EN

Rusiya ABŞ-ın raketdən müdafiə bazasını vuracaq? - Ağ Ev təhdidə cavab verdi

ABŞ Rusiyanın Polşanın Redzikovo şəhərində yeni raket əleyhinə müdafiə bazasına zərbə endirmək təhdidlərini ciddi qəbul edir.

Qaynarinfo xəbər verir ki, bunu noyabrın 25-də keçirdiyi brifinqdə Ağ Evin milli təhlükəsizlik üzrə kommunikasiyalara dair müşaviri Con Kirbi deyib.

"Bu kimi təhdidlər ciddi qəbul edilməlidir və biz də edirik. Nə qədər ehtiyatsız və məsuliyyətsiz olsalar da, biz onları ciddi qəbul edirik”, - Kirbi bildirib.
Eyni zamanda Kirbi qeyd edib ki, ABŞ prezidenti Co Bayden "sarsılmazdır”.

Onun sözlərinə görə, ABŞ Amerika qoşunlarının Avropa qitəsində təhlükəsiz olmasını təmin etmək üçün əlindən gələni edəcək.

"Və ən vacibi odur ki, biz NATO müttəfiqlərimiz qarşısında 5-ci maddə üzrə öhdəliklərimizi çox ciddi qəbul edirik. Bu sarsılmazdır və dəyişməyəcək”, – Ağ Evin müşaviri əlavə edib.

Xatırladaq ki, noyabrın 13-də ABŞ Polşanın şimalında yeni raket əleyhinə müdafiə bazasını açıb. ABŞ bazası NATO-nun Aegis Ashore adlı daha geniş raketdən müdafiə sisteminin bir hissəsidir və alyansın fikrincə, qısa və orta mənzilli ballistik raketləri ələ keçirə bilər.

Daha sonra Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova NATO-nun raket əleyhinə müdafiə bazasının Polşada yerləşdirilməsinin "daha bir açıq təxribatçı addım” olduğunu bildirib. O, həmçinin bu bazanın Rusiya Federasiyasının "prioritet məqsədlərindən biri” olduğunu iddia edib.

Polşa Xarici İşlər Nazirliyinin nümayəndəsi Pavel Vronski isə cavab olaraq raket əleyhinə bazanın sırf müdafiə xarakteri daşıdığını və ballistik raketlərlə mübarizə üçün nəzərdə tutulduğunu vurğulayıb. Onun sözlərinə görə, Rusiya təhdid etməyə davam edərsə, ABŞ və NATO bütün şərq cinahının hava hücumundan müdafiəsini gücləndirməyə məcbur olacaq.

Nizami Bağırov
Chosen
4
1
qaynarinfo.az

2Sources