EN

"Dayanıqlı İnkişaf Məqsədləri və universitetlər: beynəlxalq əməkdaşlıq təcrübəsi” mövzusunda tədbir keçirilib - FOTOLAR

COP29 çərçivəsində Yaşıl zonada Bakı Dövlət Universiteti və "EkoSfera" Sosial-Ekoloji Mərkəzin təşkilatçılığı ilə “Dayanıqlı İnkişaf Məqsədləri (DİM) və universitetlər: beynəlxalq əməkdaşlıq təcrübəsi” mövzusunda tədbir keçirilib.

QHT.az xəbər verir ki, tədbirin moderatoru, BDU rektorunun rəqəmsallaşma və informasiya texnologiyaları üzrə müşaviri Şəbnəm Səfərova 2015-ci ildə BMT tərəfindən müəyyən edilmiş Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) yoxsulluq, bərabərsizlik, iqlim dəyişikliyi və keyfiyyətli təhsil kimi qlobal problemləri həll etmək üçün universal bir çağırış olduğunu deyib. O qeyd edib ki, universitetlər təhsil, tədqiqat və əməkdaşlıq yolu ilə bu məqsədlərin inkişafında mühüm rol oynayır.

BDU rektorunun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin Beynəlxalq layihələrin idarə olunması sektorunun baş məsləhətçisi Fariz Quliyev, Fransız-Azərbaycan Universitetinin İcraçı direktoru vəzifəsini müvəqqəti icra edən Lətifə Nəsibova, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Strateji planlaşdırma şöbəsinin müdiri Qənirə Məmmədzadə çıxışlarında ali təhsil müəssisələrinin innovasiya və bilik mərkəzləri kimi DİM-lərin katalizatoru rolunda çıxış etdiklərini bildiriblər. Çıxışlarında vurğulanıb ki, dayanıqlı inkişaf, iqlim fəaliyyətləri və qlobal sağlamlıq haqqında kurslar tələbələrə real problemləri həll etmək üçün bilik və bacarıqlar qazandırır. DİM-lərə nail olmaq üçün sərhədlərarası əməkdaşlıq vacibdir. Universitetlər beynəlxalq əməkdaşlıq edir, təcrübələri bölüşür, birgə tədqiqatlar aparır və genişmiqyaslı həll yolları hazırlayır. Mübadilə proqramları tələbə və müəllimlərə dayanıqlı inkişaf haqqında müxtəlif perspektivlər qazanmağa imkan yaradır. Birgə tədqiqat təşəbbüsləri bərpa olunan enerji və ya ictimai sağlamlıq kimi məsələləri həll edir. Bütün bu tərəfdaşlıq şəbəkələri DİM-ləri inkişaf etdirir. Beynəlxalq əməkdaşlıq vasitəsilə universitetlər innovasiyaları təşviq edir, gələcək liderləri davamlı və ədalətli bir dünya qurmağa hazırlayır.

BDU rektoru Elçin Babayev isə öz nitqində universitetlərin ümumi fəaliyyətlərində DİM-lərin təsirindən danışıb. Tədbirdə iştirak edən müxtəlif universitet nümayəndələrini beynəlxalq reytinqlərdəki uğurlarına görə təbrik edən rektor bildirib ki, bu uğurlar da son illər ali təhsil müəssisələrinin Davamlı İnkişaf Məqsədlərinə xidmət edən fəaliyyətlərinin nəticələrindən biridir.

Chosen
19
1
qht.az

2Sources