EN

Ermənistan müharibəyə hazırlaşır

Son illərdə Ermənistanın baş naziri Nikol Paşinyanın sosial-iqtisadi sahədə verdiyi vədlərin yerinə yetirilməməsi, xalqın hökumətdən məyusluğu və ölkədə artan problemlər onun hakimiyyətini ciddi şəkildə sarsıdıb. Belə bir vəziyyətdə o, daxili auditoriyanı sakitləşdirmək və nüfuzunu bərpa etmək üçün yeni və diqqətçəkən addım atmağa çalışır. Ermənistan rəhbərliyi bu yeniliyi hərbi əməliyyatlar vasitəsilə qazanılan qələbədə görür. Bu yanaşma bir tərəfdən, xalqın diqqətini sosial problemlərdən yayındırmağı, digər tərəfdən, ölkənin siyasi gündəmindəki vacib məsələləri hərbi motivlərlə əvəzləməyi hədəfləyir. Paşinyan üçün bu, həm də müxalifətin artan təzyiqlərinə cavab olaraq hakimiyyətini qorumaq üçün son çarə ola bilər.

Fransa Ermənistanı uçuruma sürükləyir

Ermənistanda revanşizm əhval-ruhiyyəsi son dövrlərdə güclənməkdədir. Bu əhval-ruhiyyənin əsas qaynaqlarından biri Ermənistanın hərbi məğlubiyyətlərinin nəticələrindən qurtulmaq və öz xalqı qarşısında itirilmiş imici bərpa etmək istəyidir. Bu istəyi həyata keçirməkdə isə Fransa kimi güclü tərəfdarların təhriki ilə Ermənistanın hərbi potensialını artırmaq cəhdləri mühüm rol oynayır. Ermənistanın yeni müharibəyə hazırlıq addımları, həmçinin onun daxili siyasi gündəmini dəyişmək məqsədi daşıyır. Bu fonda Cənubi Qafqazda sabitlik və sülhü pozacaq addımların atılması ehtimalı artır ki, bu da regionda təhlükəsizlik balansını daha həssas vəziyyətə salır. Silahlanma yarışı və revanşist yanaşmaların güclənməsi, əslində, region ölkələrinin sülh quruculuğu səylərinə ciddi maneə yaradır.

Qərbin, xüsusən də Fransanın və Avropa İttifaqının Ermənistanı açıq-aşkar dəstəkləməsi Cənubi Qafqaz regionunda münaqişə riskini daha da artırır. Ukrayna müharibəsində istədiklərinə nail ola bilməyən bu ölkələr diqqəti fərqli istiqamətə yönəltmək üçün yeni strateji planlar həyata keçirmək niyyətindədirlər. Ermənistana dəstək göstərməklə onlar həm Rusiyanın regional təsirini zəiflətmək, həm də öz maraqlarını reallaşdırmaq məqsədini güdürlər. Ermənistan isə bu dəstəyi öz revanşist planlarını reallaşdırmaq üçün fürsət kimi görür. Bu planların həyata keçirilməsi yalnız regional deyil, qlobal miqyasda da təhlükəsizlik məsələlərini daha mürəkkəb müstəviyə keçirir. Beləliklə, Ermənistan və Qərbin maraqlarının bir nöqtədə kəsişməsi sülh təşəbbüslərinə ciddi zərbə vurur.

Ermənistan sürətlə silahlanır

Fransanın Ermənistana silah tədarükü son dövrlərdə sürətlənib və bu prosesə digər ölkələr də qoşulub. Ermənistanın Hindistandan yüksək səviyyəli hərbi texnika alması, həmçinin Yunanıstanın S-300 raket komplekslərini onlara vermək niyyəti Ermənistanın hərbi hazırlıqlarını gücləndirir. Bu addımlar yalnız Azərbaycanın hərbi təhlükəsizliyinə deyil, həm də ümumilikdə regiondakı güc balansına təsir edir. Ermənistanın silahlanma siyasəti, bir tərəfdən, onun yeni müharibə avantürasına hazırlaşdığını göstərir, digər tərəfdən isə, beynəlxalq hüququn açıq şəkildə pozulması ilə nəticələnir. Ermənistanın bu cür hərəkətləri münaqişə riskini artırır və regiondakı mövcud sabitliyi pozur.

Gərginliyi daha da artıran əsas faktorlardan biri də Avropa İttifaqının Ermənistandakı hərbi missiyasıdır. Qərbin Azərbaycanın hərbi qüvvələri, ordunun dislokasiyası və potensial imkanları ilə bağlı kəşfiyyat məlumatları toplayaraq Ermənistana ötürməsi ciddi narahatlıq doğurur. Bu addımlar Ermənistanı daha aqressiv addımlar atmağa təşviq etməklə yanaşı Azərbaycanın təhlükəsizliyinə birbaşa təhdid yaradır. Belə bir vəziyyət Cənubi Qafqazda sabitliyin pozulmasına xidmət edir. Bu siyasət həm də Qərbin regiondakı güc balansını öz maraqlarına uyğun şəkildə yenidən tənzimləməyə çalışdığını göstərir.

Ermənistanın Qərbdən aldığı dəstək və silahlanma sürəti Cənubi Qafqaz regionunda sabitliyə zərbə vurur. Bu vəziyyət yalnız Azərbaycan və Ermənistan arasındakı münasibətləri deyil, həm də bütün regionun təhlükəsizlik və inkişaf perspektivlərini təhdid edir. Ermənistanın yeni müharibə avantürasına qoşulması, Qərbin regiondakı maraqları ilə üst-üstə düşən bir plan kimi görünür. Bu isə regiondakı digər ölkələr üçün strateji təhlükəsizlik məsələlərini daha da aktuallaşdırır.

Ermənistanın revanşist niyyəti və Qərbin təhriki Cənubi Qafqazda mövcud olan sülh və sabitlk üçün təhlükədir. Bu vəziyyətin davam etməsi, münaqişənin daha geniş miqyasda yenidən alovlanması riskini artırır. Region ölkələrinin, xüsusən də beynəlxalq təşkilatların sülhün qorunması və münaqişənin qarşısını almaq üçün daha aktiv şəkildə birgə hərəkət etmələri vacibdir. Əks təqdirdə, bu cür yanaşmalar regionu uzunmüddətli sabitsizlik və qarşıdurmalara sürükləyə bilər.

İslam
Milli.Az

Chosen
29
milli.az

1Sources