu. Biz onun siyasi xəttini davam və inkişaf etdirərək güclü Azərbaycan dövləti qurduq ki, sözün əsl mənasında, hər bir azərbaycanlı bu dövlətlə, doğma dövlətimizlə fəxr edir. Biz iqtisadi islahatları dərinləşdirdik və son 19 ildə bu sahədə görülən işlər göz qabağındadır. Təkcə onu demək kifayətdir ki, 2003-cü ildən bu günə qədər bizim iqtisadiyyatımız 3 dəfədən çox artmışdır. Bu il iqtisadiyyatımız rekord həddə çatacaq. İlin sonuna qədər gözlənilən proqnoz onu deyir ki, iqtisadiyyatımız 130 milyard manata çatacaq. Bu, rekord göstəricidir. Bizim uğurlu iqtisadi-maliyyə siyasətimiz nəticəsində xarici dövlət borcumuzu əhəmiyyətli dərəcədə aşağı sala bilmişik. Bu da həm bu gün üçün, həm gələcək nəsillər üçün böyük üstünlük təşkil edir. Bu gün ona görə ki, bizim kredit reytinqimiz yaxşılaşır. Gələcək nəsillər üçün ona görə ki, bu yük gələcək nəsillərin üzərinə düşməyəcək. Bir neçə il bundan əvvəl mənim göstərişimlə aparılan islahatlar nəticəsində bu ilin sonuna biz xarici borcumuzun ümumi daxili məhsuldakı payını 10 faizə qədər endirəcəyik. Əgər valyuta ehtiyatlarımızı götürsək, bizim valyuta ehtiyatlarımız xarici borcdan 8 dəfə çoxdur. Yəni, ancaq nadir ölkələr bu göstəricilərlə fəxr edə bilər.

Azərbaycan Ulu Öndərin vəsiyyəti əsasında milli-mənəvi dəyərlər üzərində qurulur, inkişaf edir

Azərbaycan xalqının özünəməxsus milli dəyərləri vardır ki, bu xalq hansı dövrdən, çətinliklərdən, müharibələrdən, ağrı-acılardan keçməsinə baxmayaraq həmin dəyərlərə sadiq qalmış, onları qoruya-qoruya nəsillərdən-nəsillərə təhvil vermişdir. Onlardan biri də xalqın birliyi, həmrəyliyidir ki, 44 günlük Vətən müharibəsində də bunun şahidi olduq. Ulu Öndərimiz də bu dəyərlərin hər zaman qorunmalı olduğunu tövsiyə edirdi.

Prezident cənab İlham Əliyev: Azərbaycan dövləti Ulu Öndərin bizə etdiyi vəsiyyət əsasında milli-mənəvi dəyərlər üzərində qurulur, inkişaf edir. Azərbaycan dəyərləri bizim üçün əsas dəyərlərdir. Biz hamımız bunun şahidiyik ki, gənc nəsil də milli ruhda böyüyür, gənc nəsil milli ənənələrə sadiqdir, azərbaycançılıq ideyalarına sadiqdir. Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır, bu da Ulu Öndərin siyasəti idi. Biz bu siyasəti uğurla davam etdirərək, zənginləşdirərək bu gün Azərbaycanda, hesab edirəm ki, dünya miqyasında nadir və təkrarolunmaz mühit yaratdıq. İkinci Qarabağ müharibəsi bunu bir daha göstərdi. Azərbaycanda yaşayan bütün xalqların nümayəndələrinin hamısı bir nəfər kimi ölümə getməyə hazır idi, ölümə gedirdi, azad edilmiş torpaqlarda bayrağımızı qaldırırdı. Bu, bizim böyük üstünlüyümüzdür. Bu istiqamətdə həm ölkə daxilində, həm beynəlxalq müstəvidə bu gün Azərbaycan nümunəvi davranış göstərir. Əsas məsələ odur ki, bütün Azərbaycan xalqı tərəfindən, Azərbaycanda yaşayan bütün etnik qruplar tərəfindən bu siyasət dəstəklənir. Bu, bizim gücümüzü artırır və bundan sonra gələcək nəsillər də məhz belə yaşamalıdır, əminəm ki, belə yaşayacaqlar.

Başa çatdıra bilmədiyimiz işləri davamçılarımız başa çatdıracaq

Bu barədə Prezident İlham Əliyevin dəyərli və yaddaqalan, bütün nəsillərə nümunə olan dəyərli fikirlərini dinləmək kifayətdir: Heydər Əliyev öz siyasi vəsiyyətində bir şey də demişdir. Artıq bunu dəfələrlə demişəm, Azərbaycan xalqı da bilir ki, başa çatdıra bilmədiyimiz işləri davamçılarımız başa çatdıracaq. Onların arasında yəqin ki, mən belə hesab edirəm, ilk növbədə, Qarabağ probleminin həllini nəzərdə tuturdu. Biz, onun davamçıları bu problemi bütün işlərimizin mərkəzinə qoyduq. Yəni, hər bir addım, hər bir təşəbbüs, hər bir sərmayə, hər bir beynəlxalq təmas bu məqsədi güdürdü ki, bu, bizi müqəddəs hədəfimizə yaxınlaşdırır, yoxsa uzaqlaşdırır?! Ona görə bütün işlərimizin mahiyyəti məhz bu idi - Qarabağı azad etmək, tarixi ədaləti bərpa etmək. Biz bu hədəfə doğru gedirdik. Bizim yolumuz çox çəkdi. Ancaq elə gedib, elə nöqtə vurmalı idik ki, bu, birdəfəlik olsun. Biz avantüraya heç vaxt gedə bilməzdik. Biz səhv addım, yaxud da ki, vaxtsız addım ata bilməzdik. Biz hər şeyi ölçüb-biçib öz gücümüzü, eyni zamanda, digər amilləri nəzərə alaraq ən düzgün vaxt seçməli idik, ən düzgün vaxt üçün ən yaxşı vəziyyətdə olmalı idik. Xalqımız Ordumuzla tam birləşdi. Ona görə biz hamımız deyirik ki, bu, ümumxalq Qələbəsidir. Çünki xalq-iqtidar bir yumruq kimi birləşdi və cəmi 44 gün ərzində biz istədiyimizə nail olduq, tarixi ədaləti bərpa etdik, düşməni torpaqlarımızdan qovduq. 8 noyabr 2020-ci il hamımızın yaddaşında əbədi qalacaq, o cümlədən mənim. O vaxt Ulu Öndərin məzarını ziyarət etdim, ondan sonra şəhidlərin qəbrini ziyarət etdim. Şəhidlər xiyabanında Azərbaycan xalqına Şuşa müjdəsini verdim. Ulu Öndərin məzarı önündə özümə dedim ki, bu vəsiyyət də, bu sonuncu vəsiyyət də yerinə yetirildi.

Ulu Öndərin həyatı, fəaliyyəti bir fədakarlıq nümunəsi idi

Bütün həyatını, sağlamlığını xalqının xoşbəxtliyinə, müstəqilliyimizin əbədiliyinə, torpaqlarımızın azadlığına həsr edən böyük Heydər Əliyevin həyatı da, fəaliyyəti də bir fədakarlıq nümunəsi idi.

Yaxşı yadımdadır, 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində torpaqlarımızı satanlar isti otaqlarında boş-boş işlərlə məşğul olduqları zaman Ulu Öndərimiz qazsız, işıqsız Naxçıvanda buz kimi evdə yaşayır, Azərbaycanın gələcəyi üçün böyük əhəmiyyətə malik olan sənədlərə qaranlıq, soyuq iş otağında imza atırdı. Saatlarla o soyuq otaqda bu xalqın qurtuluşu üçün yollar axtarıb tapırdı. Minilliklər boyu bir xalqın taleyində belə şəxsiyyətlər çox az halda olur. Biz çox xoşbəxt xalqıq ki, Ulu Öndər bizim tale payımız, alın yazımız olub. Biz bugünkü müasir, müstəqil Azərbaycan üçün Ulu Öndərimizə, onun ölməz ideyalarına borcluyuq. Dövlətimizin başçısının söylədiyi kimi: Ulu Öndərin həyatı, fəaliyyəti bir fədakarlıq nümunəsi idi. O, hətta özü üçün ən çətin dövrlərdə, artıq son illərdə fiziki sağlamlığı əvvəlki kimi olmadığı dövrdə də hər zaman hər birimizə nümunə göstərirdi. Hər birimiz, o cümlədən mən onun sağlığında da və yoxluğunda da onun kriteriyalarına uyğun hərəkət etməyə çalışırıq. Bu gün bizi qabağa aparan məhz budur - onun xatirəsinə hədsiz hörmət və onun mirasına olan münasibət. Onun mirası da bu gün müstəqil Azərbaycandır.

Sonda yenə də dövlətimizin başçısı, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin dəyərli fikirlərini söyləmək istəyirəm: Biz onun siyasi xəttini davam və inkişaf etdirərək güclü Azərbaycan dövləti qurduq ki, sözün əsl mənasında, hər bir azərbaycanlı bu dövlətlə, doğma dövlətimizlə fəxr edir.

Tarixin 32 illik zaman kəsiyinə və xalqın nail olduqlarına şahid olan Yeni Azərbaycan Partiyası müasir, güclü Azərbaycanın dünəni, bu günü və sabahıdır.

Mətanət Məmmədova

Chosen
32
sesqazeti.az

1Sources