EN

Büdcəyə getməyən cərimə korrupsiyaya yem olurmu?

Noyabrın 19-da maliyyə naziri Samir Şərifov Milli Məclisdə deyib ki, Azərbaycanda vətəndaşlara yazılan cərimələr bəzən dövlət büdcəsinə daxil olmur. Onun sözlərinə görə, vəziyyəti düzəltmək üçün yeni proqram təminatı yaradılıb və cərimələrin düzgün ödənilməsinə nəzarət ediləcək.

İldə vətəndaşların ödədiyi cərimələrin ümumi məbləği Azərbaycanda, bir qayda olaraq, açıqlanmır. Dövlət büdcəsinə getməyən cərimələrin ümumi cərimə həcmində neçə faiz təşkil etdiyi də qeyd olunmur. Amma nazir bildirib ki, büdcə təşkilatlarından 840 milyon manat daxil olmasını proqnozlaşdırılır: "Bunların əksəriyyəti cərimələrdir. Əsas vəsait bir neçə qurumun payına düşür. Birinci yerdə Daxil İşlər Nazirliyidir, ən çox cərimə onlardan daxil olur. İkinci yerdə İqtisadiyyat Nazirliyi gəlir. Bu nazirliyin tərkibində də bir çox qurumlardan cərimələr büdcəyə daxil olur. Dövlət Gömrük Komitəsinin, Qida Təhlükəsizliyi Agentliyinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin burada payı var".

Son zamanlar ardıcıl olaraq müxtəlif cərimələr artırılır. Yəni, cərimə ödənişlərdən büdcəyə gedən hissə də artmalıdır.

Bəs cərimələrin bir hissəsi haradadır və niyə büdcəyə çatmır?

Suala Maliyyə Nazirliyindən cavab almaq mümkün olmayıb. Amma Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev mövzu ilə bağlı "Turan"a açıqlamasında xatırladıb ki, bir neçə növ cərimələr var: "Var elektron cərimələr, var nağd cərimələr. Bəzən cərimələr gecikdirilir, daxil olmur. Elektron formada olan cərimələr də əvvəlcə öz təşkilatlarına gedir, sonra da həmin təşkilatlardan gecikdirilərək dövlət büdcəsinə ödənilmir".

A.Nağıyev qeyd edib ki, ona görə də hər bir cərimə öz təşkilatlarına ödənilən an dövlət büdcəsinə transfer olunacaq: "Belə bir proqram təminatı yaradılıb və buna nəzarət olunacaq".

Maliyyə məsələləri üzrə ekspert, vəkil Əkrəm Həsənovun fikrincə isə, problem onunla bağlıdır ki, Azərbaycanda son 10 ilə yaxın müddət ərzində çox mürəkkəb və anormal dövlət qurumları sistemi yaranıb.

Ekspert AzadlıqRadiosuna bildirib ki, əvvəllər dövlət orqanlarının səlahiyyətlərini yalnız dövlət orqanları həyata keçirirdi: "2016-cı ildən sonra isə Azərbaycanda çoxlu sayda publik hüquqi şəxs təsis olunub. Onlar isə dövlət orqanı deyil, ayrıca hüquqi şəxsdir. Ona görə də onların bank hesabları özlərinindir".

Ə.Həsənovun sözlərinə görə, Azərbaycanda publik hüquqi şəxslərin nizamnaməsində göstərilir ki, hamısı hansısa dövlət orqanına - nazirliklərə tabedir: "Amma onların bank hesabı müstəqildir, maliyyəsi birbaşa dövlət büdcəsinə gəlmir, Maliyyə Nazirliyi onu görmür. Bu yolla nəinki cərimələr, başqa vəsaitlər də büdcəyə getmir".

O hesab edir ki, burada böyük məqsədlər var: "İstənilən fəaliyyətlə məşğul olurlar, o cümlədən də sahibkarlıqla. O gəlir dövlətə yox, publik hüquqi şəxslərə, oradan da guya ki, xərclərin ödənilməsinə gedir. Digər tərəfdən, dövlət qurumlarında dövlət qulluqçularının əməkhaqqı sistemi var və ondan kənara çıxmaq olmur. Amma publik hüquqi şəxslərin işçilərinin maaşları tam sərbəstdir və bir çox hallarda müəyyən nazirlik nəzdində olan publik hüquqi şəxsin maaşları o nazirliyin işçilərinin əməkhaqqından qat-qat çoxdur".

Mövzu ilə bağlı publik hüquqi şəxslərin rəhbər orqanları ilə ayrılıqda danışmaq mümkün olmayıb. Amma həmin qurumlar, bir qayda olaraq, şəffaf fəaliyyət göstərdiklərini deyirlər.

 

Chosen
3
turan.az

1Sources