EN

Azərbaycanın COP29-a ev sahibliyi beynəlxalq arenada böyük uğurdur -

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29 )iqlim dəyişikliyinə qarşı qlobal səviyyədə həmrəylik və birgə fəaliyyətin vacibliyini nümayiş etdirən əhəmiyyətli bir platforma oldu. COP29-un nəticələri Azərbaycanın həm siyasi mövqeyi, həm də iqtisadi perspektivləri üçün mühüm əhəmiyyət daşıyır. Qlobal karbon emissiyalarının azaldılması və bərpa olunan enerji texnologiyalarının genişləndirilməsinə dair qərarlar ölkənin yaşıl enerji sahəsindəki potensialını ön plana çıxarır. Azərbaycan enerji keçidi prosesində bərpa olunan enerji resurslarının inkişafını prioritet elan etməsi Avropanın enerji təhlükəsizliyində strateji rolunu gücləndirəcək. Bununla yanaşı, sammitdəki müzakirələr beynəlxalq əməkdaşlığı gücləndirərək Azərbaycanın xarici investorlar üçün cəlbediciliyini artıracaq. Azərbaycanın sədrliyi ilə keçirilən COP29 tədbirinin yekunları haqqında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini, millət vəkili Azər Badamov Metbuat.az-a açıqlama verib.
O, bildirib ki, COP29 bu günə qədər keçirilmiş COP-lar arasında dönüş nöqtəsi oldu. Tədbirin gündəliyində 14 hədəf müəyyən edilmişdi. 10 günlük müzakirələr zamanı bu hədəflər geniş şəkildə müzakirə olunaraq vacib qərarlar qəbul edildi. Azər Badamov vurğulayıb ki, son 10 gün ərzində Bakı dünyanın mərkəzi oldu: “Tədbirlərə 80-dən çox dövlət və hökumət başçısı, 70 mindən çox qonaq qatıldı. Azərbaycana gələn hər bir qonaq COP29-un təşkilatçılığından və onlara göstərilən yüksək diqqətdən məmnun qaldı. Halbuki tədbir ərəfəsində ölkəmizə qarşı qərəzli qarayaxma kampaniyaları təşkil edilmiş, boykota çağırışlar olunaraq COP29-un keçirilməsinə mane olmağa çalışılmışdı. Amma heç kim Azərbaycanı öz mövqeyindən çəkindirə bilmədi. Qərəzli dairələrə ən yaxşı cavab isə COP29-un yüksək səviyyədə təşkil olunması ilə verildi”. Millət vəkilinin sözlərinə görə, Azərbaycan yaşıl enerji strategiyasını genişləndirərək və beynəlxalq əməkdaşlığa dəstək verərək qlobal iqlim siyasətində mühüm aktor kimi çıxış edir. O qeyd edib ki, COP29 çərçivəsində qəbul edilən qərarlar Azərbaycanın bərpa olunan enerji sahəsində fəaliyyətlərini daha da intensivləşdirəcək. Bu isə ölkənin həm iqtisadi inkişafına, həm də ekoloji tarazlığın təmin olunmasına xidmət edəcək: “Ölkəmiz üçün COP29-un faydaları böyükdür. İlk növbədə, Azərbaycanın dünyada dostlarının sayı artdı. Dövlət başçımız ölkəmizə gələn dövlət və hökumət başçıları ilə ikitərəfli görüşlər keçirərək ölkələrimiz arasındakı münasibətlərin inkişafını müzakirə etdi. Türk Dövlətləri Təşkilatına üzv olan Qazaxıstan və Özbəkistanla yaşıl enerji sahəsində əməkdaşlığa dair saziş imzalandı. COP29 həmçinin ölkəmizə gələcək investisiyaların artmasına yeni bir impuls verəcək. Azərbaycanın yaşıl enerji gündəliyi olduqca zəngindir. Hesab edirəm ki, Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropanı birləşdirəcək yeni yaşıl enerji marşrutu bərpa olunan enerji sahəsində inteqrasiyanı sürətləndirəcək,” - deyə Badamov əlavə edib. Millət vəkili həmçinin bildirib ki, Azərbaycan iqlim dəyişikliklərinə qarşı mübarizə aparmaq məqsədilə inkişaf etməkdə olan kiçik dövlətlərə dəstək üçün iqlim maliyyəsi yaratmağı hədəfləyirdi. COP29-da bu istiqamətdə də müəyyən razılaşmalar əldə olundu: “COP29-un yüksək səviyyədə keçirilməsi ölkəmizin yeni bir uğurudur və hər kəsi bu əlamətdar tədbirlərin müvəffəqiyyətlə təşkil olunması münasibətilə təbrik edirəm,” - deyə millət vəkili qeyd edib. Milli Məclisin deputatı Ceyhun Məmmədov Metbuat.az-a açıqlamasında COP29-un ölkəmiz üçün tarixi bir hadisə olduğunu vurğulayıb: “Azərbaycan COP29 kimi qlobal əhəmiyyətli bir tədbirə ev sahibliyi etməklə beynəlxalq arenada mövqeyini daha da gücləndirir. Bu gün ölkəmiz dünyanı narahat edən hər bir məsələyə xüsusi həssaslıqla yanaşır və beynəlxalq proseslərə fəal töhfə verir. COP29 çərçivəsində keçirilən görüşlər həm ikitərəfli əlaqələrin inkişafına, həm də qlobal problemlərin həllində əməkdaşlığın dərinləşməsinə xidmət edir. Tədbirin uğurla davam etməsi ölkəmizə olan beynəlxalq etimadı daha da artırır və Azərbaycanın reytinqini yüksəldir. Prezident İlham Əliyevi Liderlər Sammitinin açılış nitqində çıxışı zamanı Azərbaycanın suverenliyini və torpaqlarını işğaldan azad etdiyini vurğulamaqla yanaşı, enerji resurslarının şaxələndirilməsi və Qara dəniz sualtı enerji xəttinin əhəmiyyətinə toxundu. Bu, Azərbaycanın enerji təhlükəsizliyindəki strateji rolunu bir daha nümayiş etdirir”. Azərbaycanın multikultural dəyərlərinə toxunan deputat əlavə edib ki, ölkəmiz çoxtərəfliliyin və mədəniyyətlərarası dialoqun fəal tərəfdarıdır: “Multikulturalizm təkcə dövlət siyasəti deyil, həm də xalqımızın həyat tərzidir. Azərbaycan etnik və dini müxtəlifliyin harmoniyasını təmin edən nadir ölkələrdəndir. Müharibələr ekoloji fəlakətlərin əsas səbəblərindən biridir. Ermənistan 30 illik işğal zamanı torpaqlarımıza böyük ekoloji ziyan vurdu. Azərbaycan bu gün dünyada ərazisi mina ilə ən çox çirklənən ölkələrdən biridir. Buna baxmayaraq, ölkəmiz sülhün və əmin-amanlığın bərqərar olması üçün çalışır. COP29 təkcə siyasi deyil, mənəvi dəyərlər baxımından da vacibdir. Dünyanın təhlükəsizliyi və əmin-amanlığını təmin etmək üçün dinlərin və dini liderlərin böyük potensialı var. Azərbaycan bu potensialı hər zaman dəstəkləyərək həm bölgədə, həm də qlobal miqyasda barışın təmin olunmasına töhfə verir”. Ceyhun Məmmədov onu da qeyd edib ki, Azərbaycan COP29-u ən yüksək səviyyədə təşkil edərək öz beynəlxalq nüfuzunu daha da artıracaq. Bu cür tədbirlər ölkəmizin gələcək uğurları üçün güclü zəmin yaradır. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəhbərliyi ilə COP29 tədbirinin təşkilatçılığı dünyanın diqqətindən yayınmadı. Tədbirin mükəmməl və çoxtərəfli şəkildə təşkil olunmasını vurğulayan BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə vəkili, pakistanlı ekspert Qaiser Navab Metbuat.az-a açıqlamasında bildirib ki, Azərbaycan bir daha dünya ictimaiyyətini bir araya gətirə və hər kəsə aid olan problemi müzakirə edə biləcəyini nümayiş etdirdi: “Bu, dünyanın ən böyük forumlarından biridir. Qlobal ictimaiyyət ən böyük problemlərindən birini, yəni iqlim dəyişikliyini müzakirə etmək üçün Bakıda toplandı. İqlim problemləri təkcə təbiətə ziyan vurmaqla deyil, eyni zamanda dolayı yolla gənc qadınların, uşaqların da həyatına mənfi təsir edir. Azərbaycanın qlobal miqyasda bu cür tədbiri yüksək səviyyədə təşkil etməsi həm iqlim problemlərinə yanaşmasında, həm də dünyanı bir araya gətirmək bacarığında liderliyini bir daha sübut etdi. Düşünürəm ki, COP29 iqlim dəyişikliyinə dair mühüm qərarların müzakirə edildiyi platforma olmaqla yanaşı, Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmləndirilməsində də əhəmiyyətli rol oynadı”. Gülbəniz Hüseynli / Metbuat.az
Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusu üzrə hazırlanmışdır.


Chosen
25
50
metbuat.az

10Sources