“Qırmızı xətt”lər bir-bir keçilir, hərbi çevriliş ehtimalı; Tural Abbaslı: “Bizlər gürcü iqtidarının yanında olmalıyıq”
26 oktyabr parlament seçkilərindən sonra qonşu Gürcüstanda vəziyyət ilk dəfə olaraq kritik həddə qədər qəlizləşib. Artıq nümayişçilər qanunsuz üsullara əl atmağa başlayıblar. Xarici İşlər və Müdafiə nazirliklərində Qərbin “5-ci kolonu” olan bəzi kadrlar, həmçinin ABŞ-dakı səfir istefa verərək etirazçılar tərəfə keçib.
Həmçinin ölkənin səlahiyyət müddəti bitməkdə olan prezidenti, Fransa vətəndaşı və casusu Salome Zurabişvili dekabrın 29-da istefa verməyəcəyini bildirib. ABŞ isə Gürcüstanla strateji tərəfdaşlığı dayandırdığını bəyan edib.
Tramp komandası bu kursu davam etdirəcəkmi?
Bu, sözsüz ki, etirazları daha da qızışdırmaq, “ocağa” əlavə “yağ” tökmək niyyəti güdür. Bunun üstündən baş nazir İrakli Kobaxidze bildirib ki, Zurabişvili vəzifəsini tərk etməli və prezident iqamətgahını Gürcüstanın qanuni yolla seçilmiş yeni prezidentinə təhvil verməli olacaq. O eyni zamanda Qərbdən ləyaqətli münasibət gözlədiyini vurğulayıb. Lakin onun da əlavə edib ki, “yalan və ədalətsizlik Avropa strukturlarında dərin kök salıb və bu, son dərəcə narahatlıq doğurur”. Kobaxidze Trampın vəzifə başına gəlməsi ilə Aİ ilə münasibətlərin dəyişəcəyinə ümid etdiyini də söyləyib.
Öz növbəsində xarici işlər naziri Maka Boçorişvili bildirib ki, Gürcüstan diplomatlarına qarşı təzyiq kampaniyası aparılır. O, XİN əməkdaşları ilə keçirdiyi görüşdə bu kampaniyanı qəbuledilməz və yolverilməz adlandırıb.
Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin məlumatına görə isə “son hadisələr Gürcüstanda hakimiyyəti zorla devirmək üçün dağıdıcı proseslərin getdiyini” göstərir. “Biz araşdırma nəticəsində əldə edilmiş sübutları dəfələrlə ictimaiyyətin diqqətinə çatdırmışıq. Müəyyən qruplar Gürcüstan parlamenti yaxınlığında keçirilən mitinqlər zamanı dağıdıcı və zorakılıq ssenariləri təşkil etməyə çalışırlar. Bu ssenarilər konkret siyasi partiyaların və QHT-lərin rəhbərləri tərəfindən hazırlanıb, onların əsas məqsədi hakimiyyəti zorla ələ keçirməkdir”, - qurumun bəyanatında deyilir. Proseslər hara aparır? Gürcüstan-Qərb qarşıdurmasının qalibi kim olacaq? Qərb ona sərf etməyən, onun sözü ilə oturub durmayan qürurlu, milli-mənəvi dəyərlərə söykənən hakimiyyəti devirə biləcəkmi? Hərbi çevriliş riski qalırmı? Çevriliş olarsa, bölgə, Azərbaycan bundan necə təsirlənəcək? Azərbaycan müxalifəti proseslərdə kimin yanındadır?
Tural Abbaslı
AĞ Partiya başqanı Tural Abbaslı gürcülərin Ukrayna nümunəsindən dərs çıxardıqlarını söylədi. Onun fikrincə, Gürcüstanda baş verən hadisələr Qərb-Rusiya qarşıdurmasının başqa bir təzahüridir: “Ukraynada qarşı-qarşıya duran qüvvələr hazırda Gürcüstanda da üz-üzədir. Baxsaq görərik ki, Gürcüstanda baş verən ssenarilər eynən 2014-cü ildə Ukraynada başlayan və nəticədə hazırda Ukraynanı bu günə gətirəcək proseslərlə eynidir. Zamanında Ukraynada da "Biz Avropa istəyirik!", “NATO-ya üzv olmaq istəyirik!”, “Biz bu xətdən dönmərik, buna görə nə lazımdır edərik"" kimi fikirlər xalq arasına yeridildi. Nəticədə xalq küçələrə töküldü. O zaman legitim prezident olan Viktor Yanukoviç ölkədən qovuldu. Ardınca Rusiyaya qarşı geniş meydan oxundu. Rusiyanın oradakı maraqlarına birdəfəlik son verəcəklərini bəyan etdilər. NATO-ya üzv olmağı əsas hədəf kimi qarşıya qoydular. Bundan sonra Rusiya əks addımlar atmağa başladı. Əvvəl Krım ilhaq olundu. Sonra da heç bir siyasi təcrübəsi, siyasi keçmişi olmayan Zelenski kimi aktyorun hakimiyyətə gətirilməsi ilə Rusiya-Ukrayna qarşıdurması daha da şiddətləndi. İndi də əslində eyni ssenari Cənubi Qafqazda təşkil olunmağa başlayıb. Belə ki, Qərb bu regionda mövqelərini itirdiyini gördükdən sonra bu cür cəhdlər edir. Bilirsiniz ki, Qarabağ məsələsi Qərb və Rusiyanın Cənubi Qafqazda təsirlərini saxlamaq, yaxud artırmaq üçün bir riçak idi. Azərbaycanın Qarabağ zəfərindən sonra bu riçaklar itirildi. Cənubi Qafqazda dəngələr dəyişdi, yeni dəngələr, yeni nizam yarandı. Bu nizamdan da təbii ki, həm Qərb, həm də şimal qonşumuz narazıdır. Ona görə də yeni nizamın qurulması üçün həm Rusiya, həm də Amerika başda olmaqla, Qərb dünyası yenidən işə düşdü. Burada da təbii ki, Rusiya boş dayanmadı. Əslində Rusiyanın Ukraynaya müdaxiləsi Azərbaycan, Gürcüstan və Ermənistan kimi Cənubi Qafqaz ölkələrinə bir mesaj verdi. Gürcülər bundan çox yaxşı nəticələr çıxardılar. Belə ki, gürcülər eyni yolu getdikləri Ukraynanın taleyini çox acınacaqlı gördülər. Ona görə də, birmənalı şəkildə Qərb xəttindən balanslı xəttə keçdilər. Bu balanslı xəttə keçməklə artıq Rusiya ilə Qərb arasında balansı qoruyacaqlarını atdıqları addımlarla bildirməyə başlayıblar. Bunu da edəndə Qərb artıq demokratiya, azad seçimi, insanların azad seçim hüquqlarını kənara qoyub, özünün maliyyələşdirdiyi QHT-ləri küçələrə tökdü ki, Rusiya Gürcüstanı Qərbdən almasın. Əslində Gürcüstan uğrunda Rusiya-Qərb savaşı gedir. Maraqlı olan odur ki, Rusiya burada heç bir mübarizə aparmır. Hazırkı iqtidar həm Rusiyanın, həm də Gürcüstanın maraqlarına uyğun addımlar atır. Çünki burada belə bir seçim var. Ortada mənəviyyatsız, milli-mənəvi dəyərlərdən və əxlaqdan uzaq bir Qərb dəyərləri var. Rifah içərisində yaşayacaqsan, ortada LGBT kimi əxlaqsız dəyərlər ayaq tutub yeriyəcək, dövlətçilik məsələsi arxa planda qalacaq. Digər tərəfdən də öz adət-ənənələrinə, milli-mənəvi dəyərlərinə, dininə, yaşam tərzinə sahib çıxan Gürcüstan olacaq. Əslində bu seçimin da davası gedir. Gürcüstan "xarici agentlərlə bağlı" qanun qəbul etdi. Burada əsas məqsəd Gürcüstanın dövlət maraqlarının təmin olunması idi. Özünə hörmət edən dövlət 80%-ə yaxın kənardan maliyyələşən qurumları təbii ki, xarici qurum kimi dəyərləndirməlidir. Amma ABŞ başda olmaqla, Qərb buna etiraz etdi. Bu gün də xalqın seçiminə zidd gedilir, seçilmiş parlament qeyri-legitim qəbul olunur. Özlərinin vaxtı ilə Gürcüstana yerləşdirdikləri və həm də Fransa vətəndaşı olan prezident Salome Zurabişvili öz postunu vaxtında təhvil verməyəcəyini bəyan edib".
T.Abbaslı gürcü iqtidarının postunda qalacağını düşünür: “Düşünülmüş şəkildə Qərb Gürcüstanda qarşıdurma yaradır. Açığı, burada uğur qazanacaqlarına inanmıram. Mənə elə gəlir ki, Gürcüstan iqtidarı regionda, xüsusilə ölkədə cərəyan edən prosesləri çox gözəl izləyib. Hətta hazırkı "Gürcü Arzusu"nun seçkiqabağı təbliğatı “Gürcüstanı Ukrayna etməyək” şüarı idi. Plaklatlar, şəkillər əsasən Ukrayna ilə müqayisəli şəkildə verilirdi. Xalq da bu təbliğatı qəbul etdi, iqtidara səs verdi. İnanmıram ki, xalq bu məsələdə birmənalı olaraq müxalifətin-Qərbin yanında olsun. Məncə, iqtidar oradan nəticələr çıxarıb. Bəli, Gürcüstan qarışacaq, qarşıdurmalar olacaq. Amma nəticədə mənə elə gəlir ki, iqtidar qalib gələcək. Azərbaycanın maraqlarına Gürcüstan iqtidarının qalib gəlməsi tam uyğundur. Çünki Amerika və Fransa başda olmaqla, Qərb dünyası Gürcüstanda möhkəmlənsə, növbəti hədəfləri təbii ki, Azərbaycan olacaq. Azərbaycanda isə artıq heç bir insan haqları, demokratiyadan deyil, mənəviyyatımıza, dəyərlərimizə, yaşam tərzimizə hücum başlayacaq. Zatən LGBT kimi əxlaqsızlığı sırımağa çalışırlar. İstənilən halda Gürcüstanda vəziyyətin gərginləşməsi regionda vəziyyəti ağırlaşdırır. Bizim Gürcüstanda stabilliyin, sabitliyin olması, hakimiyyət qarşıdurmasının yaranmaması marağımızdadır. Hər halda, Azərbaycan da buna hazır olmalıdır. Ölkəmiz baş verən hadisələrdən nəticələr çıxarmalıdır. Aşağı-yuxarı Rusiya-Qərb savaşı zəif formatda olsa da, Ermənistanda da gedir. Təhlükəli məqamlar var. Amma şükür Allaha, Azərbaycan bu məsələdə stabildir, sabitdir. Biz Azərbaycan müxalifəti olaraq, Gürcüstanda milli, xalqın dəstək verdiyi, gürcü milli-mənəvi dəyərlərinə sadiq olan bir iqtidarın olmasını çox istəyirik, bu bizim ölkə üçün də daha sərfəlidir. Bu baxımdan bizlər də təbii ki, bu proseslərdə legitim, seçilmiş gürcü iqtidarının yanında olmalıyıq deyə düşünürəm".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”