Ermənistan lideri Nikol Paşinyan bu həftə KTMT-nin sammitini buraxacaq, lakin eyni zamanda veto hüququndan istifadə etməyəcəyini və müttəfiqlərin sammitdə sənədləri imzalamasına mane olmayacağını bəyan edib.
"Report" xəbər verir ki, "NEWS.ru" öz məqaləsində Ermənistanın baş nazirinin qalmaqallı hərəkətlərinin səbəbini öyrənməyə çalışıb.
Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bu gün bildirib ki, İrəvan KTMT sammitinə qatılmasa da, razılaşdırılmış sənədlərin qəbulunun əleyhinə deyil.
Noyabrın 28-də Astanada KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclası keçiriləcək, iclasda Rusiya lideri Vladimir Putin, həmçinin Qazaxıstan, Belarus, Qırğızıstan və Tacikistan prezidentləri iştirak edəcək.
Uşakovun sözlərinə görə, Moskva İrəvanın müstəqil kursuna hörmətlə yanaşır, eyni zamanda, KTMT-nin tamhüquqlu üzvü olaraq qalır və bütün müvafiq hüquq və öhdəlikləri özündə saxlayır.
“Ermənistanın KTMT-yə fiziki olaraq qayıtması üçün qapılar açıqdır və biz ümid edirik ki, erməni nümayəndələri gec-tez bu təşkilat çərçivəsində əməkdaşlığı bərpa edəcəklər”, - Rusiya Prezidentinin köməkçisi bildirib.
RF hökuməti yanında Maliyyə Universitetinin dosenti Gevorg Mirzayan NEWS.ru-ya müsahibəsində deyib ki, Moskvada erməni baş nazirin başlatdığı oyunu yaxşı başa düşürlər: "Oyunun mənası sadədir: Ermənistan və Azərbaycan arasında döyüş əməliyyatlarının bərpası istisna edilə bilməz. Hazırda Paşinyan xarici kuratorlarının tapşırıqlarını yerinə yetirərək Bakı ilə sülh bağlamaqdan imtina edir. Beləliklə, Paşinyan erməni ictimai rəyi fonunda necəsə vəziyyətdən çıxmağa çalışır".
Ekspertin fikrincə, erməni lider KTMT-dən çıxmaq və Azərbaycanı müharibəyə təhrik etməklə müharibədəki məğlubiyyətin günahını Rusiyanın üzərinə atmağı və Ermənistanı "Amerika hərbi bazasına" çevirməyi hədəfləyir.