EN

“Qərb istənilən vasitəyə əl atmaqda qətiyyətli görünür“ - MÖVQE BİLDİRİLDİ

“Gürcüstanda baş verənlər əslində gözlənilən idi. Çünki hələ seçkilərdən öncə də seçkinin nəticələrindən asılı olaraq müxalif qüvvələrin etirazları planlaşdırılırdı. Bununla bağlı Gürcüstanın mövcud hakimiyyəti də dəfələrlə mövqe ortaya qoymuş, müxalifətin seçkilərdən sonrakı vəziyyətə hazırlaşdığını bildirirdi. Bu barədəki gözləntilər də özünü doğrultdu, seçkilərdən dərhal sonra aksiyalar başladı”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

O bildirib ki, Gürcüstan hakimiyyətinin Avropa İttifaqı ilə bağlı danışıqlar prosesi 2028-ci ilə qədər dondurulması qərarı müxalif qüvvələrin yenidən ortaya çıxmasına səbəb oldu: “Məsələ burasındadır ki, hər nə qədər də qərar Avropa Parlamentinin Gürcüstanda seçkilərin nəticələrinin tanınmaması və Gürcüstan hakimiyyətinin ayrı-ayrı rəsmilərinə sanksiya tələbləri ilə dərhal sonra baş versə də, amma bu olmasaydı belə, müxalifətin meydanlara çıxacağı əslində gözlənilən idi. Hal-hazırda baş verənlər Qərbin Gürcüstanı özünə ram etməsi və Gürcüstanda Ermənistanda olduğu kimi müti və sözəbaxan hakimiyyəti formalaşdırmaq istəyindən irəli gəlir. Qərb də bunu gizlətmir. Barelin istefadan əvvəl Avropa İttifaqı tərəfindən Gürcüstan xalqının azadlığındakı mübarizəyə dəstək məqsədilə 120 milyon dollar maliyyə vəsaiti ayıracağını bəyan etməsi və təşkilatların külli miqdarda maliyyə vəsaitləri ayırması nəticə etibarilə 30 illik müddət ərzində Gürcüstanda formalaşdırılmış Qərbdən asılı ictimai sektoru həvəsləndirib və hərəkə keçirib. Baş verənlər təbii ki, Azərbaycan tərəfindən də diqqətlə izlənilir. Çünki birincisi, Gürcüstan Azərbaycanın strateji müttəfiqidir. Azərbaycanın bir çox beynəlxalq layihələrində pay sahibidir. Bizim böyük layihələrimizdə kəmərlər Gürcüstan ərazisindən keçir. İkincisi, Gürcüstanda çoxlu sayda soydaşlarımız Gürcüstan vətəndaşı olaraq yaşayırlar. Üçüncüsü isə Gürcüstanda baş verənlər Qərbin Cənubi Qafqaz siyasətinin tərkib hissəsi olduğu üçün Ermənistandan sonra Gürcüstanda da mövqeyin möhkəmləndirilməsi nəticədə növbəti mərhələdə Azərbaycan üzərinə təzyiqləri də artıracaq. Bu baxımdan diqqətlə izlənilməlidir. Bundan sonra proseslərin necə cərəyan edəcəyini proqnozlaşdırmaq çətin olsa da, parçalanma göz önündədir. Hakimiyyət daxilində də fikir ayrılıqları ortadadır. Bütün bunların ortadan qaldırılması üçün Gürcüstan hakimiyyətinin düzgün qərarlar qəbul etməsi və konkret addımlar atması lazımdır. Əks halda Avropa İttifaqı tərəfindən Gürcüstana vizasız gediş-gəlişin ləğvi də gündəmdədir. Bu da nəticədə hal-hazırda Avropada işləyən Gürcüstan vətəndaşlarının ölkəyə axınına səbəb olacaq. Onların da potensial müxalif qüvvələrə qoyulacağı heç kimə sirr deyil. O baxımdan Gürcüstan hakimiyyəti tələsməli və prosesin nəzarət altına alınması üçün konkret addımlar atmalıdır.

Tələsmək lazımdır, çünki Qərb öz maraqlarını təmin etmək üçün istənilən vasitəyə əl atmaqda qətiyyətli görünür. Həmçinin ayrı-ayrı ölkələrin xüsusi kəşfiyyat orqanlarının təxribatlar törətmək ehtimalları da kifayət qədər yüksəkdir. Faktiki olaraq Gürcüstanda növbəti "maydan hərəkatı" yaratmaq Gürcüstanda Rusiyaya qarşı ikinci cəbhənin açılmasına nail olmaq və Gürcüstanı xaosa qərq etmək bahasına da olsa, öz maraqlarını təmin etmək istəyən Qərb var. Ona görə də, hakimiyyət tələsməli və konkret addımlar atmalıdır”.

Müəllif: Səbinə Hüseynli
Chosen
15
sia.az

1Sources