EN

Qaradağda YAP-ın yaranmasının 32-ci ildönümü qeyd edildi - FOTOLAR

Noyabrın 21-də Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzinin akt zalında Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 32-ci ildönümü ilə əlaqədar “Yeni Azərbaycan Partiyası – zəfərlərdən zəfərlərə” mövzusunda elmi-praktik konfrans keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov, YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, YAP Qaradağ rayon təşkilatı Aparatının və Qaradağ Rayon İcra Hakimiyyəti Aparatının əməkdaşları, şəhid ailələrinin üzvləri, Qarabağ qaziləri, rayon ictimaiyyətinin nümayəndələri və partiya fəalları iştirak ediblər.

Əvvəlcə Heydər Əliyev Mərkəzinin binası qarşısında Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülməklə əziz xatirəsi yad olunub. Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Qaradağ rayonun musiqi məktəblilərinin ifasında təqdim olunan musiqi sədaları altında  ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyətindən bəhs edən kitab sərgisi və eksponatlarla tanış olublar.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Yeni Azərbaycan Partiyasının yaranmasından və fəaliyyətindən bəhs edən qısametrajlı film nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev partiyanın 32 il ərzində keçdiyi şərəfli yol haqqında danışıb. O, partiyanın tarixi zərurətdən yaranaraq Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması və dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində gördüyü mühüm işlərdən bəhs edib. 

Konfransda çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov partiyanın yaranmasını Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqına bəxş etdiyi töhfələrdən biri kimi qiymətləndirib. Bu siyasətin layiqli davamçısı olan Azərbaycan Prezidenti, YAP-ın Sədri İlham Əliyevin rəhbərliyi altında dövlətimizin qüdrətinin və beynəlxalq nüfuzunun daha da artdığını xüsusi vurğulayıb.

YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə Ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan Yeni Azərbaycan Partiyasının 32 il müddətində zəngin və şərəfli bir inkişaf yolu keçdiyini bildirib. YAP-ın yarandığı gündən Azərbaycanın ən güclü və mütəşəkkil siyasi qüvvəsinə çevrildiyini vurğulayan Arif Rəhimzadə bu partiyanın həm də xalqımızın milli maraqlarının ifadəçisi olduğunu qeyd edib. YAP-ın təsis edildiyi gündən xalqımızın ən fəal və mübariz nümayəndələrinin qorxmadan bu partiyanın sıralarına qoşulduğunu qeyd edən YAP Veteranlar Şurasının sədri bu partiyanın yaranmasının xalqımızın mütəşəkkilliyinin və siyasi təfəkkürünün yüksək göstəricisi olduğunu deyib. O, bu gün YAP-ın öz sıralarında ölkəmizin qabaqcıl gənclərini toplayaraq yetkin siyasi qüvvəyə çevrildiyini bildirib.

Tədbirdə çıxış edən məşhur “91-lər”in nümayəndəsi, Qaradağ rayon İcra Hakimiyyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov ötən əsrin 80-ci illərin sonu 90-cı illərin əvvəllərində Azərbaycanın görünməmiş fəlakətlə qarşılaşdığı bir zamanda ulu öndər Heydər Əliyevin rəhbərliyi və ölkənin qabaqcıl ziyalılarının təşəbbüsü ilə formlaşan Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli tarixi yoldan və ölkəmizin bu gün qazandığı böyük uğurlarda oynadığı mühüm roldan bəhs edib.

Konfransda Qaradağ rayonunun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxs Fəxri Fərmanla təltif edilib və partiya sıralarına yeni qəbul edilmiş gənclərə üzvlük vəsiqələri təqdim olunub.

Sonda xatirə fotosu çəkdirilib.
 

Chosen
45
50
unikal.az

10Sources