EN

Gürcüstanda yeni təlatümün arxasında Qərbin bu maraqları göründü...

Image

Elşad Həsənov: “Qərbin dəstəklədiyi qüvvələr parlament seçkisində qələbə qazana bilmədiyi üçün indi də hakimiyyəti rəngli inqilabla ələ keçirmək istəyirlər”

Keçən ayın 26-da Gürcüstanda keçirilən parlament seçkilərində hakim “Gürcü arzusu” partiyasının səs çoxluğu ilə qalib gəlməsi qətiyyən Qərbin maraqlarına uyğun gəlmirdi. Odur ki, seçki öncəsi də, seçki günü də, ondan sonra da qonşu ölkədə qarışıqlıq yaratmağa, narazı qüvvələri, müxalifəti, öz təsir dairəsində olanları canlandırmağa çalışırdı. 

Seçkinin nəticələrini tanımadığını bəyan edərək insanları küçələrə, meydanlara səsləyirdilər. Qərb az çox istəyinə nail oldu və özünün idarə etdiyi, maliyyələşdirdiyi qüvvələri küçələrə çıxara bildi. Qonşu ölkədə qarşıdurmalarla müşayiət olunan proseslər baş verdi.

Gürcüstanda parlament seçkilərindən sonra siyasi proseslərin gedişi, xüsusilə Qərbdən idarə olunan müxalifətin əsassız olaraq seçkilərin nəticələrinin ləğv olunması və yeni seçkilərin keçirilməsinə yönəlmiş fəaliyyəti onu deməyə əsas verir ki, Qərb Gürcüstanda rəngli inqilab ssenarisi planlaşdırıb və həyata keçirməyə çalışır. Burada əsas məqsəd mövcud hakimiyyəti devirmək və Gürcüstanda Qərbmeylli, Qərbdən idarə olunan iqtidar komandası formalaşdırmaqdır. Gürcüstanda növbəti rəngli inqilab sevdasında olan Qərb bu istəyini həyata keçirmək üçün istənilən təxribata əl atır. 

Gizlin deyil ki, bu gün Qərbin nəzarətində olan siyasi partiyalar, media, QHT-lər, diplomatlar və sair Gürcüstanda sabitliyi pozmaq xəttini tuturlar. 

“Qərb çalışır ki, son günlərdə vəziyyəti daha da gərginləşdirsin”

Siyasi ekspert Elşad Həsənov “Bakı-Xəbər”ə bildirdi ki, Qərbin Gürcüstanda həyata keçirmək istədiyi siyasətin məqsədi aydındır. “Bu ilin mayından Gürcüstan yeni bir mərhələyə daxil oldu. Çünki əvvəllər Qərbə inteqrasiya yolunu tutmuşdu. Ancaq may ayından Gürcüstan hakimiyyəti xalqın, dövlətin təhlükəsizliyini təmin etmək üçün Qərbin onlara yeritmək istədiyi dəyərlərdən imtina etdi. Söhbət LGBT-nin təbliğ olunmasınından gedir. Gürcüstan hökuməti onun təbliğ olunmasını  qadağan edən qanun qəbul etdi ki, LGBT Gürcüstan ərazisində təbliğ olunmasın. Eyni zamanda xarici agentlər haqqında qanun qəbul etdilər. Gürcüstanın bu addımları Avropa İttifaqını və ABŞ-ı çox məyus etdi və onlar bu ölkəyə qarşı kampaniyalara başladılar.

Bu ilin oktyabr ayının 26-na təyin olunan parlament seçkilərində Qərb radikal müxalifətin yanında oldu və onlara xaricdən maliyyə yardımları göstərməyə başladılar. Onlar Gürcüstan dövlətinə ayırdıqları maliyyəni may ayından sonra müxalifətə yönəltdilər və onların paralament seçkilərində qələbə qazanmasına çalışdılar. Ancaq Gürcüstan vətəndaşları hakim “Gürcü arzusu” partiyasına səs verdilər və bu da həm Qərbin xoşuna gəlmədi, həm də müxalifət partiyaları paralamentdə təmsil olunmaqdan imtina etdilər. Artıq Gürcüstan parlamenti yeni hökumətin tərkibini seçib. Müxalif qüvvələrin başında dayanan Gürcüstan prezidenti Salome Zurabaşvilidir ki, artıq onun səlahiyyət müddəti bitir, bu ölkədə dekabrın 14-də yeni prezident seçkiləri keçiriləcək.   Ona görə də, Qərb çalışır ki, son günlərdə vəziyyəti daha da gərginləşdirsin. Qərbin dəstəklədiyi qüvvələr parlament seçkisində qələbə qazana bilmədiyi üçün indi də hakimiyyəti rəngli inqilabla ələ keçirmək istəyirlər. Dünənki (28 noyabr) mitinqdə Zurabaşvili həm müxalifəti, həm xalqı ayağa qalxmağa çağırdı, “biz Avropaya inteqrasiya yolundan dönəsi deyilik” davranışı göstərdi. Hakimiyyət isə Avropaya   inteqrasiya məsələsini dörd il müddətinə dondurduğunu elan etdi və bundan sonra müxalifət parlament qarşısına toplanaraq orda aksiya keçirdi. Bu aksiya da çox ağır oldu, orada bir neçə polis əməkdaşı yaralandı, mülkü vətəndaşlardan həbs olunanlar oldu. Eyni zamanda bu aksiyalarda, bu proseslərdə Qərbin əməlləri açıq-aşkar görünür. O cümlədən Avropa İttifaqının Gürcüstandakı səfiri   Pavel Herçinski çıxış edərək öz münasibətini bildirdi, Gürcüstan hökumətinin Avropaya inteqrasiyadan imtinasını qınadı. Gürcüstanın Baş naziri İrakli Kobaxidze də onların Vyana konvensiyasını pozaraq bu işlərə toxunduqlarını vurğuladı. Görünən nədir? Görünən odur ki, Qərb oktyabr seçkilərindən sonra açıq-aşkar bildirdi ki, Gürcüstan dövlətinə ayrılan 100 milyon avronu müxalifətə verəcəyik ki, onlar yenidən inqilab edib indiki hakimiyyəti devirsin və özləri hakimiyyətə gəlsin. Bu isə əsasən xalqın dəstəyi ilə bağlı məsələdir ki, xalqın da böyük əksəriyyəti hakim “Gürcü arzusu”nun tərəfdarıdır və onu dəstəkləyir”.

E.Həsənov qeyd etdi ki, indiki gərgin vəziyyətdə Gürcüstanda artıq parçalanmalar çoxdur, rayonlarda da aksiyalar keçirilir. “Eyni zamanda çox maraqlı nüanslardan biri də odur ki, Xarici İşlər Nazirliyinin əməkdaşlarından artıq 100 nəfər buna öz imzası ilə etiraz edib. Belə etirazlar artıq Müdafiə Nazirliyində də var, oradan da 43 nəfər Gürcüstanın Avropaya inteqrasiya yolundan dönməsi  və dörd il dayandırılmasının əsassız olduğunu deyirlər, buna etiraz olaraq bəyanatla çıxış ediblər. Bundan əlavə, Gürcüstanın Bolqarıstandakı səfiri bu hadisəyə görə istefa verdiyini bildirib. Hesab edirəm ki, bundan sonra belə faktlar daha da artacaq. Çünki Gürcüstanın Avropaya inteqrasiya etməsini istəyənlər içərisində xaricdə diplomatik vəzifədə çalışanlar var. Ona görə onların syaının artacağı gözlənilir. Ancaq hesab edirəm ki,  Qərbin son günlər apardığı aktiv iş nəticəsində belə hadisələr baş verir. Onların məqsədi həmin radikal müxalifəti hakimiyyətə gətirmək, sonra isə Ermənistana yığdıqları hərbi gücü Gürcüstan üzərindən Rusiyaya qarşı çevirməkdir. Bunların məqsədi odur ki, Rusiyaya qarşı ikinci cəbhə açılsın və Gürcüstan da Ermənistan kimi Qərbin əlinə oynasın. Hesab edirəm ki, bu alınmayacaq, çünki müxalifət nə qədər xaricdən maliyyələşsə də, əsas yerli əhali, vətəndaşların mütləq əksəriyyəti “Gürcü arzusuna” səs verib, bu da əhalinin 54 faizini təşkil edir. Onlar isə müharibə, qarışıqlıq istəmirlər, istəyrlər ki, Gürcüstanda sakit, xalqın milli maraqlarına xidmət edən bir hakimyyət  olsun, Qərbin əlində də oyuncağa çevrilməsin”-deyə E.Həsənov bildirdi. 

İradə SARIYEVA





Chosen
34
35
baki-xeber.com

10Sources