EN

"Tesla" sahibləri Maskdan üz döndərir: "Bu maşını sürməkdən utanıram"

Bir vaxtlar liberal düşüncəlilərin sevimlisi olan "Tesla"nın baş icraçı direktor İlon Maskın (Elon Musk) Trampı dəstəkləməsi və sağçı konspirasiya nəzəriyyələrinə yaxınlaşması ilə ciddi etirazla qarşılaşıb. İndi bəzi "Tesla" sahibləri avtomobillərinin üzərində Mask əleyhinə narazılıqlarını açıq şəkildə nümayiş etdirirlər.  

Valyuta.Az-ın məlumatına görə Maskın Trampa dəstək verməsi və ABŞ prezident seçkilərində ona qələbə qazanmaqda kömək etməsindən sonra, "Tesla" sahibləri multimilyarder Maskdan uzaqlaşmaq üçün avtomobillərinə müxtəlif stikerlər yapışdırmağa başlayıblar. Bu hadisədən sonra Mask əleyhinə stikerlərin satışı kəskin şəkildə artıb.  

Onlayn platformada Maskı tənqid edən stikerlər satan Mett Hiller (Matt Hiller) bildirib ki, seçkilərdən sonrakı gün onun üçün ən böyük satış günü olub. “İnsanlar bir milyarderin siyasi administrasiyaya pulla daxil olduğunu gördü və bu, onları qəzəbləndirdi,” deyə Hiller qeyd edib.  

Hiller, keçən il "Tesla" almaq fikrindən daşınıb və bu qərarını Maskın “dəhşətli insanları dəstəkləməsi və başqalarını susdurması” ilə əlaqələndirib. O vaxtdan bəri "Anti Elon Tesla Club", "Mən bunu Elon dəli olmamışdan əvvəl almışam" və ya Maskın klaun makiyajı ilə "Kosmos Klaunu" kimi şüarlar yazılmış yüzlərlə stiker satılır.  

"İnsanlar mənə deyirlər ki, bu stikerlərlə avtomobillərini yenidən rahatlıqla sürə bilirlər," deyə Hiller əlavə edib. O, həmçinin "Etsy" və "Amazon" üzərindən satılan məhsullar üçün "Elon pişiyimi yedi" kimi ironik ifadələr də hazırlayıb. Bu ifadə Ohayoda miqrantların ev heyvanlarını yeməsi ilə bağlı əsassız yalan xəbərə işarə edir.  

Bir zamanlar ABŞ-da liberallar arasında ekologiyanın müdafiəçisi və texnologiya pioneri kimi qəbul edilən İlon Mask, "Tesla"nı dünyanın ən dəyərli avtomobil şirkətinə çevirməklə və “iqlim dəyişikliyini əsrin ən böyük təhdidi” adlandırmaqla diqqət mərkəzində idi. Lakin onun bu gün 314 milyard dollar dəyərində sərvəti olmasına baxmayaraq, son davranışları əvvəlki nüfuzunu kölgə altına salıb.  

Elektrik avtomobili alıcılarının bir vaxtlar İlon Mask (Elon Musk) haqqında yüksək fikirdə olmasına baxmayaraq, onun "X" platformasında sağçı konspirasiya nəzəriyyələrini yayması, "oyanmış zehin virusu" barədə şiddətli açıqlamaları və Trampa dəstəyini coşqu ilə ifadə etməsi bu münasibəti dəyişib. Mask, hətta Trampın seçkiqabağı mitinqlərində iştirak edib və seçki kampaniyalarının əsas döyüş meydanlarındakı xərclərini maliyyələşdirib.  

Artıq Mask, Trampın yeni administrasiyasında "Hökumət Səmərəliliyi Departamenti" adlı quruma rəhbərlik edərək ABŞ hökumət işçilərinin kütləvi ixtisarlarını planlaşdırır. Bu vəziyyət bəzi "Tesla" sahiblərini ciddi şəkildə narahat edib. Las Veqasda yaşayan gimnastika müəllimi Mika Hyuston (Mika Houston) bildirib: “İlonun ölkəmizi irəli aparacağını düşünürdüm, amma o, pis niyyətli bir şəxs kimi görünür. Bu qədər pullu birinin siyasətçilərlə yaxın olması qorxuncdur.”

Mask əleyhinə yaranan bu narazılığın "Tesla" şirkətinə necə təsir edəcəyi hələ ki, bəlli deyil. Şirkət ABŞ-da elektrik avtomobili bazarının lideri olaraq qalır. Lakin bu ilin son rübü üçün satışların ötən ilin eyni dövrü ilə müqayisədə 7% azalacağı gözlənilir. Analitiklər bunu rəqabətin artması və "Tesla" model xəttinin demək olar ki, dəyişməməsi ilə izah edirlər. Yalnız "Cybertruck" modelinin təqdimatı böyük marağa səbəb olub.  

“Artıq "Tesla" bazarda tək deyil və yeni məhsullar təqdim etməkdə kifayət qədər aktiv davranmayıb,” deyə "Cox Automotive"in sənaye araşdırmaları direktoru Stefani Valdez Striti (Stephanie Valdez-Strict) qeyd edib.  

Rəhim

Chosen
125
50
valyuta.az

10Sources