EN

Suriyanın 5 yerə bölünməsi planı işə düşüb

Suriyada vəziyyət getdikcə mürəkkəbləşir. Məlumata görə, Heyəti Təhrir-üş-Şam qüvvələri Hələbi ələ keçirdikdən sonra Həma istiqamətində hücuma başlayıblar. Vilayət mərkəzi uğrunda ağır döyüşlər gedir.

Digər tərəfdən, Türkiyə Silahlı Qüvvələri tərəfindən dəstəklənən Suriya Milli Ordusu Təl-Riratı PKK/YPG-dən təmizlədikdən sonra Münbiçə yönəliblər. Maraqlıdır ki, ABŞ-ın himayə etdiyi PKK/YPG silahlıları da boş dayanmayıb. Onlar da bu gün səhər tezdən Deyri-əz-Zor vilayətində Bəşər Əsəd qoşunlarına və İranın dəstəklədiyi qruplara hücum edib. Deyr-əz-zorun 7 yaşayış məntəqəsi - Deyrin Murrat, Haşşam, Məzlum, Tabiyye, Hüseyniyyə, Salihiyye və Hatla kəndləri PKK/YPG qüvvələrinə təslim olmaq üzrədir.

Suriya rejimi isə Latakiya əyalətində məcburi əsgər toplamağa başlayıb.

Sual oluna bilər: Suriyadakı qüvvələr niyə hakim olduqları əraziləri qorumaq əvəzinə digər vilayətlərdə mövqe qazanmağa çalışırlar?

Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında bildirib ki, Suriyada baş verən yeni demoqrafik yerləşmələrin getdiyini göstərir:

oğuz-2.jpg

“Əslində bu, təsadüfi də deyil. 2011-ci ildə Suriyada başlayan vətəndaş müharibəsi nəticəsində milyonlarla insan öz yurd-yuvalarından didərgin düşdülər. Nəticədə ölkənin demoqrafik vəziyyəti dəyişildi. Həma, Xüms və Hələbdəki sünni qruplar İranın proksi qüvvələri, o cümlədən Hizbullah tərəfindən öz yurdlarından qovalandı və onlar Əfqanıstandan, İraqdan, Livandan gətirilən şiələrlə əvəz olundular. Bənzər hadisələr Suriyanın şimalında da baş verdi. Türkiyənin sərhədlərinə yaxın ərazilər ərəb və türkmənlərdən təmizləndi və kürd separatçılarına verildi. Təsəvvür edin ki, ABŞ-ın dəstəklədiyi PKK/YPG qüvvələri Suriyanın ən bərəkətli torpaqlarına yerləşdirildi. Üstəlik, Deyr-əz-Zordan tutmuş Afrinə qədər Suriyanın, demək olar ki, üçdə biri PKK/YPG qüvvələrinin əlinə keçdi. Bu ərazilər həm Suriyanın neft və qaz ehtiyatlarının tamamının toplandığı, həm də qida sektorunun 80%-nin istehsal olunduğu torpaqlardı. Sözsüz ki, bu ədalətsiz yenidən məskunlaşdırma hər kəsi narazı salırdı. Məhz bu səbəbdən də İranın zəifləməsi ilə insanlar öz əraziləri uğrunda döyüşə başladılar. Suriyanın başlayan yenidən demoqrafik yerdəyişmələr bununla bağlıdır”.

Heydər Oğuzun fikrincə, Suriya rejiminin hazırda ağır döyüşlərin getdiyi Həma və Xümsdə deyil, Latakiya əyalətində kütləvi səfərbərliyə getməsi, yaxud kürd separatçılarının hazırda hakim olduqları Türkiyə ilə sərhəddə yox, Deyr-əz-Zorda yeni torpaqlar qazanmaq uğrunda mübarizə aparması ölkənin etnik-dini xarakterindən irəli gəlir: “Məlum olduğu kimi, Suriya çoxetnikli və çoxməzhəbli ölkədir. Ölkə əhalisinin 70%-ni sünnilər, 30%-ni ələvilər, dürzilər və digər din mənsubları təşkil edir. Sünnilər müxtəlif etnik qruplara ayrıldığından bu çoxluq arasında vəhdət yoxdur. Əksinə, əvvəllər Hafiz və Bəşər Əsədin, daha sonra isə ABŞ-ın səhv siyasətləri nəticəsində kürdlərlə, türkmanlar və ərəblər arasında tarixi düşmənçilik hissi kök salmışdır. Eyni mənzərə digər din mənsubları üçün də keçərlidir. Digər din mənsublarının 10-12%-ni nüsayrilər, 6-10% xristianlar, 3-5% isə dürzilər və başqa inanc qrupları təşkil edir. Əsəd ailəsi nüsayri məzhəbinə məxsus olduğundan hakimiyyətin müxtəlif orqanları da onların əlindədir. Xüsusilə də vətəndaş müharibəsi başlayandan İranın təsiri ilə təmsilçilikdə bu nisbət daha da pisləşdi. Beləcə, Bəşər Əsəd xalq nəzdində bütün hörmətini itirdi. Suriya diktatoru da məhz bu səbəbdən səfərbərliyi də öz məzhəbi arasında aparır. Çünki haqlı olaraq zülmə məruz qoyduğu digər məhzəb mənsublarına güvənmir”.

Siyasi şərhçi Suriyada etnik-məzhəbi bölünmüşlüyün vətəndaş müharibəsindən sonra dərinləşdiyi tezisi ilə razılaşsa da, onu da bildirdi ki, əslində bu vəziyyətin təməlləri Bəşər Əsədin atası Hafiz Əsəd tərəfindən atılıb: “Hafiz Əsəd ölkənin demoqrafik xarakterinin özünün əleyhinə olduğunu anladığından, bu problemin qarşısını almaq üçün guya bəzi addımlar atdı. Ölkədəki etnik və məzhəbi qruplar arasındakı bütünlüyü ortadan qaldırmaq üçün inzibati əraziləri süni kantonlara böldü. Bəzi sünni əhalinin ətrafında şiə kantonları yaratdı. Bəzən isə bir-birinin içərisinə keçmiş müxtəlif etnik kantonlar yaratdı. Məsələn, Suriyanın şimalında 6 kürd kantonu formalaşdırmış və onları türkman kontonları arasında yerləşdirmişdi. Bununla da kifayətlənməyib bir də ərəbləri bu coğrafiyanın müxtəlif ərazilərinə köçürüb demoqrafik mozaikanı daha da mürəkkəbləşdirmişdi. Beləcə, tarixən türkmanların ərazisi olan Şimali Suriyanın etnik bütövlüyünü pozmuşdu. 2011-ci ildə vətəndaş müharibəsi çıxandan sonra Suriyanın cənubi şərqini işğal edən ABŞ silahlı qüvvələri kürd separatçılarını dəstəkləyərək yerli əhalini öz yurd-yuvalarından didərgin saldı. Nəticədə kürdləri də həm ərəblərlə, həm də türkmanlarla düşmən etdi və bugünkü status-kvonu meydana gətirdi. İndi isə türkmanlar və ərəblər öz ata-baba yurdlarına qayıtdığından kürd separatçıları ölkənin mərkəzinə köçmək məcburiyyətindədirlər”.

Bununla belə, kürd separatçılarının Deyr-əz-Zorda da rahatlıq tapa bilməyəcəklərinə inanan Heydər Oğuz bunu bölgədəki ərəb əşirətləri tərəfindən xoş qarşılanmayacağı ilə əlaqələndirir: “Əslində Deyr-əz-Zorda kürd separatçıları ilə ərəb əşirətləri arasında münaqişə bir neçə ay əvvəl başlamışdı. ABŞ-ın iki toplumun nümayəndələrini Suriya Demokratik Qüvvələri adlı təşkilatda birləşdirməyə çalışması ərazilərə nəzarət uğrunda böyük münaqişəyə çevrilmiş, xüsusilə ərəblərdən xeyli insan öldürülmüşdü. ABŞ bu münaqişənin qarşısını zorla almışdı. İndi kürd separatçılarının kütləvi şəkildə ərəb kəndlərinə hücumu yenidən böyük münaqişəyə yol aça bilər”.

Heydər Oğuzun fikrincə, ABŞ-ın Suriyada yeni demoqrafik mühəndislik siyasətini aparması ölkəni bir neçə yerə parçalamağa xidmət edir: “Yeri gəlmişkən bu parçalanmanın tarixi zəmini də var. Osmanlının dağılmasından sonra indiki Suriya ərazisində 4 müxtəlif dövlət qurulmuşdu. Bunlardan biri Hələb dövləti idi ki, Suriyanın şimalında yerləşir və Deyr-əz-Zoru da öz içərisində alırdı. Digəri Dəməşq dövləti adlanırdı və Suriyanın cənubunu əhatə edirdi. Cənubda, Qolon təpələrinin ətrafında Dürzi dövləti var idi. Suriyanın şimal-qərbində Latakiya dövləti qurulmuşdu. Daha sonra bu dövlətlər fransız müstəmləkəçiliyinə qarşı birləşib mübarizə apardılar və indiki vahid Suriyanı qurdular”.

Son zamanlar Suriyada baş verənlərin yenidən parçalanma hərəkatı olduğuna inanan Heydər Oğuzun fikrincə, bu dəfə görünən budur ki, Deyrə-əz-Zor da Hələbdən ayrılacaq: “Beləcə, 5 dövlətin ortaya çıxacağı planlaşdırılır. Vaxtilə İsrailin məşhur strateqlərindən olan Oded Yinonun hazırladığı strateji planda da Suriyanın bir neçə yerə bölünməsi nəzərdə tutulurdu və müəllif onlardan birinin də kürd dövləti olmasının vacibliyini vurğulayırdı. Məsələyə bu aspektdən nəzər salanda Suriyada baş verənlər o qədər də təəccüblü görünmür”.

E.MƏMMƏDƏLIYEV,
Musavat.com

Chosen
8
musavat.com

1Sources