EN

Gürcüstanda 2014-cü il Ukraynaya bənzər hadisələr başladı...

Image

Arzuxan Əlizadə: “Bu, çox təhlükəli tendensiyadır və ağır nəticələrə gətirib çıxara bilər”

Gürcüstanda parlament seçkilərindən sonra siyasi proseslərin vüsət aldığını görürük. Görürük ki, Qərb məğlubiyyətlə barışmaq istəmir. Ona görə də özünün emissarları vasitəsilə seçkilərin nəticələrinin ləğvinə, yeni seçkilərin təşkilinə çalışır. Tam aydındır ki, bu “rəngli inqilab” ssenarisini işə salmaq cəhdidir. 

Məqsəd mövcud hakimiyyəti devirmək və Gürcüstanda Qərbmeylli, tamamilə Qərbdən idarə olunan marionet hakim komanda formalaşdırmaqdır. 

Prosesləri qızışdıran Qərb, ondan dəstək alan müxalif qüvvələrin bu aksiyalarının səngiməməsi üçün əlindən gələni edir. Xüsusilə də, QHT-lərdən bu işdə aktiv istifadə olunur. Hazırda Gürcüstanda müşahidə olunan vəziyyət Ukraynada 2014-cü ildə baş verən “Maydan hərəkatı”nı xatırladır. 10 il əvvəl Ukraynada da Qərbdən maliyyələşən QHT-lərin aktiv iştirakı ilə qızışdırılan aksiyalar sonda hakimiyyət dəyişikliyinə gətirib çıxarmışdı. İndi isə seçkilərdə "Gürcü Arzusu"nun qələbəsini həzm edə bilməyən Qərb Ukrayna ssenarisini Gürcüstanda da reallaşdırmaq üçün gücünü səfərbər edib. Təxribatların formasına, miqyasına baxanda görürük ki, Avropanın bəzi ölkələrindən çoxsaylı təxribatçılar gətirilib. Ələ alınmış və Qərbdən maliyyələşən QHT-lər, LGBT qrupları, ifrat sağçı qüvvələri qabağa verməklə hakimiyyəti zorla devirmək istəyirlər. Bir daha vurğulayaq ki, bənzər ssenarini düz 10 il Ukraynada həyata keçirib hakimiyyəti devirdilər. İndi bunu Gürcüstanda təkrar edirlər. O üzdən, bu, Gürcüstana nə vəd edir? 

Sözügedən məsələni şərh edən AMİP sədri, millət vəkili Arzuxan Əlizadə bakı-xeber.com-a açıqlamasında baş verənlərin Gürcüstana qeyri-sabitlik vəd etdiyi qənaətindədir: “Bu, çox təhlükəli tendensiyadır və ağır nəticələrə gətirib çıxara bilər. Məsələ ondadır ki, 90-cı illərdə yaşanan təlatümlər nəticəsində Gürcüstanda separatizm alovlandı və ölkənin ərazi bütövlüyü pozuldu. Separatçılar xarici dəstək hesabına Abxaziyanı və Cənubi Osetiyanı işğal etdilər. Daha sonra 2003-cü ilin noyabrında Qərbin dəstəyi ilə hakimiyyət inqilab yolu ilə devrildi. Saakaşvili sırf Qərbpərəst siyasət yeritməyə başladı. Nəticədə Gürcüstanın Rusiya ilə münasibətləri daha da kəskinləşdi. Bu isə 2008-ci ildə iki ölkə arasında müharibəyə səbəb oldu. Nəticədə Rusiya və bəzi ölkələr Abxaziya və Cənubi Osetiyanın “müstəqilliyini” tanıdılar. Qərb Gürcüstanı NATO-ya qəbul etmək vədini versə də, bunu etmədi. Neçə ildir Saakaşvili həbsdə çürüyür, amma Qərb ona sahib çıxmır. Sankı onu istifadə edib sonra bir kənara atdılar. Bütün bunların fərqində olan hakim “Gürcü Arzusu” partiyası praqmatik siyasət yürüdür. Bu, Qərbin xoşuna gəlmir və istəyirlər ki, seçkinin nəticələrini ləğv edib ölkədə qarşıdurma yaratsınlar. Yəni Gürcüstanı Ukraynanın gününə salmaq istəyirlər. İstəsəkdə, istəməsəkdə Gürcüstan Rusiyanın qonşusudur. Rusiyada 1 milyondan artıq gürcü yaşayır, fəaliyyət göstərir. Onlar ölkələrinə vəsait göndərirlər. Bu gün Gürcüstan şərabını Avropaya yox, Rusiyaya ixrac edir. Niyə? Ona görə ki, Avropa İttifaqı bununla bağlı çoxlu tələblər qoyur. Rusiya turistləri Gürcüstanda dincəlir və s. Burada söhbət Rusiyanı müdafiə etməkdən getmir. Söhbət Ukrayna hadisələri timsalında Gürcüstanın ehtiyatlı siyasət yürütməsindən gedir. Gürcü cəmiyyəti də bunun fərqində olduğuna görə, sabitliyi seçib. Ancaq Qərb bunu qəbul etmək istəmir və ölkəni xaosa sürükləmək istəyir. Bu isə qəbuledilməzdir”.

Vidadi ORDAHALLI





Chosen
15
35
baki-xeber.com

10Sources