EN

Azərbaycan COP29-da balanslaşdırılmış həllər paketinə nail olmağa çalışır - Nazir müavini

Azərbaycan COP29-da adaptasiya, fəsadların azaldılması, iqlim maliyyələşdirməsi və gender məsələlərini əhatə edən balanslaşdırılmış qərar paketinə nail olmağa çalışır.

Olaylar.az xəbər verir ki, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva "Bakıdan Belemə: fəsadların birgə azaldılması və uyğunlaşma. Paris Sazişinin 6.8-ci maddəsi kontekstində Amazon regionunun meşələrinin kompleks və dayanıqlı idarəetmə mexanizmi" mövzusunda keçirilən tədbirdə bildirib.

"Biz, COP29 Sədrliyi və COP sədrləri Üçlüyünün bir hissəsi olaraq, 1,5°C hədəfini əldə edilə bilən zonada saxlamağa çalışırıq, beynəlxalq əməkdaşlığı əhəmiyyətli dərəcədə gücləndirir və ambisiyaları stimullaşdırırıq.

Tropik meşələrin qorunması və bərpası "1,5°C missiyası" yol xəritəmizin mərkəzi elementidir. Bu kontekstdə bu il iyul ayında Üçlük meşələrin qorunması, müdafiəsi və bərpasına dəstək məqsədilə yüksək səviyyəli bir tədbir təşkil etdi, bu tədbir bioloji müxtəliflik və iqlim arasında sinerji yaratmağı da nəzərdə tuturdu.

Bu tədbir Çinin Uhan şəhərində keçirilən İqlim Fəaliyyəti üzrə Nazirlər Konfransı çərçivəsində baş tutmuşdu. Burada, COP29-da biz digər mühüm bir mərhələni əldə etdik. Tərəflər Paris Sazişinin 6.8-ci maddəsində göstərildiyi kimi, bazar əsaslı olmayan yanaşmalar üzrə iş proqramı ilə bağlı mühüm qərar qəbul etdilər və bu, ölkələrə öz milli iqlim planları çərçivəsində əməkdaşlıq etmək üçün yeni imkanlar açdı.

Azərbaycan COP29-da adaptasiya, fəsadların azaldılması, iqlim maliyyələşdirməsi və gender məsələlərini əhatə edən balanslaşdırılmış qərar paketinə nail olmağa çalışır", - o qeyd edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
31
3
olaylar.az

4Sources