EN

BMU-da “Oxu, Yarat, İlham al!” mövzusunda tədbir təşkil olunub - FOTOLAR

Bakı Mühəndislik Universitetində (BMU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində “Kitab klubu”nun təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi, şair, tərcüməçi Səlim Babullaoğlu, “Strauss” nəşr evinin rəhbəri İlkin Abdulla, “Santiago” kitab klubunun rəhbəri və qurucusu Aqil Rüstəmovla tələbələrin görüşü təşkil olunub. 

"Unikal"ın məlumatına görə, “Oxu, Yarat, İlham al!” mövzusunda keçirilən tədbirdə bildirilib ki, görüşün məqsədi ədəbiyyatın insan həyatına təsirinə, dünyagörüşünün formalaşmasında əhəmiyyətinə diqqət çəkmək, gənclərdə ədəbiyyata maraq yaratmaq, mütaliə mədəniyyəti formalaşdırmaq,  kitab oxumağı onların həyat tərzinə çevirməkdən ibarətdir. 

Tələbələr qarşısında çıxış edən şair S.Babullaoğlu klubun təşkil etdiyi ilk görüşün qonağı olmaqdan məmnunluğunu bildirib, ədəbiyyat sevgisinin tarixçəsini gənclərlə bölüşüb. O, kitab oxumağa həvəsinin ilk dəfə uşaq yaşlarında yarandığını, xüsusilə şəkilli kitablara düşünmə tələb etdiyi üçün maraq göstərdiyini vurğulayaraq ədəbiyyatın insanın xəyal gücünə təsirini, hər bir kitabın daşıdığı məzmunla aşıladığı dəyərləri qeyd edib, gəncləri ilk növbədə milli dilimizi öyrədən folklor, daha sonra isə duyğuları gözəl ifadə etdirən, insan mənəviyyatına müsbət təsir göstərən poeziya nümunələrini oxumağa çağırıb.  

Sonra “Strauss” nəşr evinin rəhbəri İ.Abdulla nəşriyyat yaratmaqda məqsədinin ədəbiyyatı təbliğ etmək, oxu mədəniyyətini gücləndirmək olduğunu diqqətə çatdıraraq müasir dünya ədəbiyyatı nümunələrinə xüsusi önəm verdiklərini, indiyə qədər 30-a yaxın belə əsərin çap edildiyini deyib. Kitab klublarının roman, povestlərin ən yaxşı müzakirə müstəvisi olduğuna toxunan İ.Abdulla bu klubların ədəbiyyata həvəs yaratdığını, səviyyəli oxucu formalaşdırdığını sözlərinə əlavə edib. 

“Santiago” kitab klubunun rəhbəri və qurucusu A.Rüstəmov isə kitabın onun həyatını necə dəyişdiyini, xarakterinin formalaşmasına nə kimi təsir göstərdiyini anladıb, yaratdığı klubda təşkil edilən ədəbiyyat müzakirələrinin gənclərin asudə vaxtlarının səmərəli keçməsində, düşüncələrini paylaşmasında əhəmiyyətini vurğulayıb. Bildirib ki, hər bir ədəbiyyatsevər təkcə intizamlı kitab oxuyan yox, həm də ədəbiyyat təşviqatçısıdır. 

Sonda tələbələrin sualları cavablandırılıb. 

Chosen
26
50
unikal.az

10Sources