EN

Azərbaycan və Venesuela XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

Dekabrın 2-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Venesuelanın xarici işlər üzrə xalq hakimiyyəti nazirinin müavini Tatiana Puq Moreno ilə görüşüb.

SİA-nın məlumatına görə, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindənbildiriblər ki, görüşdə Azərbaycan ilə Venesuela arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər, iqtisadi-ticarət, energetika, turizm, kənd təsərrüfatı, mədəniyyət və təhsil sahələri üzrə əməkdaşlıq perspektivləri müzakirə olunub.

İki ölkə arasında intensiv siyasi dialoqun mövcudluğunun, habelə müxtəlif səfərlər və beynəlxalq tədbirlər çərçivəsində aparılan təmasların məmnunluq doğurduğunu qeyd edən nazir Ceyhun Bayramov belə müzakirələrin müxtəlif sahələr üzrə konkret planların müəyyənləşdirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Beynəlxalq təşkilatlar, xüsusilə BMT və Qoşulmama Hərəkat çərçivəsində qarşılıqlı dəstəyə və həmrəyliyə əsaslanan əməkdaşlığımızın məmnunluq doğurduğu, çoxtərəfli platformalar çərçivəsində əlaqələrin daha da gücləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.

2025-ci ildə Azərbaycan ilə Venesuela arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd ediləcəyi, bu istiqamətdə birgə təşəbbüs və tədbirlərin həyata keçirilməsi imkanlarının nəzərdən keçirilməsinin faydalı olacağı bildirilib.

Tatiana Puq Moreno Azərbaycanı ötən ay COP29-a uğurlu ev sahibliyi, sözügedən tədbirin yüksək səviyyədə təşkili münasibətilə təbrik edib, konfransın yekunlarının iqlim dəyişikliyi ilə mübarizə səylərinə mühüm töhfələrdən biri olduğunu deyib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nazir müavini Tatiana Puq Morenonun ölkəmizə səfəri çərçivəsində, həmçinin Azərbaycan Respublikası ilə Venesuela Bolivar Respublikasının Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti - 2-ci raundu keçirilib.

Məsləhətləşmələr zamanı Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Elnur Məmmədov, qarşı tərəfin nümayəndə heyətinə isə Venesuelanın xarici işlər üzrə xalq hakimiyyəti nazirinin müavini Tatiana Puq Moreno rəhbərlik ediblər.

Siyasi məsləhətləşmələr çərçivəsində Azərbaycan ilə Venesuela arasında ikitərəfli və çoxtərəfli münasibətlərin perspektivləri, əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində gələcək planlar, birgə təşəbbüslər, habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər müzakirə olunub.

Chosen
9
17
sia.az

10Sources