Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası”nı təsdiq edib.
Kommersant.az xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Qərara əsasən, BOKT-ların verdiyi gündəlik kreditlərə dair aşağıdakı tələblər müəyyənləşdirilib:
- milli valyutada verilir;
- maksimum məbləği 500 manatdır;
- gündəlik faiz dərəcəsi maksimum 0,3 %-dir;
- qaytarılma müddəti maksimum 45 gündür;
- gecikdirilmiş ödənişlərlə bağlı tətbiq edildikdə, gecikdirilmə faizləri və ya dəbbə pulu əsas borc qalığı məbləğinə gündəlik tətbiq olunan faiz dərəcəsinin 2 mislindən çox olmamalıdır;
- kredit üzrə edilməli olan bütün ödənişlərin ümumi məbləği əsas borcun 100 %-dən çox olmamalıdır;
- gecikdirmə faizləri və ya dəbbə pulu tətbiq edildikdə, əsas borc üzrə faizlər 30 gündən artıq hesablanmamalıdır;
- təminatı qismində daşınmaz və ya daşınar əmlak çıxış etmir;
- restrukturizasiya olunmur;
BOKT-ların risk iştahasına uyğun olaraq kredit risklərinin idarə edilməsi siyasətini Müşahidə Şurası (Himayəçilik Şurası) təsdiq etməlidir.
BOKT kredit risklərinin monitorinqini təmin edən müvafiq qaydalara və informasiya sisteminə malik olmalıdır.
AMB-nin Hüquq Departamentinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.