EN

İsraillə “Hizbullah” arasında atəşkəs: “Prosesin başlanmasında rol oynayan məsələ…”

Xəbər verdiyimiz kimi “Hizbullah”la İsrail arasında atəşkəsin əldə olunması artıq təsdiqlənib və İsrail hökuməti də bunu açıqlayıb.

Mövzu ilə bağlı Editor.az-a açıqlama verən politoloq Oqtay Qasımov bildirib ki, uzun müddətdən bəri Yaxın Şərqdə atəşkəs planı ilə bağlı müxtəlif iddialar səsləndirilirdi:

“O cümlədən, iyul ayında Cozef Baydenin HƏMAS-la İsrail arasında bir atəşkəs planı ilə bağlı məlumatlar yayılmışdı. Ancaq o zaman İsrail tərəfi bu planı qəbul etmədi. Hazırda İsrailin atəşkəsə razı olmasında əsas səbəb ondan ibarətdir ki, Donald Tramp artıq hakimiyyətə qayıdır. Baydendən fərqli olaraq Tramp daha qətiyyətli və qərar verməkdən çəkinməyən bir şəxsiyyət kimi tanınır. O cümlədən İsrailin ən ciddi dəstəkçilərindən biri hesab olunur. Bayden administrasiyasından fərqli olaraq Tramp administrasiyası demək olar ki, israilli dostlarından təşkil edilib.

Digər tərəfdən İsrailin özü də artıq 13 aydır davam edən savaşdan müəyyən qədər yorula bilər. Bu atəşkəs daha çox İsrailin maraqlarına cavab verəcək. Ən az bu baxımdan ki, savaşda güclü tərəf İsraildir və hədəflərinin əksəriyyətinə nail olub. Xüsusən də son iki aya yaxın müddətdə Livan ərazisində Hizbullahın çoxlu sayda hədəfləri vurulub və bu təşkilatın liderləri də aradan götürülüb. Bu baxımdan belə bir atəşkəs hazırda hər iki tərəfə, xüsusilə də İsrailə lazım idi. Atəşkəsin imzalanmasında önəmli rolun Makron və Baydenə aid olmasını hesab etmirəm. Prosesin başlanmasında rol oynayan məsələ Trampın hakimiyyətə qayıtması oldu”.

//Gülnarə Abasova, Editor.az

Chosen
10
45
editor.az

10Sources