EN

Ermənistandakı istefalar siyasi şoudur

İkinci Qarabağ müharibəsindən sonra artıq tarixin arxivinə atılmış «Dağlıq Qarabağ münaqişəsi» ilə əlavə «səylərə» ehtiyac duyulmadığı üçün Minsk qrupu Prezident İlham Əliyevin söylədiyi kim təqaüdə göndərildi. De-fakto bir-biri ilə qarşıdurma vəziyyətində olan həmsədrlərin Cənubi Qafqaza turist səfərləri limitləri sona çatdı. Torpaqlarımız 30 il işğal altında qaldığı müddətdə səlahiyyətlərini aşaraq Azərbaycanla Ermənistan arasında sülhə dəstək vəzifəsini yerinə yetirmək əvəzinə işğalçıya siyasi, maddi, hərbi yardımlar göstərən Fransa Prezidenti Emmanuel Makron qrupun həmsədr dövlətlərindən birinin rəhbəri kimi çox bu boşluqdan məyus oldu. «Onlar Cənubi Qafqaz regionunda bizim razılığımız olmadan mövcud ola bilməzlər. Bizsiz onu etmək istəyirlərsə, onlar uğursuzluğa düçar olacaqlar və bu, bir daha onlar üçün çox acınacaqlı və ağrılı bir məsələ olacaq. Yəni, Minsk qrupunun burada bir növ «canlı» saxlanılmasında nə fayda var, nə məqsəd var?! ATƏT daxilində konsensus şəklində qərarlar qəbul edilir. Ermənistan Minsk qrupunu hələ də fəaliyyətdə saxlamaq istəyirsə, bu o deməkdir ki, Ermənistanın hələ də Azərbaycana qarşı ərazi iddiası var və bu, çox ciddi bir faktordur» söyləməklə erməni havadarlarının pərdəarxası məkrli siyasətlərinin baş tutmayacağını bildirən Prezident İlham Əliyev bu cəhdləri test, beynəlxalq ictimaiyyəti aldatmaq göstəricisi adlandırır. Bəyanatları ilə əməlləri fərqli olan, onlar üçün sərf edən məqamlarda «Qarabağ Azərbaycandır!» sözlərini «Qarabağ Ermənistandır!» ifadələri ilə əvəzləyən Minsk qrupunu diriltməyə çalışın Fransa Prezidenti Makronun məkrli gedişləri qüdrətli Azərbaycan tərəfindən ifşa olundu.

Makronun Avropa İttifaqının Xarici təhlükəsizlik və siyasəti işləri üzrə ali nümayəndəsi Cozep Borrel, ABŞ konqresmeni Frank Peloni kimilərdən istifadə etməklə Azərbaycana qarşı təxribat kampaniyasını genişləndirən, Ermənistanı silahlandırmaq cəhdinə haqq qazandırmağa çalışması da işə yaramadı. Rəsmi İrəvanı silahlandırmaqla bölgədə itirdikləri mövqelərinin bərpasına çalışan Makron başqa vasitələrdən istifadə yolu ilə Ermənistana «dəstək» olmağa çalışır. Amma bu münasibətləri ölkələrinin məhvi kimi anlayan Ermənistanın bəzi rəsmiləri arasında yaranan fikir ayrılıqları, ixtilaflar daha güclü ideoloji silah kimi Hayastanı qarışdırır. Tərəflər arsında sülh sazişinin imzalanması üçün Ermənistan konstitusiyasında dəyişikliklər edilməsini, Azərbaycanın ərazi bütövlüyünə qarşı təhlükə və təhdidin aradan aqlırılmasını tələb edən rəsmi Bakının şərtlərinin hələ də cavabsız qalmasında da Makronun barmağı var. Çünki həmin sənəddə Ermənistanın və dırnaqarası «Dağlıq Qarabağ”ın birləşməsinə» eyham vurulur. Yəni, bu müddəa o konstitusiyada saxlanıldığı müddətdə sülh sazişi mümkün deyil. Prezident İlham Əliyevin «Bir daha demək istəyirəm ki, məni hər kəs yaxşı başa düşsün. Ermənistanın daxili işlərinə bizim hər hansı müdaxiləmizdən söhbət gedə bilməz. Ancaq konstitusiyada belə bir maddənin olması sülh sazişini mümkünsüz edir. Çünki konstitusiya hər hansı bir beynəlxalq müqavilədən üstün sənəddir. Ona görə biz o vəziyyətdə olmaq istəmirik ki, bir gün onlar yenə də öz fikirlərini dəyişəcəklər və biz sentyabrda atdığımız addımları təkrar etməyə məcbur qalacağıq» sözlərindən xoflanan Ermənistanın baş naziri Nikol Paşinyanın hiyləgərcəsinə həmin maddə ətrafında manipulyasiya etməsi vaxt uzatmaqdan başqa bir şey deyildir.

Son vaxtlar Gürcüstanda daxili gərginliyi artırmaq, bu ölkədə keçirilən parlament seçkilərinə müdaxilə etməklə Cənubi Qafqazda maraqlarını həyata keçirməyə çalışan ABŞ-ın, Qərbin niyyətlərinn baş tutmaması Ermənistanı da silkələyib. Cənubi Qafqazda ayırıcılıq siyasəti yeritməklə bütün variantlardan istifadə edən Qərbin məkrli niyyətlərinin iflasa uğraması rəsmi İrəvanın daxili siyasətinə də təsirisz ötüşməyib. Son günlərdə bir neçə nazirin, dövlət qulluqçularının istefa vermələri, Qərb və Rusiyameyilli qüvvələr arasında fikir ayrılığın yaranması, Paşinyanın hər iki tərəflə münasibətlərini pozmamaq üçün ermənisayaq gedişlər etməsi kələfi daha da dolaşdırıb. Təzyiq və təhdidləri müxtəlif bəhanələrlə özündən uzaqlaşdıran Paşinyanın son günlərdə «istefa verəcəyi» şousu yaratması da erməni bicliyinin təzahürüdür.

COP29-un ölkəmizdə uğurla davam etməsi, Azərbaycana gələn qonaqların, rəsmi nümayəndələrin respublikamızla bağlı xoş sözlər söyləməsi Bakı konfransını «boykot»a çağıran Qərb kimi, Paşinyanı dı qorxudur. Əslində, Ermənistanda hər hansı əlahiddə, köklü dəyişiklik görünmür. İmicini dəyişərək laxlayan hakimiyyətini bərkitməyə çalışan Paşinyan üçün nazir və komitə sədrlərinin istefası önəmli deyil. Əksinə, Ermənistanda bu cür «kadr islahatları» və təyinatlar ətrafında şoular yaratmaq daxili gərginliyin azalmasına hava-su qədər ehtiyac duyulan nəfəslikdir . Vəzifədən kənarlaşdırılan şəxslər Ermənistanda siyasi gərginliyin artmasına səbəb olan şəxslər kimi təqdim olunur. «Ermənistanda Paşinyana alternativ siyasətçi yoxdur» fikri formalaşdırılır. Nikolun müxalifətdəki rəqibləri belə bu şouya inanırlar. Sözdə Ermənistan konstitusiyasının qonşularla, xüsusilə Azərbaycan və Türkiyə ilə normal münasibətlərə ziddi təhlükə yaratdığını bildirən Paşinyanın siyasi manevrləri «Keçi suyu bulandırılsmasıdır.» Rəsmi İrəvanın səlahiyyətli nümayəndələrinin ara-sıra Ermənistanın guya «sülh sazişini imzalamağa hazır olduğu» barədəki yalanları da blefdir.

Çünki Paşinyanın dərhal dəyişiklilklərə gedəcəyi, konstitusiya islahatı həyata keçirəcəyi inandırıcı görünmür. Noyabrın 6-da ABŞ-da keçirilən prezident seçkilərində namizədliyini irəli sürən, lakin seçici etimadı qazanan Donald Trampa məğlub olan Kamala Harrisin hakimiyyətə gəlməsini ümidlə gözləyən, amma niyyəti boşa çıxan baş nazir müxtəlif yollarla respublikadakı siyasi vəziyyəti normallaşdırmağa çalışır. Ağlına gələn ilk çıxış yolu kimi «kadr islahatı» səhnəsini quraşdıran Paşinyanın bu oyunu da əvvəlki fırıldaqları kimi iflasa uğrayacaq.

Artıq bütün erməni ictimaiyyət inanır ki, ABŞ-ın ermənipərəst siyasətini təmin edən Bayden administrasiyası tezliklə Ağ Evi tərk edəcək. Tramp adminitrasiyasi dövründə «Ermənistana dəstək» kampaniyası zəifləyəcək. ABŞ, Avropa İttifaqı və Fransa geopolitik müstəmləkə kimi istifadə etdikləri Ermənistanın başını əvvəlki kimi sığallamayacaqlar. Hazırda «geopolitik maraqlar oyunu»nun qurbanı kimi labirintə düşən Paşinyan hakimiyyəti «təhlükəsizlik təminatı»nı yeni Prezident Donald Tramp komandasından qopara bilməyəcək. Ona görə də rəsmi İrəvan yeni situasiyaya uyğunlaşmaq üçün müəyyən siyasi manevrlər etmək məcburiyyətindədir. Azərbaycanla hərbi-siyasi qarşıdurmanın nəticələrinin 44 günlük İkinci Qarabağ müharibəsindən, qısamüddətli antiterror əməliyyatından daha acınacaqlı olacağını, təhlükəli nəticələr verəcəyini anlayan hiyləgər baş nazir üçün «kadr islahatları» siyasi məsuliyyətdən yayınmağın məkrli yoludur. Bu yolla xalqını xilas etdiyini düşünən Paşinyanın özünün istefası isə daha düzgün olardı.

Xuraman İsmayılqızı, «İki sahil»

Chosen
30
ikisahil.az

1Sources