EN

“Bu qərar Fransanın Azərbaycana müharibə elan etməsi deməkdir”

Son aylar regionumuzda müharibə təhlükəsi, müxtəlif geosiyasi proseslər üzrə inkişaf dinamikası vaxtaşırı dəyişir. “BRICS” sammiti zamanı Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. Son təmaslar zamanı ikitərəfli danışıqların davam etdirilməsi barədə xarici işlər nazirlərinə tapşırıqlar verildi. Eyni zamanda Fransanın Azərbaycana qarşı təxribat cəhdləri uğursuz oldu. İran -Azərbaycan münasibətlərində yeni proses başlanıb.

Ümumilikdə bu mövzular çərçivəsində politoloq Zərdüşt Əlizadə AzPost.info-nun suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

– Zərdüşt bəy, Azərbaycan-Ermənistan sülh sazişi ilə bağlı danışıqlarda son vəziyyət nədən ibarətdir?

– Tərəflər bildiriblər ki, dekabr ayında danışıqlar bərpa ediləcək. Həmçinin o da məlumdur ki, 3 məsələ ətrafında fikir ayrılığı var:

Birincisi, Ermənistan konstitusiyasının mətnində dəyişikliyin edilməsi və orada Ermənistanın əvvəllər qəbul etdiyi Müstəqillik Bəyannaməsinə istinadın çıxarılmasıdır. İkincisi, sərhəd zolağından avropalı müşahidəçilərin çıxarılmasıdır. Üçüncü məsələ isə sərhəd zolağında işlərin bərpa olunması. Hər biri ilə bağlı hansısa razılıq əldə etmək mümkündür. İndi Ermənistan çalışır ki, konstitusiya ilə bağlı çağırışları 2026-cı il parlament seçkilərindən sonraya saxlasın. İndiki mərhələdə biz konstitusiya məhkəməsinin, yaxud hansısa aralıq məhkəmənin qərarı ilə “Dağlıq Qarabağ”ın birləşdirilməsi ilə əlaqədar Müstəqillik Bəyannaməsinə edilən istinadı çıxartdıra bilərik. O ki, qaldı Avropa Birliyinin müşahidə missiyasına. Onları Cənubi Qafqazdan çıxara bilərik. Ən azından xahiş edərik ki, ölkələrinə qayıtsınlar. Sərhədlərin təyin olunması ilə bağlı o da qeyd olunub ki, bütün məsələlər delimitasiya və demarkasiya prosesində razılığa gəldikdən sonra bu məsələ öz həllini tapa bilər. Bu delimitasiyanın həyata keçirilməsi tərəflərin iradəsindən asılıdır. Düşünürəm ki, ortada siyasi bir maneə yoxdur. O vaxt Ermənistanla Azərbaycan arasındakı sərhəd bəlli idi, hələlik həmin sərhədlər üzrə prosesə başlanılıb və müəyyən qurumlarda da xəritələr mövcuddur. İstər bu ilin dekabrında, istərsə də gələn il ərzində bu bağırsaq kimi uzanan məsələ həll edilə bilər.

– Avropa Birliyinin müşahidə missiyasını vurğuladız. Burada Azərbaycana qarşı qərəzli münasibət də sezilir. Sizin fikrinizcə, böyük dövlətlərin Cənubi Qafqazda maraqları regiona necə təsir edir?

– Əvvəllər Rusiya da fərqli yanaşırdı məslələrə. Sonra anladı ki, Qafqazda Azərbaycana qarşı mövqe sərgiləmək Rusiyanın özünün də dövlət maraqlarına ziddir. Bu gün isə şimal qonşularımız Azərbaycanla hansısa xoş münasibətlər qurmağa çalışır. İndi şimal qonşumuzun əvvəlki təxribatçı missiyasını Fransa həyata keçirir. Hesab edir ki, Azərbaycana qarşı təzyiq etmək üçün hansısa qərəzli mövqe tutmaq mütləqdir. Azərbaycanı nəyəsə məcbur etmək lazımdır. Bu çox yanlış mövqedir. Bundan əlavə, dünyanın başqa ölkələrində olduğu kimi, məsələn, Niderland kimi Fransaya da bu cür mövqe fərqli maddi itkilərə gətirib çıxaracaq.

–  Azərbaycan-Fransa münasibətlərindəki böhran nə vaxta qədər davam edə bilər? Bizim dövlətimizin, yaxud Fransanın bizdən gözləntisi nədən ibarətdir? Ölkəmizə qarşı qərəzlər nə vaxt aradan qalxacaq?

– Böhranın təşəbbüskarı Azərbaycan deyil. Biz kiçik dövlətik, öz gücümüzü bilirik. Təyyarə daşıyan gəmiləri var, nüvə istehsal edən ölkədir, istehsal etdiyi nüvə enerjisini başqa dövlətlərə satır, yüksək texnologiyası var, xeyli əhalisi var, qədim dövlətdir, Avropa İttifaqının üzvüdür, aparıcı dövlətlərdən biridir, böyük ordusu var və s. Biz isə onlarla müqayisədə xeyli kiçik dövlətik. Biz heç vaxt Fransanın daxili işlərinə müdaxilə etmirik. O Fransadır ki, tullana-tullana Avropanın qərbindən qalxıb gəlib Qafqaza, burada çalışır mənəm-mənəmlik eləsin. Təbii ki, Azərbaycan dövləti də bunu qəbul etmir. Azərbaycan hansısa dövlətin gəlib bulanıq suda balıq tutmasını qəbul etmək fikrində deyil. Belə bir məsəl var: Söymə mənim nökər dədəmi, söyməyim sənin bəy dədəni. Onlar bizimlə bağlı məsələlərə müdaxilə edir, biz də minlərlə kilometr uzaqlıqdakı Yeni Kaledoniya məsələsini gündəmə gətiririk. Fransa şüşə evdə oturub kimə gəldi daş atırsa, bilməlidir ki, küçədən keçən də sənin evinə daş atacaq və sənin də şüşədən evin dağılacaq. Xeyli sayda günahı ola-ola gəlib Azərbaycan xalqına əxlaq dərsi keçir, bizə siyasətimizi necə aparmalı, necə qurmalı olduğumuzu öyrədir. Siz kimsiniz? Əslində Azərbaycan müstəqilləşdikdən bu yana Fransa ilə bütün istiqamətlərdə xoş münasibətlər qurmağa çalışır.  Fransa hakimiyyəti bunu anlamır. Görünür, orada hələ də müsəlmanlara, türk dünyasına qarşı qəlibləşmiş qərəzli ənənələr davam etdirilir. Azərbaycanın müstəqilliyi dünyada tanınır və onun təyyarələr daşıyan gəmiləri, nüvə enerjisi olmasa da, siyasi arenada söz haqqı, səs hüququ var. Fransa Parlamentinin “Artsax”ın müstəqilliyini tanıdığını elan etməsi nə deməkdir axı? Müharibə elanına bərabər addım hesab oluna bilər. Azərbaycanın ərazi bütövlüyünü inkar edir. Onlar Azərbaycan əleyhinə bu cür addımlar atdıqları zaman, ölkəmizi təmsil edən diplomatlar beynəlxalq kürsülərdən Yeni Kaledoniya və Korsika barədə danışmağa başlayırlar. Niderland “Artsaxın” müstəqilliyi ilə bağlı fikirlər səsləndirməyə başladığı zaman, biz də onların dənizlərin ortasında olan müstəmləkə torpaqları barədə danışmağa başlayırıq. O dövlətlər ki, bizi saymır, bizim mənafeyimizi nəzərə almır, bizə qarşı etinasız yanaşmanı özlərinə rəva bilrilər, Azərbaycanın da onlara verəcəyi cavab var.

– Sizcə Emmanuel Makron hakimiyyətdən getsə, yerinə başqa birisi gəlsə, yaxud Ermənistanla Azərbaycan arasında davamlı sülh müqaviləsi imzalansa, Fransanın Azərbaycana qarşı olan mövqeyi dəyişəcəkmi?

– Əgər Ermənistan Makrona rəvac verməsə, onun gəlib Azərbaycanla Ermənistan arasındakı məsələlərə qarışmaq hüququ ola da bilməz. Azərbaycan və Ermənistan aralarındakı məsələləri yalnız özləri, hansısa 3-cü dövlət olmadan, təklikdə həll edə bilsə, tənzimləsə, heç bir superdövlətə, təşkilata ehtiyac qalmaz. Iki qonşu dövlət, xalq daha əvvəl birgə yaşayıb. Gəlin etiraf edək ki, bu xalqların dünyaya baxış bucağı bir-birinə çox yaxındır. Bakıda 300 minə yaxın erməni yaşayırdı. Bu cür yaxınlığa kim mane oldu? Qərbin kəşfiyyatları, Rusiya. Şahmatçı Kasparovun 1989-cu ildə bir çıxışı olub. O bildirmişdi ki, İrəvanda monoxalq hərəkatına başlananda heç Ermənistan ermənilərinin də mənafeyi nəzərə alınmayıb, çünki bunların hamısı SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin agent şəbəkəsinin planı idi və erməni xalqına qarşı da təxribat edilmişdi. Ermənilər həm Bakıdan, həm Gəncədən, Sumqayıtdan, Şamaxıdan, Qəbələdən,  Oğuzdan məhrum oldular. Nəticədə nə oldu? Sonda Qarabağda yaşamaq hüququndan da məhrum edildilər. Ermənistan Rusiyanın bir vilayətinə çevrilmişdi. İndi Ermənistan öz siyasi subyektivliyini qaytarmağa çalışır. Rusiyanın əlaltılığından qurtulmağa cəhd edirlər. Amma o qədər adət ediblər ki təsir altında yaşamağa. İndi də gedib Fransanın aləti olurlar. Bu çox ziyanlı və yanlış ənənədir. Dövlətin, xalqın mənafeyini düşünələr gərək. Bunu edən hökumət nə etməlidir? Əvvəlcə öz yaxın qonşuları ilə xoş münasibətlər qurmalıdır. Sənin təhlükəsizliyin 3-5-10 min kilometr uzaqlıqdakı dövlətdən asılı deyil. Yaxınlığındakı qonşundan asılıdır. Türkiyədən, Gürcüstandan, Azərbaycandan və İrandan asılıdır. Ermənistanın Gürcüstanla yaxşı münasibətlərinin yaranmasına səbəb odur ki, o vaxt Rusiya kəşfiyyatı hələ qərar verməmişdi ki, Ermənistan Gürcüstanın Cavaxeti vilayətinə iddia irəli sürsün. Ermənilər etiraf edirlər ki, 1987-ci ildə bir dəstə erməni gənci əlində silah Cavaxeti vilayətinin sərhədində gözləyib. Planları o idi ki, vilayətə girib orada vəziyyəti qarışdırsınlar. Onları aldatmışdılar ki, gürcülər tarixən ermənilərin kilsələrini ələ keçiriblər, ermənilərə xəyanət edib onların torpaqlarını tutublar. Daha sonra Cavaxetiyə girmək üçün həvəsləndiyimiz bir dövrdə xəbər gəldi ki, eyni fəaliyyəti Qarabağa yönləndirmək lazımdır. Mən o vaxt 90-cı illərin əvvəllərində cəbhəçilərlə birlikdə olanda, deyirdim ki, Rusiya ilə münasibətləri düzəltmək lazımdır, mənim haqqımda deyirdilər ki, Rusiyanın agentidir, “ke-qe-beşnikdir”, kommunistdir, Rusiyaya satılıb. Həmin vaxt bizim əyalət təsəvvürlü kəmsavad siyasətçilərimiz sadə həqiqətləri başa düşmək istəmirdilər. Həmin vaxt sonda nə oldu? Rusiya Azərbaycanı cəzalandırdı, Qarabağı aldı və Ermənistana verdi. Sonra Ermənistanda əyalət təfəkkürlü Paşinyan kimi rəhbərlər hakimiyyətə gəldi, Rusiyaya kəllə atmağa başladılar. Gürcüstanda da eyni vəziyyət yaşandı. Rusiyanın regiondakı mövcud gücünü nəzərə almayan siyasətçilər ona qarşı təbliğata cəhd etdilər. Əvəzində Rusiya nə etdi? Saakaşvilini həbs elədilər, Rusiyanın yaxın adamlarından biri Bidzina İvanişvilini hakimiyyətə gətirdilər. İvanişvili gürcü xalqının Rusiya ilə əlaqədar düşüncələrini yavaş-yavaş dəyişməklə əhval-ruhiyyəsinə təsir etdi və nəticədə də Rusiya ilə normal münasibətlər bərpa edildi. Gürcüstanın nə iqtisadi, nə də hərbi gücü Rusiya ilə bacarmaq üçün kifayət deyil. Ümumilikdə, həm Ermənistanın, həm Gürcüstanın, həm də Azərbaycanın Rusiya ilə kəllə-kəlləyə gələcək qədər gücü yoxdur. Bu dövlətlər Rusiya ilə münasibətləri həmişə balanslı yürütməyə məhkumdurlar. Ona görə Azərbaycan hakimiyyəti əvvəl Heydər Əliyev, daha sonra Prezident İlham Əliyev çox güclü siyasət yeritdilər və Rusiyanın ölkəmizə qarşı olan təhdidlərini neytrallaşdırdılar.

2007-ci ildə NATO Baş katibi Ukrayna, Moldova və Gürcüstanla bağlı çıxışında aşkar şəkildə bildirdi ki, bu dövlətlərin Alyansın tərkibinə qoşulması mümkün deyil və qəbul edilməyəcək. Bu dövlətlər nə dedi? “Səni sevəcəyəm, sən sevməsən də”… Bunun nəticəsində də hər üç dövlətdə xoşagəlməz hadisələr baş verdi. Hər üç ölkənin daxilində respublikalar quruldu. Moldovada xaricdə yaşayan moldovalıların hesabına Maya Sandu prezident seçildi.

– Nikol Paşinyan son müsahibələrinin birində bildirib ki, ilin sonuna qədər sülh sazişinin imzalanması üçün hər şeyə hazırdır. Onun bu çıxışına əsasən, Ermənistanın ilin sonuna qədər bizim təkliflərimizlə, şərtlərimizlə razılaşacağını demək mümkündür?

– Paşinyanın bu fikirləri Fransadan aldığı dəstəyin nəticəsi deyil. O bütövlükdə erməni xalqının maraqlarına görə belə bir fikir səsləndirib. Ermənistan xalqı artıq anlamağa başlayıb ki, ən yaxın qonşusu Azərbaycana qarşı düşmənçilik, işğalçılıq siyasəti heç də doğru üslub deyil. Keçmiş SSRİ-nin, SSRİ Xalq Komissarları Soveti yanında Birləşmiş Dövlət Siyasi İdarəsinin (rusca: ОГПУ), Rusiya Federal Təhlükəsizlik Xidmətinin (rusca: ФСБ) təkidləri ilə ölkəmizə qarşı uzun müddət davam edən düşmənçilik siyasəti ilə bağlı bugünkü erməni xalqı artıq ayılıb. Onlar Paşinyandan tələb edir ki, Azərbaycanla, Türkiyə ilə normal qonşuluq münasibətləri bərpa olunmalıdır. Qaldı Paşinyanın özünün siyasi müqəddəratı, bu, ilk növbədə Azərbaycanla münasibətlərdən asılıdır. Bilirsiz ki, vaxtilə 75-80% seçici rəğbətilə baş nazir seçilən kəmsavad jurnalist Nikol Paşinyan indi 16-17% civarında rəğbət bazasından istifadə edir. 2021-ci ildə keçirilən parlament seçkilərində Paşinyan qalib gəlmişdi, 5 il sonra, yəni 2026-cı ildə də seçkilərin keçirilməsi gözlənilir. O zaman ilk dəfə Paşinyan seçiləndə Robert Koçaryan və Serj Sarkisyanla bağlı əhali arasında narazılıq daha da artmışdı. İndi artıq Paşinyan hökumətinin xeyli sayda məğlubiyyətləri, itkiləri var. Uğurlarının da olmasına baxmayaraq… Və artıq  bu dəfə erməni xalqı onu vəzifəsində saxlamayacaq. Ona hansısa uğur hekayəsi lazımdır. Bu uğur hekayəsi nə ola bilər indiki şəraitdə? Qarabağ itirildi, Rusiya ilə müttəfiqlik itirildi… Yeni uğur hekayəsi o ola bilər ki, müharibədən cana doymuş erməni xalqına sülh vermiş olsun. Yəni Azərbaycan xalqı ilə, dövləti ilə, eyni zamanda Türkiyə ilə Ermənistan arasında sülh müqaviləsi olsun, münasibətlərin normallaşması olsun, sərhədlər açılsın, səfirliklər açılsın, ticarət münasibətləri başlasın, gediş-gəliş bərpa olsun, təhlükəsizliyə təminat kimi erməni xalqına göstərə bilər ki, “bizim artıq əbədi, əzəli türk düşmənlərimiz yoxdur, bizim qonşularımız var”. Bu Paşinyana növbəti seçkilərdə 100% qələbə təmin edə bilər. Azərbaycanla davamlı sülhə nail olan Paşinyan növbəti daxili auditoriya üçün nəzərdə tutduğu addımlarında da uğurlu ola bilər.

– Son sual olaraq onu soruşmaq istəyirəm ki, İran və Azərbaycan arasında “AZİREX-2024” adlı hərbi təlimlər keçirilib. Sizcə, iki ölkə arasındakı münasibətlər bu gün hansı mərhələdədir?

-Dünya siyasətini izləyərkən insanlar unutmamalıdır ki, öz ölkəmizə növbə gəlib çatanda əsatir və miflərə aldanmaq lazım deyil. Əsatirlər isə ondan ibarətdir ki, Azərbaycan qədim Turan dövlətinin bir hissəsidir, yenidən Turan qurulmalı, yenidən onun bir hissəsi olmalıyıq və s. Belə xam xəyalları kənara qoymaq lazımdır. Azərbaycan müstəqil dövlətdir və onun öz iqtisadiyyatı, öz gücü var. Müstəqilliyimizin bərpasından 33 il keçir. Bizim dövlət siyasətimizin parametrləri mövcuddur. Biz qonşularımızla necə rəftar etməli, münasibətləri hansı mərhələdə qorumalı olduğumuzu bu illər ərzində öyrənmişik. Bu gün Azərbaycanın regionda və dünyadakı nüfuzu artdıqca İran da özünü və Azərbaycanın artan nüfuzunu dərk etməyə başlayır. İran Azərbaycan adlı bir dövlətin müstəqilliyini, onun varlığını qəbul etmək istəmirdi. Farslar elə düşünür ki, vaxtilə tarixi ədalətsizlik oldu və Rusiya İmperiyası İranı məğlub elədi və İranın tərkib hissəsi olan Azərbaycanı İrandan qopardı. Sonra Rusiya İmperiyası dağılanda ki, ayrı-ayrı dövlətlər yaranmağa başladı, həmin vaxtdan etibarən həmin əhali fikirləşdi ki, İranın bir parçası olan Şimali Azərbaycan bu dövlətin ərazisinə qaytarılmalıdır. Lakin onlar başa düşmür ki, aradan keçən 180 il ərzində böyük siyasi dəyişikliklər baş verib, Azərbaycanda bir millət formalaşıb. Biz İran azərbaycanlısı deyilik, biz müstəqilik. 20-ci əsrin əvvəlində xalqların məişət şüurları arasında heç bir fərq yox idi. Azərbaycanda SSRİ hakimiyyəti qurulanda Mirzə Cəlil də ailəsi ilə birlikdə Təbrizə üz tutub. Elə Məhəmməd Əmin Rəsulzadə də İrandakı inqilabi hərəkata qoşulmuşdu. Bütün bunlara səbəb bu mütəfəkkirlərin İranı özlərinə doğma ölkə kimi bilmələridir. İran Azərbaycan ədəbiyyatı üçün də doğmadır. İndiyə qədər də Bakı kəndlərində farca şeirlər yazanlar var. Lakin sonradan ki, Azərbaycan xalqında fərqli düşüncə, dünyagörüşü formalaşdırıldı, bu zaman artıq İran Azərbaycanın müstəqilliyini qəbul etmək istəmədi. Hətta son illərə qədər “Azərbaycan Respublikası” adını dilə gətirmirdilər. “Bakı Respublikası” olaraq səsləndirirdilər. İndi isə onların Azərbaycana olan münasibətləri dəyişib. Artıq İran Azərbaycanla hesablaşmağa, onun mənaelərini qorumağa məcburdur. Müstəqiliyin ilk illərində Azərbaycanda ortaya çıxan siyasətçilər də İranla bağlı mənfi fikirlərdə idi. Onlar hesab edirdilər ki, İranda inqilab olacaq, xalq ayağa qalxacaq, Cənubi Azərbaycanda yaşayanlar etiraz edib Şimali Azərbaycanla birləşəcək. Mən də deyirdim ki, təsəvvür edin ki, möcüzə oldu və oradakı 25 milyon azərbaycanlı gəlib (o vaxtkı rəqəmlərlə) 7-8 milyonluq əhalimizlə birləşdi. Təbii ki, Azərbaycanda yenə demokratik respublika olacaq və demokratik seçkilər keçiriləcək. Düşünün ki, həmin vaxt Azərbaycanın prezidenti kim olacaq? Hakim zümrə İrandan gələn 25 milyon əhali olduğu üçün ölkəyə rəhbərliyi də onlar edəcək? O vaxt məni başa düşmürdülər. İran dövləti bu məsələləri özünə təhlükə hesab edir. Çünki İranda yaşayan azərbaycanlılar düşünür ki, İran dövlətinin sahibi Azərbaycanlılardır. O dövrdə hər iki dövlət bir-birini düzgün qiymətləndirmirdi. Tarix bizə bir-birimizi qiymətləndirməyi tədricən öyrətdi. Bu gün bu dövlətlər arasında müştərək maraqların dərk edilməsi prosesi gedir. İran başa düşür ki, şimaldakı təhlükəsizlik məsələləri ilə əlaqədar bu gün Azərbaycanla münasibətlərin qaydasında olması mütləqdir. Eynilə də biz düşünürük ki, regiondakı sabitliyi qoruyub saxlamaq üçün İran kimi güclü dövlətlə qonşuluq əlaqələrinin normallaşması prosesi bizə hava, su kimi lazımdır.

Chosen
5
1
demokrat.az

2Sources